Bu ilki beynəlxalq gün “Muzeylər, təhsil və tədqiqat” mövzusuna həsr edilib
Artıq yarım əsrə yaxındır ki, dünyanın muzey işçilərinin bayramı qeyd olunur. Xalqlar arasında mədəni mübadilə və əməkdaşlığın inkişafına kömək şüarı ilə keçirilən bu gündə muzeylər mənəvi dəyərləri toplayan, qoruyan və təbliğ edən müəssisələr kimi layiqincə qiymətləndirilir.
Azərbaycanda da muzeylər cəmiyyətin həyatında çox mühüm rol oynayır. Düz 105 il əvvəl – 1919-cu ildə dövlət səviyyəsində təməli qoyulmuş ilk milli muzey Azərbaycan Dövlət Muzeyi kimi fəaliyyətə başlayıb. Sonra onlarla muzey yaradılıb. 2000-ci il martın 24-də “Muzeylər haqqında” AR Qanunu qəbul olunub. Hazırda ölkəmizdə 60-a qədər ümumi və xatirə muzeyi, 72 tarix-diyarşünaslıq muzeyi və 30-dan artıq ev-muzeyləri mövcuddur.
Ulu öndər Heydər Əliyev respublikada muzeylər şəbəkəsinin genişləndirilməsini, onun maddi-texniki bazasının gücləndirilməsini daim diqqətdə saxlayıb. Azərbaycan mədəniyyətinin görkəmli simalarının memorial-xatirə, mənzil, bölgələrdə tarix-diyarşünaslıq muzeyləri məhz ulu öndərin şəxsi təşəbbüsü sayəsində yaradılıb. Hazırda ölkəmizin bütün şəhərlərində Heydər Əliyev Mərkəzlərinin mövcud olması muzey işinə son dərəcə həssaslıqla yanaşmış dahi şəxsiyyətin tam halal haqqıdır.
Qarabağ və Şərqi Zəngəzurun 30 illik işğalı zamanı əzəli yurd yerlərimizdəki Azərbaycan muzeyləri də vandalizmin qurbanı olub. Həmin ərazilərdə qalan 762 mədəniyyət abidəsi və 1431 mədəniyyət müəssisəsi dağıdılıb. Erməni faşistləri 22 muzeyi, 4 rəsm qalereyasını yoxa çıxarıblar. Keçmiş SSRİ-də yeganə olan Ağdam Çörək Muzeyi şəhərin bombalanması zamanı tamamilə yerlə-yeksan olub. Təkcə Şuşada 8 muzey fəaliyyət göstərirdi. Hamısının eksponatlarını ermənilər yağmalayaraq, ərazidən çıxarıblar. 44 günlük Zəfər yürüşündən sonra Qarabağdakı muzeylərimizin də yaraları sağaldılır. Əlavə olaraq, İşğal və Zəfər muzeyləri yaradılır, özü də açılış mərasimlərində Prezident İlham Əliyev şəxsən iştirak edir.
“Xalqımızın ən qədim zamanlardan müasir dövrədək tarixini və mədəniyyətinin inkişaf yolunu əks etdirən Azərbaycan muzeyləri ölkəmizdə zəngin mədəni irsin qorunması və təbliğ olunması işində mühüm rol oynayır”, – deyən dövlət başçımız bu sahəyə daim qayğı göstərir.
Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi altında fəaliyyət göstərən Heydər Əliyev Fondu tərəfindən muzeynlərimizin inkişafına dair görülən işləri də xüsusi vurğulamaq lazımdır. Mehriban xanımın böyük zəhməti sayəsində “Şirvanşahlar Sarayı Kompleksi”, Qız qalası və Qobustan Milli Tarix-Bədii Qoruğu, “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilib. Fondun həyata keçirdiyi müxtəlif layihələr çərçivəsində Qarabağ muzeyləri haqqında məlumatlar mötəbər beynəlxalq təşkilatlara çatdırılıb. Hazırda ölkəmizdə fəaliyyət göstərən muzeylər və onların ekspozisiyaları vasitəsilə azərbaycançılıq məfkurəsi uğurla təbliğ edilir.
Mədəniyyət Nazirliyinin Muzey Mərkəzi paytaxtımızın ən böyük mədəniyyət mərkəzlərindən biridir. Muzeyin binasında Azərbaycan Dövlət Musiqi Mədəniyyəti Muzeyi, C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi, Azərbaycan “İstiqlal” Muzeyi, həmçinin Rəsm Qalereyası, Akt Zalı və təntənəli mərasimlərin keçirilməsi üçün şüşə günbəzli Dəyirmi Zal fəaliyyət göstərir.
Hər il Beynəlxalq Muzeylər Günü ilə əlaqədar ölkəmizdəki muzeylərdə “Açıq qapı” günləri olur. Paytaxtdakı aparıcı muzeylərdə, eləcə də ölkə üzrə muzey müəssisələrində rəngarəng şənliklər təşkil edilir. Belə tədbirlərdən biri dünən Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində keçirilib. Bu gün isə Milli Xalça Muzeyində axşamadək “Açıq qapı” aksiyası və ödənişsiz ekskursiyalar reallaşacaq. Eyni zamanda, dahi şair Məhəmməd Füzulinin 530 illiyinə həsr olunan “Sənətdə bənzərsiz eşq” sərgisi açılacaq.
Qeyd edək ki, Beynəlxalq Muzeylər Gününün əsas mövzusu olan “Muzeylər, təhsil və tədqiqat” çətiri altında hərtərəfli təhsil təcrübəsinin təmin edilməsində mədəniyyət ocaqlarının mühüm rolu vurğulanır və daha şüurlu, dayanıqlı və inklüziv bir dünyanın yaradılmasına təkan verilir.
Bəli, muzeylər, mədəniyyət, elm, maarif müəssisəsi olmaqla keçmişimiz və bu günümüz arasında körpü rolunu oynayır.
Ə.ƏLİYEV XQ