Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda Qırğızıstan Xalq yazıçısı Sultan Rayevin “XAN Nəşriyyatı”nda çap olunmuş “Dəlixana” romanının təqdimatı keçirilib.
AYB-nin Ədəbiyyat Fondu və “Hədəf” Şirkətlər Qrupunun birgə layihəsi olan “Türk xalqları ədəbiyyatı” seriyasının bu ilk kitabı həm də müəllifin Azərbaycan dilində oxuculara təqdim edilən ilk əsəridir. Azərbaycan ədəbi cameəsinin tanınmış simalarının toplaşdığı mərasimi AYB sədri, Xalq yazıçısı Anar açaraq, görkəmli qırğız ədibi və eyni zamanda, TÜRKSOY təşkilatının Baş katibi olan Sultan Rayevin kitabının doğma dilimizdə çapını yüksək dəyərləndirdi.
Görüşün aparıcısı, Ədəbiyyat Fondunun baş direktoru, Ümumdünya Yazıçılar Təşkilatının Türk dövlətləri və türkdilli xalqlar bölməsinin katibi Varis Yolçiyev qeyd etdi ki, indiyədək bir neçə dildə çıxmış və hazırda ingiliscəyə də çevrilməkdə olan “Dəlixana” romanı bəşər övladının ruhunun da, əzabının da əbədi olması barədə gözəl bir əsərdir. O, belə bir inamını ifadə etdi ki, Aysel Oğuzun tərcüməsində hasilə gəlmiş bu roman da geniş oxucu kütləsinin marağına səbəb olacaq.
Layihə rəhbərlərindən Azərbaycan Nəşriyyatlar Assosiasiyasının həmtəsisçisi və direktoru Şəmil Sadıq, akademik Nizami Cəfərov, tanınmış kinorejissor, Xalq artisti Vaqif Mustafayev, AYB-nin katibi, yazıçı Elçin Hüseynbəyli, TÜRKSOY-da Azərbaycanın nümayəndəsi Elçin Qafarlı, Mədəniyyət və İncəsənət Universitetinin rektoru, professor Ceyran Mahmudova, kitabın həmredaktorları Yunis Oğuz və Cavid Qədir, filologiya üzrə fəlsəfə doktoru Şərəf Cəlilli, Milli Məclisin Mədəniyyət komitəsinin eksperti, şair Əkbər Qoşalı, sosioloq Əhməd Qəşəmoğlu çıxışlarında Azərbaycan–qırğız ədəbi əlaqələrinin dünəni və bugünündən bəhs etdilər.
Mərasimdə Sultan Rayev TÜRKSOY-a rəhbər seçiləndən sonra beynəlxalq türk mədəniyyəti təşkilatının fəaliyyətində böyük canlanma yarandığı vurğulandı. Təqdim olunan əsərin ideya-estetik yönlərinə işıq salındı.
“Dəlixana” romanının bədii məziyyətləri ilə bağlı qeyd edildi ki, əsərdə yüz illərcə əvvəl ölmüş tarixi şəxsiyyətlərin ruhunu daşıyan 7 nəfərin başına gələnlər təsvir olunur. Onlar bəşər övladının həyatda yol verdiyi günahların cəzasını çəkirlər. Əsərin qəhrəmanları bədəldən qaçmaq üçün çöllərə düşürlər. Müqəddəs torpağın axtarışına çıxır, Musa peyğəmbərin ardıcılları kimi səhrada dolaşmağa başlayırlar. Amma bədən dünyanı tərk etsə də, ruh cəzasını başqa bədənlərdə çəkməyə davam edir. Beləcə, roman tarixin izsiz ötüşmədiyi, bu gün baş verənlərin keçmişlərin nəticəsi, gələcəyin əvvəli olduğu qanunauyğunluğunu ehtiva edir.
Mərasimin sonunda Sultan Rayev əhatəli təqdimata görə minnətdarlığını bildirdi, qardaş xalqlar ədəbiyyatlarının tanıdılması yönümündə TÜRKSOY tərəfindən atılan addımları diqqətə çatdırdı. O, “Dəlixana” romanını yaxşı bildiyi Azərbaycan dilində mütləq oxuyacağını söylədi.
Ə.ƏLİYEV
XQ