Niderlandda yaşayıb-yaradan tanınmış azərbaycanlı jurnalist Vüqar Abbasovun adı Avropa Xəbər Agentliyinin (European News Agency) 30 ən yaxşı jurnalisti (Top 30 ENA-journalisten) siyahısına salınıb.
Soydaşımız 2008-ci ildən Niderlandda yaşayır. Azərbaycanda Qərb Universitetini "Politologiya" ixtisası üzrə bitirib. 1993-cü ildə AzTV-də fəaliyyətə başlayıb və elə o ildə də Azərbaycan Jurnalistlər Birliyinin üzvlüyünə qəbul edilib. Atası da jurnalist olub, “Günün ekranı” xəbərlər proqramında işləyib. Niderlandda xeyli müddət yerli jurnalistlər birliyinin üzvü olub. İkinci təhsilini sosial xidmətlər üzrə alıb.
V.Abbasov qeyd edib ki, niderlandlı dostları ilə birlikdə “Connect” təşkilatı yaradıblar: "Müxtəlif tədbirlərimiz olub ki, bunlar barədə Niderland mətbuatında çoxsaylı məlumatlar gedib. Hazırda təşkilat olaraq fəaliyyətimiz bəzi səbəblərdən yalnız lokal xarakter daşıyır. Artıq bir neçə ildir ki, mərkəzi ofisi Almaniyada olan GNS Press Jurnalistlər Birliyinin üzvüyəm və Avropa Xəbər Agentliyi ilə əməkdaşlıq edirəm. Jurnalistlər birliyinin Avropa üzrə 8 min üzvü, agentliyin isə 146 əməkdaşı var. Mənim üçün olduqca xoş oldu ki, adım agentliyin 30 ən yaxşı jurnalisti siyahısına salınıb".
XQ