“Şərqi Zəngəzur – Quruculuq və Böyük Qayıdışın ünvanı” kitabının təqdimatı

post-img

Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında (MEK) yazıçı-publisist Hacı Nərimanoğlunun “Şərqi Zəngəzur – Quruculuq və Böyük Qayıdışın ünvanı” kitabının təqdimatı olub.

MEK-in direktoru Hüseyn Hüseynov tədbirə çıxış edərək yeni nəşr haqqında məlumat verib. Qeyd olunub ki, bu kitab Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Zəngəzur” Cəmiyyətləri İctimai Birliyi tərəfindən həyata keçirilən “Şərqi Zəngəzur – Quruculuq və Böyük Qayıdışın ünvanı” layihəsi çərçivəsində ərsəyə gətirilib. Kitabda Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, sarsılmaz siyasi iradəsi, qətiyyətli sərkərdəlik bacarığı sayəsində xalqımızın və rəşadətli Ordumuzun Vətən müharibəsində qazandığı möhtəşəm Zəfər, dövlət başçısının rəhbərliyi ilə Şərqi Zəngəzur iqtisadi rayonunda başlanan genişmiqyaslı işlər əks olunub. “Prezident İlham Əliyev Şərqi Zəngəzurun bərpasının və Böyük Qayıdışın memarıdır” adlı “Ön söz”lə açılan kitabda Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın 44 günlük tarixi qələbədən bir neçə gün sonra Şərqi Zəngəzur bölgəsinə ilk səfərindən başlayaraq Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonlarında çoxsaylı görüşlərinə, açılış və təməlqoyma mərasimlərinə dair məlumatlar fotolarla təqdim olunub.

Bakı Dövlət Universitetinin kafedra müdiri professor Abbas Abbasov kitabda Vətənimizin ayrılmaz parçası olan Zəngəzurun tarixi keçmişi, Prezident İlham Əliyevin Şərqi Zəngəzur iqtisadi rayonunun yaradılması haqqında qərarının siyasi əhəmiyyəti, nankor qonşularımızın törətdikləri vandalizmin nəticələrinin aradan qaldırılması üçün gerçəkləşən dövlət proqramlarının, reallaşan layihələrin bugünkü mənzərəsi və gələcək perspektivləri, Şərqi Zəngəzurun iqtisadi potensialı, təbii sərvətləri barədə materiallara geniş yer verilməsini müsbət dəyərləndirib.

Şəhid polkovnik Babək Səmidlinin bacısı Röxsanə Səfərzadə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın şəhid ailələrinə diqqət və qayğısının kitabda geniş sənədli yazılı materiallarla, fotolarla əks olunmasını razılıqla qeyd edib. Bildirib ki, MEK-də yaradılmış Qarabağ müharibəsi qəhrəmanları fondunda müəllifin “Şəhidlər”, “Qardaşlığın Zəfəri” kitabları ilə yanaşı bu nəşr də öz layiqli yerini tutacaq.

XQ





Mədəniyyət