Milli Yaylaq Festivalı çərçivəsində “KOB Fest” sərgi-satış yarmarkası keçirilir

post-img

Yarmarkada 100-dən çox mikro və kiçik sahibkarın 1500-dən çox çeşiddə məhsul və xidmətləri təqdim edilir

Göygöl rayonunun Xan Yaylağında keçirilən “3-cü Milli Yaylaq Festivalı” çərçivəsində “KOB Fest” sərgi-satış yarmarkası da təşkil olunub.

AZƏRTAC xəbər verir ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə keçirilən sərgi-satış yarmarkasında KOB subyektləri tərəfindən hazırlanan şəbəkə sənəti, rəssamlıq, xalçaçılıq, taxta oyma, milli musiqi alətləri nümunələri və müxtəlif əl işləri nümayiş olunur.

Mikro və kiçik sahibkarlar tərəfindən istehsal olunan məhsulların satışına dəstək olmaq və onları tanıtmaq, istehsalçılar və təchizatçılar arasında əlaqələrin genişləndirilməsi məqsədilə keçirilən “KOB Fest” sərgi-satış yarmarkasında Göygöl, eləcə də ətraf rayon və şəhərlərdən ümumilikdə 100-dən çox KOB subyektinin 1500-dən çox çeşiddə məhsul və xidmətləri sərgilənir. Həmçinin sərgi-satış yarmarkasında mədəni-əyləncəli proqram da təşkil olunub.

Sərgi-satış yarmarkası iyulun 7-dək davam edəcək.

 

Qeyd edək ki, 2024-cü ildə “KOB Fest” sərgi-satış yarmarkalarının Şəki, Gəncə, Naxçıvan və s. şəhər və rayonlarda keçirilməsi planlaşdırılır. Yarmarkalarda məhsul və xidmətlərini təqdim edəcək mikro və kiçik sahibkarların iştirakı üçün ödəniş nəzərdə tutulmur, bütün xərclər dövlət dəstəyi hesabına qarşılanır. “KOB Fest”lərdə iştirak etmək istəyən KOB-ları, eləcə də ictimaiyyəti məlumatlandırmaq məqsədilə əvvəlcədən yarmarkanın keçiriləcəyi şəhər və rayonlar barədə agentliyin saytında və sosial şəbəkələrdəki səhifələrində məlumat veriləcək.











Mədəniyyət