Milli dilçiliyimizin “Dədə Qorqud”u

post-img

Əbdüləzəl Dəmirçizadə – 115

Görkəmli dilşünas alim, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Dövlət mükafatı laureatı, filologiya elmləri doktoru, professor Əbdüləzəl Dəmirçizadə 115 il əvvəl – 1909-cu ildə Şəkidə anadan olub. Erkən yaşlarından şeir və hekayələr yazsa da, tənqidi məqalə və bədii oçerklər müəllifi kimi fəaliyyətə başlasa da, sonra görkəmli dilçi alim kimi Azərbaycan elminə adını əbədi həkk edib.

Gənc Əbdüləzəl ADU (indiki BDU) pedaqoji fakültəsində Bəkir Çobanzadə, Əbürrəhim bəy Haqverdiyev, Yusif Vəzir Çəmənzəminli, Abdulla Şaiq kimi tanınmış alim və yazıçılardan dərs alıb və elmə ömürlük bağlanıb. Özü də müəllimləri kimi, Azərbaycan dilçiliyinə misilsiz töhfələr verib. 

Görkəmli elm xadiminin yubileyi münasibətilə Mirzə Fətəli Axundov adına Milli Kitabxanada onun  həyat   və fəaliyyətini   əks etdirən “Professor Əbdüləzəl Dəmirçizadə – 115” adlı geniş kitab sərgisi ilə tanış olanların gözləri qarşısında bir daha böyük alimin işıqlı obrazı canlanır. Sərgidə alimin fenomenal araşdırmaları, fundamental elmi tədqiqatları, sanballı monoqrafiyaları, eyni zamanda, haqqında yazılmış Azərbaycan və rus dillərində çoxsaylı ədəbiyyat nümayiş olunur.

Əbdüləzəl Dəmirçizadə özü haqqında yazırdı: “Mən ədəbiyyat, incəsənət və elm sahəsində bir sıra məşhur şəxsiyyətlərlə – Səməd Vurğun, Süleyman Rüstəm, Əbülhəsən, Sabit Rəhman, akademik Həmid Araslı, professor Cəfər Xəndan, Xalq rəssamı Salam Salamzadə və başqaları ilə yoldaş olaraq təhsil almışam… Dilçilik sahəsində əsl tədqiqat aparmaq zərgərlikdir”.

Elm sahəsində istedadlı alim kimi tanınan, Azərbaycan dilçiliyinin işlənilməmiş sahələrini (fonetika, orfoepiya, etimologiya, üslubiyyat, dil tarixi və s.) araşdırmış alimin “Azərbaycan ədəbi dili tarixi xülasələri”, “M.F.Axundov dil haqqında və Axundovun dili”, “Azərbaycan dilinin tarixi”, “Azərbaycan ədəbi dilinin inkişaf yolları”, “Kitabi-Dədə Qorqud” dastanının dili”, “Azərbaycan dilinin tarixi qrammatikası” və s. kitabları yalnız Azərbaycan deyil, türk dilçiliyi xəzinəsini də zənginləşdirən nümunələr hesab edilir.

Alimin etimologiya sahəsində araşdırmalarının bəhrəsi olan “50 söz” əsəri (Bakı, 1968) dilimizin tarixini öyrənənlər, tarixçilər, geniş oxucu kütləsi üçün bu gün də öz dəyərini saxlayan kitabdır. Dilçi kadrların yetişməsi sahəsində də Əbdüləzəl Dəmirçizadənin böyük xidmətləri olub. Belə ki, onun rəhbərliyi altında 70-dən çox elmlər namizədi və elmlər doktoru yetişib. Neçə-neçə dilçi  alimin müdafiəsində opponentlik edib.

Tanınmış alim və ziyalıların onun haqqında dedikləri də Əbdüləzəl Dəmirçizadənin görkəmli elm adamı olduğunun sübutudur.

Qəzənfər Kazımov: “Professorun şəxsiyyətinə və əsərlərinə nəzər saldıqda belə bir təsəvvür yaranır ki, elə bil, Azərbaycan dili onun şəxsində öz böyük tədqiqatçısını gözləyirmiş və elə bil, professor Dəmirçizadə bunu duymuş, bu duyğu ilə hər tərəfə qol-qanad açmış, onun ilkin ehtiyaclarını öz zəhmət və istedadı, yuxusuz gecələri hesabına ödəməyi özünə borc bilmişdir”.

Zahid Xəlil: “Ə.Dəmirçizadənin elm cəbhəsindəki sonrakı inkişafı onun bədii yaradıcılığı ilə çox əlaqədardır. O, Azərbaycan dilinin qanun və üslublarını, daxili inkişaf dinamikasını bilməzdən əvvəl – bədii yaradıcılıqla məşğul olarkən – onu dərindən hiss etmişdir. Bu təbiidir. Çünki hiss bilikdən müqəddəmdir; həqiqəti hiss etməyənlər onu başa düşə bilməz, dərk edə bilməzlər”.

Paşa Əfəndiyev: “Onun aramla, səbr və böyük həvəslə oxuduğu mühazirələrin sədaları indi də qulağımdadır. Mühazirələrin müəyyən hissəsini yazdırır və sonra da izah edirdi. O zaman Azərbaycan dilinin tarixinə dair, demək olar ki, çap materialı yox idi. Biz xüsusilə Əbdüləzəl müəllimin “Dədə Qorqud” dastanlarının dilinə aid olan mühazirələrini, demək olar ki, əzbərləmişdik. Dastandan gətirilən uğurlu misallar bizə eyni zamanda dastanın özünü öyrənməyə  kömək göstərirdi. Əbdüləzəl müəllim kafedra müdiri kimi “Kitabi-Dədə Qorqud”dan ixtisas kursu da açmışdı”.

Sonda əlavə edək ki, böyük alim İkinci Dünya   müharibəsi illərində,  Dədə Qorqud dastanları əsasında “Dədə Qorqud” librettosu yazıb və milli operamızın banisi Üzeyir bəy Hacıbəyli bu əsərə baxdıqdan sonra müəllifi təbrik edib. 

Elə onun özünü də söz-sənət dünyamızın Dədə Qorqudu adlandırmaq olar.

Ə.DOSTƏLİ 
XQ

 

Mədəniyyət