Qəhrəmanmaraşdan yayılan türk sözü

post-img

Uzun illərdən sonra talelərinə sahib olmuş türk dövlətləri 30 ildən artıqdır ki, həyatın bütün sahələrində əməkdaşlıq imkanlarını daha da genişləndirir, eyni zamanda, müasir dünyada yeni bir qüdrətli birlik qururlar. Bu baxımdan birliyimizə töhfələr verən və Türkiyədən XQ-yə gələn 2 nəşrlə oxucuları tanış edirik: 

“Heca daşları”

Bu günlərdə 111-ci sayı oxuculara təqdim edilən “Heca daşları” Türk dün­yasının, demək olar ki, bütün xalqlarının klassik və müasir nəzm nümunələrini nəşr edən almanaxdır. Azərbaycan şair­lərinin də geniş yer aldığı elektron dərgi Türkiyənin Qəhrəmanmaraş şəhərində nəşrə hazırlanır və artıq bir neçə ildir ki, qardaş xalqların yazarlarını daha geniş bir məkanda tanıdır. 

Dərginin naşiri Teyyub Atmaca 1962-cı ildə Qəhrəmanmaraşda (Kahramanma­raş) doğulub. Ticarət Liseyini bitirdikdən sonra Osmaniyyə Universitetində bizne­sin idarə edilməsi fakültəsində oxuyub. “Güneysu” mədəniyyət, incəsənət və ədə­biyyat jurnalının yaradıcılarından olub və uzun müddət bu jurnalın baş redaktoru vəzifəsini yerinə yetirib. Şeir və esselə­ri “Ardıc”, “Ay vaxtı”, “Bir nöqtə”, “Dolu­nay”, “Ədəbiyyat mühiti”, “Güneysu”, “Qar çiçək”, “Kardelen”, “Qardaş qələmlər”, “Milli Kültür”, “Mina”, “Palandöken”, “Türk Dili, Türk Ədəbiyyatı”, “Yeddi İqlim”, “İti­rilmiş arzular”, “Səyyah” və s. jurnallarda dərc olunub. Qəhrəmanmaraşda yaşayan yazar hazırda Onikişubat Bələdiyyəsində məmur vəzifəsində çalışır.

Teyyub Atmaca Əskişəhərdə “Kırağı” jurnalını, Osmaniyədə Mustafa Özçəliklə birlikdə “Ardıç” mədəniyyət və ədəbiyyat dərgisini nəşr etdirib. Bu gün elektron şə­kildə yayımlanan “Heca daşları” və “Açık­kara” (yumor məzmunlu) adlı jurnalları nəşr edir. Osman Qazi Turaç, Ali Qalip Katırcı, Hasan Basri Meses, Toygar Yon­tar, Mehmet Hartlap, Müsamettin Turp və Kısmet Keven təxəllüsü ilə yazılan yumo­ristik məqalələrin müəllifidir. 

Heca və sərbəst vəznlərində qələm işlədən müəllifin şeir dünyasında türk­cülüyün xüsusi önəmi var. O, aydın və yığcam təsvir vasitələrinə önəm verərək, əsərlərində Anadolu xalqının qəhrəman­lıq və həssaslığını təsvir edir, xalq poezi­yasından, o cümlədən ozan-aşıq ənənə­sinin ifadə üslublarından məharətlə faydalanır. Heca vəznində orijinal əsərlər yaradan azsaylı şairlərdən olan Atmaca müxtəlif illərdə nəşr edilən “Sözün izin­də”, “Yaralı durna”, “Yanmış məktub­lar”, “Uzun incə bir türkü”, ”Sarı kitab”, “Eskişəhərin yaşlanmayan üzləri”, “İçim­də yanan mahnı səndə sönər”, “Aşıqlar məclisi”, “Səssiz danışan gözümü dinlə” kimi 15-dən çox kitabın müəllifidir. 

Naşiri olduğu “Heca daşları” alma­naxında Nizami, Füzuli, Nəsimi, Vaqif kimi klassik şairlərimizlə yanaşı, müasir Azər­baycan ədəbiyyatının Məmməd İsmayıl, Sabir Rüstəmxanlı, Nüsrət Kəsəmənli, Ramiz Rövşən, Vaqif Bəhmənli və digər nümayəndələrinin çoxsaylı ədəbi nü­munələrini görməkdəyik. Nəşrin bu gün­lərdə işıq üzü görən son sayında (https://hecetaslari.com/hecetaslaridergisi/) uzun illərdir Türkiyənin Qaziantep Universite­tində çalışan azərbaycan əsilli professor İlqar Cəmiloğlu İmamverdiyevin “Mənasız mənalı həyat” şeiri də yer alıb. 

“Bulaq başı”

Bu nəşrin ilk sayı bu ilin fevralında Qəhrəmanmaraş vilayətinin Elbistan şəhərində işıq üzü görüb. Yayın rəhbəri şəhər milli təhsil idarəsinin müdiri Fatih Çətin və redakroru Yakup Gumus olan “Bulaq başı” (Pınarbaşı) mədəniyyət, incəsənət və ədəbiyyat jurnalıdır. Şərqi Anadolunun qərbində yerləşən Elbistan kökləri keçmişə gedib çıxan və bir çox sivilizasiyaların beşiyi olmuş bir şəhərdir. Keçmiş sivilizasiyalardan miras qalmış dəyərlər, istər coğrafi gözəllikləri, istər­sə də insani, mədəni və iqtisadi aspekt­ləri baxımından böyük potensiala malik olan Elbistanda nəşr həyatına başlayan dərginin ilk sayı türk şeir, nəsr və fikir dünyasında müstəsna adı olan və Elbis­tanda doğulmuş Əli Akbaşa həsr edilib (file:///C:/Users/Admin/Downloads). 

Əli Akbaş müasir türk ədəbiyyatının sənətə mənəvi bağlılığı ilə seçilən önəmli yazarlarındandır. Ömrünü və yaradıçılı­ğını Türk-İslam dünyasına həsr etmiş Əli Akbaş mübariz döyüşçü ruhu ilə seçildiyi kimi, həm də ürəyi Türk dünyasına və hə­yata sevgi ilə dolu olan bir insandır. Nəş­rin gələçək saylarında da türk dünyasının ünlü sənət adamlarının təqdimatı, əsər­lərinin geniş yer alaçağı vurğulanır. 

Türk mədəni sərvətinin seçilən sima­larından olan Yusuf Hacip “Ölkəni qı­lıncla ala bilərsən, amma qələmlə idarə edərsən” devizi ilə yola çıxan “Bulaq başı” jurnalının yaradıcı heyətinə uğurlar arzulayıb. Biz də əsərləri ilə Türk dünya­sının birliyinə ruh verən şair və yazıçıları birləşdirmək amalına xidmət edən, kökü­müzdən qidalanan sənətə, ədəbiyyata yeni səs, rəng və harmoniya gətirən bir nəşri alqışlayırıq. 

Namiq QƏDİMOĞLU
XQ





Mədəniyyət