2 teatrımız da “milli”ləşdi

post-img

Nazirlər Kabineti tərəfindən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına və Gəncə Dövlət Dram Teatrına “milli” statusu verilib. Yeni status uzun illərdir fəaliyyət göstərən, özünəməxsus sənət ənənələri olan hər iki teatrda çalışan insanların maddi rifahının yaxşılaşmasına, yaradıcılıq fəaliyyətinə böyük stimul olacaq. Bununla bağlı müxbirimiz Gənc Tamaşaçılar Teatrının aktyorlarından qısa müsahibələr alıb. Onların ürək sözlərini təqdim edirik.

Aktrisa İlqarə Tosova: 

– Dövlətimiz ölkəmizdə digər sahələr kimi, mədəniyyət sahəsi, xüsusilə, in­cəsənətin əsas qolu olan teatrın inkişa­fını da daim diqqətdə saxlayır. Eyni za­manda, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xa­nım Əliyevanın təşəbbüsü və dəstəyi ilə mədəniyyət xadimlərinin sosial şəraitinin yaxşılaşdırılması, yaradıcılıq imkanları­nın genişləndirilməsi ilə bağlı mühüm işlər həyata keçirilir. Bu siyasətin davamı kimi, ölkəmizdə teatrların inkişafına, sahənin nüfuzunun artırılmasına xidmət edən ad­dımlar atılır. “Milli” statusu almağımızdan çox şad oldum. Bu bizim sənətimiz üçün, illərini bu yolda sərf edən aktyorlar üçün çox böyük motivasiyadır. 

Aktyor Anar Seyfullayev: 

– Hazırda dövlət teatrlarında mad­di-texniki bazanın gücləndirilməsi, habelə bu sahədə institusional və məzmun dəyi­şikliyi istiqamətində işlər davam etdirilir. Bu xəbər isə teatrımızın yaradıcı heyəti üçün çox böyük müjdə oldu. Buna görə dövlət və hökumətimizə hədsiz minnətda­rıq. Bundan sonra üzərimizə çox böyük məsuliyyət düşür. Peşəkarlığımızı daha da artırmalı, səhnədə daha ciddi və gözəl tamaşalar oynamalıyıq. Onu da qeyd edim ki, bir neçə gün əvvəl mən Prezident Mükafatına da layiq görülmüşəm. Mənim üçün ikiqat bayram oldu. 

Aktrisa Aygün Fətullayeva: 

– İlk dəfə bu xəbəri iş yoldaşlarımdan, həmkarlarımdan aldım. Sosial şəbəkələr­də də məlumatı görəndə çox sevindim. Bu, teatrımızın tarixində yaşanan ən se­vincli günlərdən biridir. Yeni status teatr sənətinə olan böyük qayğıdır, dəstəkdir, yüksək etimaddır. 

Fidan SALMANOVA,
Elşən AĞALAR (foto)
XQ

 





Mədəniyyət