Ölkəmizdə ziyarətçilərin marağına səbəb olan muzeylər az deyil. Bunlardan biri də paytaxtın Bayıl bulvarında yerləşən, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin tərkibində fəaliyyət göstərən dünyanın ilk tanker-muzeyi – “Suraxanı” Gəmi Muzeyidir.
“Uzunluğu 123.5 metr, dedveyti (beynəlxalq dəniz ticarətində istifadə olunan ölçü vahidi) 4696 ton olan “Suraxanı” tankeri Xəzər dənizində 1957-ci ildən istismara verilib. 2017-ci ildə onun muzeyə çevrilməsi ilə bağlı qərar qəbul edilib. 2021-ci ildə isə Prezident İlham Əliyevin iştirakı ilə muzeyin açılışı olub. Bununla əlaqədar gəmidə əsaslı təmir və yenidənqurma işləri həyata keçirilib.
Ziyarətçilər burada Xəzərin tarixi, Abşeronda neft hasilatı, gəmiçiliyin inkişafı, dünyada ilklərdən sayılan gəmilər, dəniz nəhəngləri, gəmiçiliyin ayrılmaz atributlarından olan naviqasiya alətləri, gəmilərin istismarı zamanı istifadə edilən avadanlıqlarla yaxından tanışlıq imkanı qazanırlar.
Dünyada ilk olan tanker-muzey yerli sakinlər və bu tarixi məkana maraq göstərən turistlərə ölkəmizdə gəmiçiliyin tarixi, qəhrəman dənizçilərimizin rəşadətli əməyindən söhbət açır. Gəmi-muzeyin beynəlxalq standartlara cavab verməsi məqsədilə 100-dən çox nüfuzlu xarici və yerli şirkətlə də layihələr işlənib hazırlanıb.
Muzeydə ekskursiyalar 4 dildə – Azərbaycan, rus, ingilis və nitq məhdudiyyətli şəxslər üçün işarət dilində aparılır. Bura əsasən, uşaqlar, valideynlər, tələbələr, qazilər, veteranlar, dənizçilər və onların ailə üzvləri, yaxınları gəlirlər. Yay aylarında isə muzeyə turist axını daha çox olur. Muzeyin “Fəxri qonaqlar” kitabı da var.
Muzey, həmçinin başqa yerli muzeylərlə – Milli Azərbaycan Tarix Muzeyi, Milli İncəsənət Muzeyi, Milli Xalça Muzeyi və digər muzeylərlə əməkdaşlıq edir. Muzeyin zallarında ən müasir texnoloji həllər tətbiq olunub. Burada oyun manipulyatorları vasitəsilə yanalma əməliyyatını müstəqil şəkildə yerinə yetirmək mümkündür. Muzeydə təlimlər də keçirilir. Dənizçilik Akademiyasının müəllimləri burada tələbələr və gəminin ziyarətçiləri üçün gəmiçiliklə bağlı mühazirələr təşkil edirlər.
Gəmi-muzeydə paytaxt sakinlərinin zövqünü oxşayan milli və Avropa mətbəxinin təamları hazırlanan restoran da fəaliyyət göstərir. Burada Milli mətbəximizlə yanaşı, dəniz məhsullarından hazırlanmış yeməklərə daha çox üstünlük verilir. Muzeydə xüsusi aksesuar və elementlər vasitəsilə romantik dənizçilik ab-havası yaradılıb. Yay mövsümündə isə açıq havada (gəmi göyərtəsində) yaradılan məkan ziyarətçiləri dənizçilik dünyasına sanki səyahətə aparır.
Qeyd edək ki, seyrçilər “Suraxanı” Gəmi Muzeyinə aid maraqlı suvenirləri sahildə yerləşən xüsusi konteynerdən əldə edə bilərlər.
Fidan SALMANOVA,
Elşən AĞALAROV (foto),
XQ