Yuğ Dövlət Teatrından keçən “İyirmi bir on beş qatarı”
“Hamımız hər gün nəyisə gözləyirik, hər birimiz həmişə harayasa tələsirik. “Qutu” evlərdə yaşayır, “qutu” iş yerlərində işləyirik. Ordan bura, buradan ora can atırıq. Bu qaçhaqaç bir gün daha balaca “qutu”da yerin altına köçənədək davam edir. Heç birimiz də bir anlıq dayanıb düşünmürük ki, sonu bəlli gedişatda hara tələsirik? Bir dayan, nəfəs al, ətrafa bax, insanlarla, təbiətlə ünsiyyətdə ol, gözəllikləri duy”.
Bəlkə də, bütün bunlar hamımızın ağlından keçir, amma bir anlığa. Sonra yenə gündəlik həyatımıza qayıdır, qaçmağa davam edirik. Bu süjet bizə Müfit Can Saçıntı və Birol Güvenin “Mandra filosofu” filmini xatırladır. Filmdə təbiətlə həmahəng yaşayan bəşər övladı hər şeyi ondan alır, amma özəlləşdirmir. Deyir ki, təbiət mənə lazım olan hər şeyi – havanı, suyu, qidanı verir, onu niyə özümünkü etməyə çalışım? Axı o, hamınındır. Heç nəyi alıb-satmır, sadəcə, yaşayır, ona nə pul lazımdır, nə mülk. Ondan torpağını satın almaq istəyirlər, vermir. Deyir, gəl yaşa burada, amma onu sənə satmayacam, o həm də sənindir. İnsanlar onu anormal hesab edirlər. Əslində, ən ağıllı elə odur. Film bizə bunları aşılayır.
Yazımızın mövzusu həmin film deyil, sadəcə, onu xatırladan və eyni düşüncəni aşılayan teatr tamaşasıdır. Bu günlərdə Yuğ Teatrında türkiyəli yazıçı-filosof Toyğun Orbayın “İyirmi bir on beş qatarı” pyesi əsasında teatrın baş rejissoru Mikayıl Mikayılovun quruluş verdiyi eyniadlı tamaşanın premyerası oldu. Ekzistensial oyun janrında qurulmuş səhnə işinin quruluşçu rəssamı Mustafa Mustafayev, rejissor assistenti Günel Səfərovadır.
Tamaşaçı ilə iç-içə olan, cəmi 50 nəfərlik zal dolu idi. Səhnədə vağzal, perron, bələdçi köşkü və ikinəfərlik oturacaq təsvir olunub. Bir də 21:15-i göstərən elektron saat. Vağzalda bir sərnişin oturub qatar gözləyir (Xalq artisti Məmmədsəfa Qasımov), ikincisi isə indi gəlib (Əməkdar artist Gülzar Qurbanova), qatarın getmə vaxtını soruşur. Bələdçi (Əməkdar artist Sona Mikayılova) ona “bilmirəm“ cavabını verir. Sonra qısa dialoq olur:
– Qatar gecikir?
– Yox.
– Vaxtında gələcək?
– O heç gəlir ki. Bilsək nə vaxt gəlir...
– Axı saat 21:15-i göstərir, o niyə gecikir?
– Bu saat həmişə 21:15-i göstərir.
Bu, tamaşanın kulminasiyasıdır, hadisələr bundan sonra açılmağa başlayır. Məlum olur ki, birinci sərnişin ömür boyu o qatarı gözləyir, bələdçi də həmçinin, amma onları heç kim görmür. Bu vağzal həm var, amma həm də yoxdur.
Stansiyaya yeni gələn sərnişin suallarına cavab axtarır, əvvəlki isə artıq o sualların cavabını tapıb və sadəcə, getmək istəyir. Birlikdə musiqiyə qulaq asır, kitab oxuyur, yağışda islanır, zövq almağa çalışırlar. Fəqət, bütün bunlara bələdçi imkan vermir. Onun yerli-yersiz çaldığı fit, söhbətə müdaxiləsi, “burada mənim iradəm olmadan hərəkət etmək olmaz” jesti hər iki qonağı bezdirir. Qatarsa gəlmir ki, gəlmir. Bələdçi onların seyr etdikləri ulduzları görmür, çünki kainatdan bixəbərdir. Onun kainatı balaca vağzaldan ibarətdir. Qatarı gəlməyən, bileti alınmayan vağzalda arabir çalınan fit bələdçinin mövcudluğunun, hakimi-mütləqliyinin təzahürüdür.
Bütün bunlar bir gerçəyi əks etdirir: “Hamımızın bir vağzalı var, bir az böyük, bir az kiçik. Hər birimiz o vağzalda bizi aparacaq qatarı gözləyirik”.
Nəhayət, qatarın səsi eşidilir. Uzun bir fit çalınır və ətraf qaranlığa bürünür. Səsdən aydin olur ki, qatar gəlib keçdi. Ətraf işıqlananda isə iki nəfərdən biri görünmür. İkincisi qatarın gəldiyini bilib, keçdiyini isə görməyib.
Hamımızın öz vağzalımızda gözlədiyimiz o qatar hər dəfə yalnız birimizi aparır. Yerdə qalan onun əyləşdiyi yerdə oturub gözləyir və yanında başqa biri növbəyə dayanır, çoxlu suallar verir, anlamağa çalışır. Heç kim o qatarın vaxtını, gəlib-gəlməyəcəyini bilmir. Amma o qatar mütləq gələcək...
Xatırladaq ki, əsərin müəllifi Toyğun Orbay 1956-cı ildə İstanbulda anadan olub. 1973-cü ildə Ankara Elm Liseyini, 1979-cu ildə Ankara Universitetinin tibb fakültəsini bitirib. 2007-ci ilə qədər Qazi Universiteti tibb fakültəsinin neyrocərrahiyyə kafedrasında elmi işçi, assistent, dosent və professor vəzifələrində işləyib.
Rəssamlıq və heykəltəraşlıqla da məşğul olan, bugünədək 17 fərdi sərgisi keçirilən Orbayın yazdığı “Mat” və “İyirmi bir on beş qatarı” pyesləri 2001–2002-ci illərdə Ankara və İstanbul Dövlət teatrlarında, eləcə də Türkiyənin bir çox digər şəhərlərində səhnələşdirilib. “İyirmi bir on beş qatarı” Azərbaycanda ilk dəfə 2016–2017-ci illər mövsümündə Dövlət Akademik Dram Teatrında oynanılıb.
Ramilə QURBANLI
XQ