Azərbaycanlı bəstəkar və pianoçu Şahin Növrəslinin Parisin “Louis Vuitton” Fondunda uğurlu konserti olub. Bu konsertlə bağlı Fransanın "La Gazette" nəşrində maraqlı yazı dərc olunub. Həmin yazını təqdim edirik:
“Muğam”, Azərbaycanın ənənəvi musiqisi və Amerika cazını özündə birləşdirən unikal musiqi aləmi yaradan bu sənətkarı hər kəs alqışlayır. Şahin Növrəsli tez-tez Ari Hoeniq, Natan Pek və Əhməd Camal kimi caz ulduzları ilə birgə çıxış edib. Məhz bu dəfə solo sənətçi kimi o, öz əsərlərini və caz standartlarını ifa etdi.
Şahin Növrəsli 1977-ci il fevralın 10-da Bakıda anadan olub. Erkən yaşlarından Azərbaycan Dövlət Akademik Filarmoniyasında Faiq Mustafayevin rəhbərliyi ilə Simfonik Orkestrlə çıxış edib. Sonra müsabiqə və festivallarda Bax, Bethoven, Motsart və Raxmaninovun əsərlərini ifa edib. O, bəstəkar və pianoçu Vaqif Mustafazadənin yaradıcılığından ilhamlanaraq caza, daha dəqiq desək, onun Azərbaycan es-tradasına, caz-muğama doğru irəliləyib.
1996-cı ildə Şahin Növrəsli Üzeyir Hacıbəyov adına Azərbaycan Milli Konservatoriyasına daxil olub. Peşəkar karyerasına başlayanda Azərbaycan xalq mahnılarını caz üslubunda ifa edərək “Məhəbbət şəlaləsi” və “Min bir gecə” mahnılarını bəstələyib. O, iki albom yazdırıb, ABŞ, İtaliya, Türkiyə və Rusiyada konsertlər verib. Caspian Jazz & Blues Festival (Bakı), Hot Summer Jazz Festival (Minneapolis, ABŞ), Black Sea Cazz Festival (Soçi, Rusiya), Antalya Beynəlxalq Piano Festivalı (Türkiyə), Bakı Caz Festivalı kimi bir çox beynəlxalq yarışmalarda iştirak edib.
O, ilk dəfə Fransaya 2000-ci illərin əvvəllərində azərbaycanlı mədəniyyət mütəxəssisi Aytən Muradovanın təşəbbüsü ilə Parisdə “Studio de l'Ermitage”də təşkil olunan konsertə gəlib. Daha sonra o, 2007-ci ildə Die şəhərindəki Est-Ouest festivalında iştirak edib. Bir sözlə, Fransada da sevilən sənətkardır.”
XQ