Yanardağın əbədi alovu kimi...

post-img

Abşeron qədim türk məskənlərindəndir. Bu ulu diyarın toponimi Abbasqulu Ağa Bakıxanovun "Gülüstani-İrəm" əsərində “Əfşəran” şəklində yazılıb. Za­man-zaman Abşeronda istedadlı sənətkarlar yetişib, milli mədəniyyətin zəngin­ləşməsinə töhfələr veriblər. 

Yarımadanın hər qarışında tarixin izi var. Qalalar, mağaralar, türbələr dünəni­mizə şahidlik edir. Tarixi XIV əsrdən baş­lanan və İpək yolunun üzərində yerləşən Xırdalanda böyük karvansaraylar olub. Mərdəkan qalalarının yazılı daş qəlpəsi Sankt-Peterburqdakı Ermitaj muzeyində saxlanır. “Bir qalanın sirri”, Koroğlu”, “Nə­simi” və “Babək” filmlərinin əsas kadrları burada çəkilib. Yarımada özünün Rama­na və Nardaran qalaları ilə də məşhurdur. Fatmayıda, Digahda, Masazırda, Hökmə­lidə və Sarayda qədim türbələrin qalıqları mövcuddur. 

Bu məkanın söz-sənət qalaları ucal­dan “memar”ları da çox olub. XX əsrin görkəmli tədqiqatçı və şairi Cəfər Rəm­zinin “Deyilən söz yadigardır” kitabında Bakı-Abşeron ədəbi mühitini təmsil edən 170 şairin tərcümeyi-halı və əsərlərindən nümunələr toplanıb. Azadlıq mücahidi, AXC-nin yaradıcılarından olan Məhəm­məd Əmin Rəsulzadə, filoloq-alim, dövlət xadimi Şıxəli Qurbanov, Xalq şairi Süley­man Rüstəm, akademik Lütfi Zadə, ünlü bəstəkarlar Qara Qarayev və Aqşin Əli­zadə, Xalq rəssamları Əzim Əzimzadə, Qəzənfər Xalıqov və başqaları bu torpaq­da boy atıb, ucalıblar. 

Düz 100 il bundan öncə Xırdalanda dünyaya gəlmiş Xalq şairi Nəbi Xəzri sse­nari müəlifi olduğu “Çiçəklənən Abşeron” sənədli filmində və şeirlərində bu torpağı ürəkdən vəsf edib. 

Başqa zövqü vardır ana diyarın! 

Əsdi göy Xəzərdən yel narın-narın. 

Onun sahilində qayalıqların 

Daşına baş qoyub ölərəm dedim...

Yeri gəlmişkən xatırladaq ki, bir müsa­mirədə Nəbi Babayevin oxuduğu şeir bö­yük ürək sahibi Səməd Vurğunun nəzə­rindən qaçmayıb, gənc şairin istedadını kəşf edib və 1945-ci ildə - 21 yaşında onu təkidlə Yazıçılar İttifaqına üzvlüyə keçirib.

Bu yerlər əruzu təmiz bilən, məc­lisi-şüəralarda bədahətən söz qoşan, qəzəl, meyxana-bədihə tipli ritmik-qafiyəli deyişmələri ilə tanınan xiridarları ilə də məşhurdur. Hələ 19-cu əsrin əvvəllərində Bakıətrafı kəndlərdə şair və xanəndələrin muğam məclisləri keçirilər, Qarabağdan, Şirvandan, hətta İrandan qəzəlxanlar və musiqiçilər qonaq gələrdilər. Özünü Fü­zulinin yadigarı sayan, şeirləri muğamla qoşa yaşayan, Masazırda abidəsi ucaldıl­mış Əlağa Vahidin, Hacı Mayılın, Həkim Qəninin, Ələkbər Şahidin... Abşeronun qumu və duzu kimi müalicəvi, ənciri, şanı­sı kimi şirin, dadlı kəlamları bu yurda şöh­rət gətirib. Şairlərin təbi Suraxanı Atəşga­hı, Məmmədli Yanardağı kimi sönməzdir. 

Çağdaş ədəbiyyatın nümayən­dələri Qəşəm Aslan, Məmməd Kazım, Ağacəfər Həsənli, Hafiz Rüstəm, Avdı Qoşqar, Yusif Hüseyn, Məlahət Yusifqı­zı, Günay Umud, Mina Rəşid, Mürvət Həkəri Abşeron ədəbi cameəsindən çıx­mış qələm sahibləridir. Hər birinin bədii fəhmi, poetik hayqırtıları, həzin, lirik pı­çıltıları var. 2012-ci ildə AYB-nin Abşeron filialı yaradılıb. Bölmənin təsis konfran­sında birliyin sədri, Xalq yazıçısı Anar, birliyin katibi, mərhum Xalq şairi Fikrət Qoca iştirak ediblər. Anar deyib ki, Abşe­ron şeir-sənət yurdu kimi həmişə diqqəti cəlb edib, indi də burada çox sayda yaşlı, eləcə də istedadlı gənc yazarlar var ki, diqqətə alınmaları vacibdir. Anar müəllim köçkün kimi Abşerona pənah gətirmiş qələm adamlarının da unudulmamasını yeni yaranan filialın rəhbərliyinə tövsiyə edib.

Bölmənin yarandığı qısa vaxtdan 100-dən çox şair və yazıçı birliyə cəlb olunub. Onların ədəbi uğurları fərəh doğurur. Ya­radıcılıq gecələri, görkəmli şair, bəstəkar və alimlərlə yaddaqalan görüşlər təşkil edilir. Bölmənin yaşlı, xəstə üzvlərinə ev­lərində baş çəkilir. 

AYB Abşeron bölməsinin sədri Şəhla Ağbulud həyata keçirilən kütlə­vi tədbirlərdən də həvəslə danışaraq dedi:

– Son dövrlərdə Xırdalandakı Heydər Əliyev Mərkəzində yüksək səviyyədə yu­bileylər, kitab təqdimatları olub. Heydər Parkında, “Aaaf Parkda” qonaq qismin­də dəvət edilən aşıqların, müğənnilə­rin iştirakı ilə bayramlar, eləcə də kitab sərgiləri, rayon ictimaiyyəti, məktəb və bağça uşaqları ilə görüşlər keçirilib. “Şe­irə qrafik rəsm”, “Mənim dünyam” rəsm yarışması, “Vətənim Qarabağ”, “Abşero­num”, “Heydər Əliyevdən nə öyrəndim”, “Sevdiyim əsərlər” adlı inşa müsabiqələ­ri, qiraət yarışmaları bu qəbildəndir. Eyni zamanda, uşaqların nitq qabiliyyətinin inkişafına kömək edən təlimlər olub. Di­gər rayonların şairləri ilə görüşlər xüsusilə yaddaqalandır. Abşeron Mərkəzi Kitabxa­na Sistemi ilə birgə tədbirlər də maraq doğurur. Hazırda 43 məktəb arasında ke­çirilən “Yaşıl dünya naminə” yarışı sona yetməkdədir. Yerli qələm sahiblərinin ya­radıcılığı mənim baş redaktoru olduğum “Abşeron” qəzetinin səhifələrində və ölkə mətbuatında vaxtaşırı işıqlandırılır.

Bu günlərdə AYB-nin Natəvan klu­bunda Şəhla Ağbuludun “Ağ buludun kölgəsində” adlı kitabının təqdimatı keçi­rilib. Müəllifin bu toplusunda maraqlı he­kayələri toplanıb.

Hafiz Rüstəm uzun illər “Maarif” nəş­riyyatında çalışıb, şeir və poemaları, he­kayə və oçerkləri, ədəbi araşdırma və tər­cümələri diqqət çəkib. Hazırda “Kövsər” nəşriyyatının baş redaktorudur və bölmə­nin fəaliyyətində yaxından iştirak edir. 

Abşeronlu qələm sahib­lərinin ilhamı həmişə Xəzərin sularında ləpələnərək söz abidələrinə, qürur ifa­dələrinə dönsün. 

Əli NƏCƏFXANLI,
AYB-nin üzvü



Mədəniyyət