Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Mirvarid Dilbazi Poeziya Məclisi" İctimai Birliyinin 2024-cü il kiçik qrant müsabiqəsində həyata keçirdiyi ''Azərbaycan kəlağayılarının təbliği'' layihəsi çərçivəsində Qazax şəhərinin mərkəzində yerləşən Ədəbiyyat Muzeyində kəlağayıdan bəhs edən konsert keçirilib.
Konserti giriş sözü ilə Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin sədri, Kəlağayı Muzeyinin direktoru, layihə rəhbəri Güllü Eldar Tomarlı açaraq, qonaqları salamlayıb. Torpaqlarımızın azadlığı, ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Güllü Eldar Tomarlı "Mirvarid Dilbazi Poeziya Məclisi" İctimai Birliyinin 2024-cü il kiçik qrant müsabiqəsində həyata keçirdiyi "Azərbaycan kəlağayılarının təbliği'' layihəsi çərçivəsində Bakı, Gəncə, Qazax, Şəki və Şamaxı rayonlarında kəlağayıdan bəhs edən konsertlərin keçirildiyini bildirib. Güllü Eldar Tomarlı qeyd edib ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın misilsiz xidmətləri, yorulmaz səyləri nəticəsində ölkəmizin 23 qeyri-maddi mədəni irs nümunəsi YUNESKO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilmişdir. Onlardan biri də ənənəvi 24-28 noyabr 2014-cü il tarixdə Parisdə keçirilən Qeyri-maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 9-cu siyahısında Kəlağayı sənəti və simvolizmi, qadın ipək baş örtüklərinin hazırlanması və istifadə olunması UNESCO-nun Qeyri-maddi Mədəni İrs üzrə reprezentativ siyahısına daxil edilmişdir. Bu münasibətilə 26 Noyabr – Azərbaycan Kəlağayısı Günü kimi qeyd olunur. Kəlağayı tariximiz, mədəniyyətimiz, yaraşığımızdır! Kəlağayı – Azərbaycanda qadınlara məxsus, ipək sapdan toxunmuş dördkünc formalı baş örtüyüdür. Ölkəmizin qərb zonasında buna “çarqat” da deyilir. Bu örtük gözəllik, ismət, ləyaqət, ehtiram, sədaqət rəmzi olmaqla yanaşı, özündə Odlar Yurdu Azərbaycanın qədim tarixini, mədəniyyətini, adət-ənənələrini yaşadır. Kəlağayı istehsalı Azərbaycanda qədimdən məlumdur. Təbriz, Gəncə, Şamaxı, Şəki, Naxçıvan şəhərlərində yüksək keyfiyyətli kəlağayılar hazırlanırdı. Bu baş örtüyünün bir çox bölgələrdə istehsal olunmasına baxmayaraq, kəlağayı şimal qərbdə yerləşən İsmayıllı rayonun Basqal qəsəbəsində və Şəki şəhərində daha geniş yayılmışdır.
''Azərbaycan kəlağayılarının təbliği'' layihəsi çərçivəsində kəlağayıdan bəhs edən konsert və sərgilərin təşkil olunmasında da əsas məqsəd milli atributlarımızdan olan, analarımızın ismət rəmzi sayılan kəlağayını, kəlağayı sənətini yaşatmaq, təbliğ etməkdir. Layihə rəhbəri Azərbaycanın müqəddəs atributlarından biri olan, analarımızın, nənələrimizin yaraşığı olan kəlağayı haqqında keçirilən tədbirlərin sevgilərlə, heyranlıqla, alqışlarla qarşılandığından qürur duyduğunu deyib. O, çıxışında kəlağayımıza dövlət səviyyəsində qiymət verildiyini, dünyada tanıdılması istiqamətində məqsədyönlü işlər görüldüyünü bildirib. Azərbaycan xalqının milli-mənəvi dəyərlər sistemində və adət-ənənələrimizdə ən mühüm mədəniyyət nümunələrimizdən olan kəlağayının əvvəlki şan şöhrətini özünə qaytarmaq üçün təbliğinə böyük ehtiyac olduğunu vurğulayıb. 2024-cü il Azərbaycan kəlağayısının beynəlxalq səviyyədə tanınmasının 10 illiyi qeyd olunur. Bu münasibətilə birliyimiz tərəfindən konsert proqramları və qədimi kəlağayıların sərgisini keçirərək, kəlağayımızı əvvəlki şan-şöhrətini özünə qaytarmaqla yanaşı yeniyetmə və gənclər arasında istifadəsini daha da artırmağa nail olmağa çalışırıq.
Sonra Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında ictimai, siyasi və humanitar məsələlər şöbəsinin məsləhətçisi Gülnar Quliyevaya söz verildi. O, öz çıxışında kəlağayımızın tarixindən, istifadə qaydalarından, istehsalından danışdı. O, qeyd etdi ki, bu gün gənclərimiz nənələrin yadigarı kəlağayımızı sevərək milli dəyər kimi istifadə edirlər. Əlbəttə ki, bu da azərbaycan kəlağayılarının təbliğinin nəticəsidi. Nənələrin kəlağayıları sandıqdan azad olub qız - gəlinlərimizin yaraşığı olub.
AYB- nin Qazax filialının rəhbəri, Əməkdar İncəsənət Xadimi Barat Vüsal kəlağayının təbliğinin vacibliyindən geniş söhbət açdı, nənələrimizin abır-ismət mücəssəməsi kəlağayının bu günə, bu gündən sabahlara ötürülməsinin önəmli olduğunu qeyd etdi.
Əməkdar mədəniyyət işçisi, aşıq Solmaz Kosayevaya çıxış edərək bildirib ki, kəlağayı milli adət-ənənələrimizdə əvəzsiz yeri olan baş örtüyüdür, xanımlarımızın qeyrət simvoludur. Onun təbliği, yaşadılması, gələcək nəsillərə ötürülməsi üçün bu layihənin çox önəmli və vacib olduğunu bildirib. Daha sonra ifası ilə tamaşaçıların könlünü oxşayıb.
Tədbirdə Mirvarid Dilbazi Poeziya Məclisinin üzvləri- Brilyant Atəş, Mələk İsmayıl, Güləndam Dağlarqızı kəlağayı haqqında yazdıqları şeirləri səsləndriblər. Təqaüdçü müəllim Bəsti Ələkbərova, Qazax rayon MKS- nin Qazaxbəyli kənd kitabxana filial müdiri Sevinc Alməmmədova, Tamella Poladlı, Qulu Xaləddinoğlu, Elman Yolçiyev Rəhim Rəhimli kəlağayı haqqında xatirələrini, fikirlərini söyləyiblər..
Aşıq Samir Qazaxlı, Ömər Nəsibov, Məhəmməd Əlivəliyev saz havaları ilə tamaşaçılara xoş ovqat bəxş ediblər. Qazax rayon 2 saylı musiqi məktəbinin muğam üçlüyünün - tarda Pərvin Hüseynov, kamançada Nərmin Qurban, Samir Mehdizadənin ifası maraqla qarşılandı.
Kəlağayıdan bəhs edən Azərbaycan Respublikası Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Mirvarid Dilbazi Poeziya Məclisi" İctimai Birliyi tərəfindən hazırlanmış “Azərbaycan kəlağayısının təbliği” adlı konsert proqramında səslənən rəngarəng musiqi töhfələri, saz havaları, kəlağayı haqqında şeirlər tamaşaçılar tərəfindən sevgilərlə, alqışlarla qarşılanıb. Sonda Güllü Eldar Tomarlı maddi dəstək üçün Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə, təşkilatı dəstək üçün Qazax şəhər İcra Hakimiyyətinə, Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinə, Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının sədri Barat Vüsala təşkilati dəstək üçün təşəkkürlərini bildirib.