VI məqalə
Bizim birliyimiz əbədidir. Biz sarsılmaz birlik yaratdıq, ancaq siyasət elə sahədir ki, hər gün çalışmalısan boşluq olmasın, ara yaranmasın, kimsə bu araya girməsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Transregional dəhlizlər
XXI əsr, sözün həqiqi mənasında, “nəqliyyat dəhlizləri” terminini müasir geosiyasətin əsas faktorlardan birinə çevirilmişdir. Qlobal miqyasda müxtəlif xarakterli böhranlar kəskinləşəndə nəqliyyat dəhlizləri aktual və aktiv müzakirə mövzusu olur. Çünki nəqliyyat dəhlizləri, faktiki olaraq, dövlətlərarası əlaqələrin başlıca təminedici “arteriyaları” funksiyasını yerinə yetirir. İndiki dövrdə böhranlar isə başlıca olaraq dövlətlər və ya regionlararası münasibətlərdə meydana gələn (və ya gətirilən) ixtilaflardan yaranır. Həmin ixtilaflar sabitliyi pozur, sabit və təhlükəsiz hərəkətlərə ciddi maneə yaradır. Faktiki olaraq regionlararası geosiyasi məkanın bütövlüyü pozulur.
Belə olan halda ön plana elə mühitin yaradılması məsələsi çıxır ki, onun daxilində kəsintisiz, təhlükəsiz və sabit hərəkəti təmin etmək mümkün olsun. Bu tələb iri sərmayəçilərin də seçim etməsini şərtləndirir. Onlar yalnız sabit, təhlükəsiz və səmərəli fəaliyyətin mümkün olduğu məkanlara yatırım edirlər. Beləliklə, geosiyasi məkanın coğrafi bütövlüyü aspekti ilə siyasi, iqtisadi, maliyyə, kommunikasiya və başqa aspektləri arasında sıx əlaqənin nəzəri obrazının təhlili xeyli aktuallaşır.
Burada elə kommunikativ mühit yaratmaq lazım gəlir ki, hazırlanmış layihələri həyata keçirmək mümkün olsun. Həm də bu zaman milli təhlükəsizlik faktorunun tələbləri ödənsin. Yəni, məsələn, əgər enerji layihəsindən söhbət gedirsə, enerji təhlükəsizliyi ilə milli təhlükəsizlik bir-birini şərtləndirməlidir. Bu şərt ödənmədikdə ən faydalı enerji layihəsi belə tam reallaşa bilmir. Çünki bu layihəni həyata keçirən dövlət öz milli təhlükəsizliyini təmin etməkdə çətinlik çəkir ki, sonucda enerjidən gələn maliyyənin faydası olmur.
Məsələ nəqliyyat faktorunun bir regionun sərhədlərini aşanda daha da qəlizləşir. Çünki transregional mühitdə sabitliyi, təhlükəsizliyi və qarşılıqlı faydalı əməkdaşlığı təmin etmək region üçün nisbətən ikiqat çətindir. Səbəbi regionlar arasında, birincisi, geosiyasi aspektdə fərqli dinamikanın olması, ikincisi, təhlükəsizliyi təmin etmənin fərqli modellərinə ehtiyacın yaranması və nəhayət, etibarlı tərəfdaş müəyyən etməyin riskləri ilə bağlıdır.
Bütün bunlar hər şeydən öncə, “transregional mühit” anlayışının geosiyasi mənasını müəyyən etməyi aktuallaşdırır. Bunun fonunda transregional mühitdə uğurlu ola biləcək yolun – dəhlizin yaradılmasını zəruri edir. Bu iki faktorun qarşılıqlı təsiri nəzərdə tutulan layihənin geosiyasi-nəzəri aspekti ilə praktiki tərəfinin ahəngdarlığını tələb edir. Bizcə, transregional dəhlizlərin geosiyasi faktora çevrilməsi mexanizmi məhz bu məqamla bağlıdır. Məharətli lider, siyasətçi, diplomat transregional dəhlizin reallaşmasının uğurlu geosiyasi kontekstini düzgün müəyyən etməlidir! İlham Əliyev bu sahədə ən böyük uğurlar qazanmış lider-siyasətçi və dövlət başçısıdır. Bu tezisin təsdiqi Qarabağ Bəyannaməsinin ruhu və konkret müddəalarında ifadə olunmuşdur.
Qarabağ Bəyannaməsi və transregionallıq
Transregionallıq faktoru Qarabağ Bəyannaməsinin bir neçə bəndində konkret məsələlər üzrə öz əksini tapmışdır. Biz, öncəki məqalədə Bəyannamənin 4-cü bəndində “transregional dəhliz” ifadəsinin yer aldığını vurğulamışıq. 5-ci bənddə yazılır: “Ticarət həcmlərini artırmaq, limanlara, dəmir yollarına, avtomobil yollarına və logistika qovşaqlarına infrastruktur investisiyalarını cəlb etməklə dayanıqlı inkişaf, iqtisadi rifah və beynəlxalq ticarət üçün təməl daşı kimi Avropa-Türkiyə-Cənubi Qafqaz-Mərkəzi Asiya-Çini birləşdirən Trans-Xəzər Beynəlxalq Şərq-Qərb Orta dəhlizi vasitəsilə üzvlər arasında regional əlaqəni və inteqrasiyanı gücləndirmək...”.
Deməli, Qarabağ Bəyannaməsi “transregional” anlayışının geosiyasi aspektdə anlamını da verir. Bu anlamda Türk Dövlətləri Təşkilatının (TDT) Avropa (Türkiyə daxil), Cənubi Qafqaz, Mərkəzi Asiya və Çin regionlarını birləşdirən dəhliz yaratması çaları da vardır. Bu cür transregionallığın konkret dörd regionu əhatə etməsi TDT-nin multiregional miqyasda fəaliyyətini çox vacib hesab etdiyi anlamını verir. Həmin bağlantının yaradılması da Trans-Xəzər Beynəlxalq Şərq-Qərb Orta Dəhlizi vasitəsi ilə həyata keçirilməlidir.
Bu, o deməkdir ki, Qarabağ Bəyannaməsi həm hansı regionları əhatə edən “transregional geosiyasi anlamı” əhatə etdiyini, həm də bu prosesin aparılmasının dəqiq marşrutunu göstərir. Avropadan başlayıb, Qafqazdan keçən və Mərkəzi Asiya ilə Çini əhatə edən transregional məkan Orta dəhliz vasitəsilə bir-birinə bağlanmalıdır. Bu marşrutda əsas olaraq TDT coğrafiyası vardır. Yəni TDT transregional bağlantının qurulmasının başlıca stimulverici və təminedici faktor rolunu oynamalıdır.
TDT-nin bu şərti irəli sürməsi üçün bütün imkanları vardır. Həmin məqam Qarabağ Bəyannaməsində dəqiq ifadə edilmişdir. Orada yazılmışdır ki, transregional bağlantını təmin etmək üçün “Trans-Xəzər Beynəlxalq Şərq-Qərb Orta dəhlizi vasitəsilə üzvlər arasında regional əlaqəni və inteqrasiyanı gücləndirməyə və nəqliyyat əməliyyatlarını, gömrük prosedurlarını optimallaşdırmaq və rəqəmsallaşmanı əhatə etmək üçün üzv dövlətlər arasında sıx əməkdaşlığa çağırırlar”. Məqsəd isə transregional məkanda “ticarət həcmlərini artırmaq, limanlara, dəmir yollarına, avtomobil yollarına və logistika qovşaqlarına infrastruktur investisiyalarını cəlb etməklə dayanıqlı inkişaf, iqtisadi rifah və beynəlxalq ticarətə” nail olmaqdan ibarətdir.
Qarabağ Bəyannaməsində qarşıya qoyulan bu möhtəşəm vəzifənin öhdəsindən gəlmək üçün hər bir TDT üzvünün vəzifəsi də müəyyən edilmişdir. Konkret olaraq, TDT üzvləri “bu məqsədlə nəqliyyata məsul olan nazirlərə nəqliyyat və tranzit prosedurlarının optimallaşdırılması və rəqəmsallaşdırılması, daha çox yükdaşıma həcminin artırılması məqsədilə özəl sektor üçün stimullaşdırıcı mexanizmlərin təqdim edilməsi və dəhliz boyu müntəzəm nəqliyyat xidmətlərinin yaradılması istiqamətində gələcək addımların atılmasını tapşırırlar”. Bu məsələdə Bakı-Tbilisi-Qars və Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu layihələrinin təşviqi ayrıca aktuallıq kəsb edir.
Maraqlı məqamlardan biri ondan ibarətdir ki, transregionallıq kontekstində nəqliyyat-kommunikasiya anlamını TDT geniş aspektdə götürür. Bura yuxarıda vurğulanan nəqliyyat-loqistika növləri ilə yanaşı, Rəqəmsal İpək Yolu və süni intellekt layihələri də daxildir (Qarabağ Bəyannaməsinin 14-16-cı bəndləri).
Aydın olur ki, Qarabağ Bəyannaməsi transregionallıq miqyasında ciddi və əhatəli proqramlar yerinə yetirmək əzmini ifadə etməkdədir. Təbii ki, bu əzmin əsaslı geosiyasi mənası da vardır.
Qarabağ Bəyannaməsinin geosiyasi mənası
Bəyannamənin transregional kommunikasiya aspektində funksional imkanlarını araşdırarkən maraqlı məqamlara rast gəlinir. Orada TDT yaxın perspektiv üçün perspektivli və əsas təşkilat statusunda verilir. Bu da o deməkdir ki, TDT geniş bir geosiyasi məkanda aparıcı rol oynamağı planlaşdırır. Həmin aspektdə TDT-nin Aİ, Rusiya, Çin və İran kimi böyük güclərlə münasibəti məsələsi daha da aktual görünür. Bəyannamənin ruhundan və məzmunundan görünür ki, TDT həmin güclərin heç biri ilə intriqaya və yarışa girmək fikrində deyil. Əksinə, çox maraqlı və əhəmiyyətlidir ki, məhz TDT onlar arasında müsbət mənada “geosiyasi körpü” rolunu oynamağa hazırdır.
Bu rolu abstrakt (və ya mücərrəd) səviyyədə deyil, enerji, nəqliyyat, loqistika, informasiya, ən müasir texnologiyalar sahəsində konkret layihələr üzrə əməkdaşlıqda həyata keçirmək əzmindədir. Bunun üçün Azərbaycanın indiyə qədər həyata keçirdiyi müxtəlif xarakterli layihələr baza rolunu oynaya bilər. Onların inkişaf etdirilməsi və yeni platformaların hazırlanması TDT-nin transregional geosiyasi əməkdaşlıq üçün ən uyğun format olduğunu təsdiq edəcəkdir.
Bundan başqa, TDT birlik formatının multiregional miqyasda səmərəli qarşılıqlı faydalı əməkdaşlığın gözəl nümunəsi olduğuna əminlik yaranacaqdır. Çünki, birincisi, TDT uzun müddətdir ki, ziddiyyətlərdən əziyyət çəkən bir neçə regionu qarşılıqlı anlaşma müstəvisinə gətirəcəkdir, ikincisi, Orta dəhliz vasitəsilə geniş bir geosiyasi məkanda kommunikasiya infrastrukturunun tam açılmasına ciddi təkan verəcəkdir, üçüncüsü, Zəngəzur dəhlizinin işə salınması böyük tarixi ədalətsizliyi – Türk dünyasının quru yolunun olmamasını aradan qaldıracaqdır, dördüncüsü, bir neçə regionda milli təhlükəsizliyin əsaslı təminatı mexanizminin işləməsinə möhkəm təməl yaradacaqdır.
Qarabağ Bəyannaməsinin bu səviyyədə geosiyasi anlamı həm də TDT-nin gələcəyi ilə bağlı bir sıra proqnozları verməyə əsas yaradır.
TDT-nin gələcəyi
Məsələnin bu tərəfi də bizim üçün çox əhəmiyyətlidir. İndi dünyada regional və transregional miqyaslı əməkdaşlıq formatları az deyildir. Onları müxtəlif fəaliyyət istiqamətləri üzrə təsnif etsək, yüzlərlə nümunə alınar. Özü də bu proses Amerikadan Uzaq Şərqə qədər geniş bir coğrafiyanı əhatə edir. Nəticədə indiki mərhələdə regional əməkdaşlıqdan regionlararası əməkdaşlıq formatına keçid üstünlük təşkil etməyə başlayır. Bu isə o deməkdir ki, həmin növ təşkilatlar üçün regional formatla multiregional formatın sintezi vacibdir. Digər tərəfdən isə rəqabətə davamlı əməkdaşlıq mühtinin formalaşdırılması vacibdir.
Bu iki faktorun qarşılıqlı təsirləri şərti ilə TDT-nin perspektivlərini proqnozlaşdırmaq vacibdir. Qarabağ Bəyannaməsi bu baxımdan nikbin qənaətə gəlmək imkanı verir. Onun təməl prinsiplərinin Şuşa Bəyannaməsindəki prinsiplərlə uyğunluq və məntiqi ardıcıllıq təşkil etməsi, həm də müəyyən uğurlu təcrübənin mövcudluğunu nümayiş etdirir. Belə ki, Şuşa Bəyannaməsi çərçivəsində Azərbaycan və Türkiyə müttəfiqliyi çox ciddi və qalıcı uğurlar gətirmişdir. Bu təcrübənin, bütövlükdə, Türk dünyasına tətbiq edilməsi qarşısında heç bir maneə yoxdur.
Qarşıya qoyulan məqsədin reallaşması mexanizmləri də dəqiq müəyyən edilmişdir. Demək olar ki, TDT artıq hər bir situasiyadan optimal çıxış yolu tapa bilən çevik işlək mexanizmə malikdir.
Bu məqamları ümumiləşdirəndə Qarabağ Bəyannaməsini TDT-nin yaxın perspektiv üçün inkişafın və inteqrasiyanın uğurlu nümunəsi olduğunun təsdiqi kimi də təsəvvür edə bilərik. Şübhə yoxdur ki, bu prosesi də türk dövlətləri uğurla başa çatdıracaqlar.
Bundan sonra növbəti mərhələ başlamalıdır. Həmin mərhələnin “yol xəritəsi”ni isə “Azərbaycan Bəyannaməsi”nin müəyyən edəcəyi istisna deyildir!
Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru