Mayın 23-də Baş nazirin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Əhmədovun sədrliyi ilə aidiyyəti nazirlik, komitə və digər təşkilatlar tərəfindən görülmüş işlərin müzakirəsinə dair Komissiyanın növbəti iclası keçirilib.
Komissiyanın sədri Əli Əhmədov bildirib ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı”nda qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi məqsədilə mübarizə tədbirləri gücləndirilib, antinarkotik təbliğin müasir dövrün tələblərinə uyğunlaşdırılması sahəsində müvafiq işlər görülüb, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi ilə əlaqədar məqsədyönlü tədbirlər həyata keçirilib.
Qeyd edilib ki, hüquq-mühafizə orqanları bu ilin dörd ayında 3 min 796 fakt üzrə 2 ton 262 kiloqramdan artıq müxtəlif növ narkotik vasitə və psixotrop maddəni qanunsuz dövriyyədən çıxarıb. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə narkotiklərlə bağlı cinayət faktlarında 196, qanunsuz dövriyyədən çıxarılmış narkotiklərin çəkisində 849 kiloqram azdır.
Dövlət Komissiyanın iclasında Dövlət Gömrük Komitəsi sədrinin müavini Cavad Qasımov, Dövlət Sərhəd Xidməti rəisinin müavini Abbas Xəlilov, səhiyyə nazirinin müavini Nadir Zeynalov, Salyan Rayon İcra Hakimiyyətinin başçısının müavini, Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə rayon komissiyasının sədri Rəşad Cəbrayılov, Şirvan Şəhər İcra Hakimiyyətinin başçısının müavini, Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə şəhər komissiyasının sədri Orxan İbrahimov təmsil etdikləri qurumlar tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı aparılan mübarizə tədbirlərinin və narkotik asılılığı olan şəxslərin sayının azaldılması üçün görülən işlərin vəziyyəti, bu sahədə qarşıda duran vəzifələr barədə məlumat veriblər.
XQ