“Zəfər sədası”nın imza günü keçirilib

post-img

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Elmlər Akademiyası parkında təşkil olunmuş III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı (III LitBookFest) çərçivəsində şair-publisist, Səməd Vurğun Poeziya Ocağının rəhbəri, Prezident mükafatçısı Zərəngiz Dəmirçi Qayalının “Zəfər sədası” adlı səkkizinci kitabının  imza günü olub.

Kitabda şairin son dövrlərdə yazdığı, əsasən vətənpərvərlik mövzusuna həsr olunmuş  şeirləri və pomaları toplanıb. Bu əsərlərdə Qarabağ müharibəsinin illərdir insanlara yaşatdığı ağrı-acılar və 44 günlük Vətən müharibəsində qazandığımız şanlı qələbənin müjdəsi tərənnüm edilir. Kitabda qalib əsgərlərimiz, ölməz şəhidlərimiz, onların misilsiz qəhrəmanlıqları da yer alıb. 

Qeyd edək ki, kitab müəllifin bacısı, Milli Ordunun könüllü döyüşçüsü, Qazax rayonunun ilk qadın snayper atıcısı Vəfa Dəmirçioğlunun əziz xatirəsinə həsr olunub.

Sonda xatırladaq ki, festival Beynəlxalq Türk Müəllifləri Birliyinin (BTMB) təşkilatçılığı, Mədəniyyət Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Milli Məclisin Mədəniyyət komitəsi, TÜRKSOY, Türk Mədəniyyəti və İrsi Fondu, AMEA, Bakı Şəhər İcra Hakimiyyəti, Beynəlxalq Türk Akademiyası, TİKA və digər qurumların dəstəyi ilə təşkil olunmuşdu. Bu dəfəki kitab bayramı tanınmış şair və yazıçıların, elm, ədəbiyyat, incəsənət xadimlərinin, AMEA-ın görkəmli alim və ədəbiyyatşünaslarının, Türkiyədən gəlmiş sənət adamlarnın kitabsevərlərlə görüşləri,  panel iclasları, poeziya saatları, “İmza günü” və kitab təqdimatları ilə yadda qaldı. 





Mədəniyyət