Babək Qurbanovun əziz xatirəsinə
Xalq Şairi Osman Sarıvəlli ocağının alim övladı professor Babək Qurbanovun 9 iyunda 85 yaşı tamam olur. Istedadlı alimin ömür yoluna qısaca nəzər saldıqda onun nə qədər sadə, həm də zəngin bir həyat yolu keçdiyinə şahidlik edirik.
Hələ 1967-ci ildə 28 yaşında Estetika üzrə “Musiqi ilə ədəbiyyatın qarşılıqlı əlaqəsi” mövzusunda namizədlik dissertasiyasını, 42 yaşında isə (1981-ci ildə) Moskvada SSRİ Elmlər Akademiyasının Fəlsəfə İnstitutunda doktorluq dissertasiyasını uğurla müdafiə etmiş, 1985-ci ildə SSRİ Ali Attestasiya Komissiyasının qərarı ilə professorluq diplomu almışdı.
Babək müəllim müxtəlif illərdə çalışdığı çox mötəbər qurumlarda - AMEA Fəlsəfə və Hüquq İnstitutu, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Ərzurum Atatürk Universiteti, Qaziantep Universiteti Türk Musiqisi Dövlət Konservatoriyasında elmi - pedaqoji fəaliyyətindəki uğurlu nailiyyətləri ilə fərqlənmişdir. Dünyanın çox ölkələrdə keçirilən (Moskva, Sankt-Peterburq, Kiyev, Donetsk, Varna, Stokqolm, Tiflis, Vilnyüs, İrəvan, Daşkənd, Bakı, Gəncə, Ankara, Bursa, Bolu, Konya, Van, Ərzurum, Qars, Antaliya, Niğdə, İstanbul, Diyarbakır, Sivas, Ankara, Nevşəhər, Şanlı Urfa, Ardahan, Kosova, Makedoniya və s.) otuzdan çox beynəlxalq elmi konqres və simpoziumlarda aktual mövzularda məruzələri ilə elmi içtimaiyyətin diqqət mərkəzində olmuşdur. Babək müəllimin ərsəyə gətirdiyi 700-dən çox publisistik və elmi - nəzəri əsərləri (musiqi nəzəriyyəsi, ifaçılığı, heykəltəraşlıq, rəssamlıq, kino sənəti, sənət fəlsəfəsi və s.) fundamental əhəmiyyəti ilə seçilmişdir. Onun Leonardo da Vinçi, Parfenon, Mikel Ancelo, Rafael, Pikasso, Levitan, Lansare, Şişkin, O. Kiprensi və s. kimi dünya sivilasiyasına daxil olmuş sənətkarlara həsr etdiyi elmi araşdırmaları bunu bir daha təsdiq etməkdədir. Babək Qurbanovun A. S. Puşkin, V.Lermontov, S.Yesenin, P.İ.Çaykovski, B. Asafyev kimi rus şair və bəstəkarlarının həyat və yaradıcılığına həsr etdiyi məqalələr də bir daha onun dünya ədəbiyyatı və incəsənətinə dərindən bələd olduğunu təsdiqləyir. Dediklərimiz onun yaradıcılığında dünyaca ünlü sənət dühalarına və örnəklərinə yer vermiş müəllifin tükənməyən yaradıcılıq potensialının göstəriciləridir.
Babək Qurbanovun Türkiyə ilə Azərbaycan arasında mədəni əlaqələrin inkişafı yolunda əvəzi olmayan, ardıcıl və çoxşaxəli fəaliyyət göstərdiyini də fəxrlə və xüsusi vurğu ilə söyləyə bilərik. İki qardaş ölkədə elmi kadrların hazırlanması işində Babək Qurbanovun peşəkarlığını qeyd etmək lazımdır. Fərqli elmi araşdırmalar sahəsində çalışan 33 aspirantın dissertasiya işlərinə elmi rəhbərlik etmiş, onların musiqişünaslıq, sənətşünaslıq, musiqi estetikası sahəsində özlərinin təsdiqinə yaxından kömək etmiş və imkan yaratmışdır.
Ömrünü elmə, mədəniyyətə, incəsənətə, fəlsəfəyə, ədəbiyyata, estetikaya, etikaya, bəstəkarlığa, musiqi nəzəriyyəsinə, ifaçılıq sənətinə, pedaqoji fəaliyyətə həsr etmiş böyük alim, fəlsəfə elmləri doktoru, professor Babək Qurbanovun nurlu xatirəsi onu tanıyan və sevənlərin qəlbində əbədi yaşayacaqdır. Həyatda olsaydı 85 yaşı tamam olacaqdı. Amma böyük şairimiz Səməd Vurğunun dediyi kimi, ölüm sevinməsin. Bəabək müəllim kimi insanları da əməlləri yaşatmaqdadır. Onun fərqli mövzulardakı bəstələrini möhtəşəm ifa edən Gaziantep Universitetinin professoru Əfqan Zəki Salehin professional ifası və tələbəsi Bəkir Yolaçanın ona həsr edərək 2016 ildə lentə aldığı “Qürbətin musiqisi” adlı filmi ilə Babək müəllimə əbədi bir həyat bəxş etdilər. Ruhun şad olsun, Ustad. Böyük Türk dünyasının mədəniyyət və incəsənətinə töhvə etdiyin dəyərli əsərlərin ilə də hər zaman ehtiramla yad ediləcəksən.
İlqar İMAMVERDİYEV
Türkiyənin Gaziantep Universitetinin professoru,
Sənətşünaslıq elmləri doktoru.
Türk musiqisinə Xidmət mükafatcısı