Azərbaycanda keçirilən 6-cı Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun qonaqları arasında jurnalistlər, tarixçilər, bir sözlə dünyada baş verən ictimai-siyasi proseslərə öz baxışları ilə reallıq gətirən ictimai-siyasi xadimlər iştirak edir. Elə bu münasibətlə Azərbaycan Mətbuat Şurasında iordaniyalı tarixçi-araşdırmaçı Omar Nezzel Əl-Armutinin Azərbaycana həsr etdiyi 3-cü – “Vətən və liderlik” kitabının təqdimat mərasimi keçirildi. Mətbuat Şurası ilə İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının birgə təşəbbüsü ilə baş tutan toplantıda Mərakeş Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Adil Embarş, Fələstin Muxtariyyətinin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Nəssir Əbdül Kərim Əbdül Rəhim, İordaniya Haşimilər Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Ömər Bərəkət əl-Nahar, Qətər səfirliyinin xüsusi nümayəndəsi və Azərbaycan mətbuatının tanınmış simaları - Fazil Abbasov, Tahir Aydınoğlu, Müşfiq Ələsgərli, Xalq şairi Sabir Rüstəmxanlı və başqaları iştirak edirdilər.
“Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda keçirilən 6-cı Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun nümayəndəsi Omar Nezzel Əl-Armutinin Azərbaycanın ictimai-siyasi, mədəni mühitinə, Azərbaycan dövlətçiliyinə həsr etdiyi kitabların üçüncüsü olan “Vətən və liderlik” kitabı böyük ruh yüksəkliyi ilə qarşılandı. Bu kitabda müəllifin Azərbaycan sevgisi gerçək faktlarla dünya ictimaiyyətinə çatdırılmışdır. Belə bir kitabın ərəb tarixçisi tərəfindən yazılması ərəb dünyasının Qarabağ müharibəsində həmrəyliyinin təzahürüdür.
Kitab haqqında çıxış edənlərdən bir neçəsinin fikrini nəzərinizə çatdırırıq.
Sabir Rüstəmxanlı: Bu gün çox dəyərli insanlarla bir yerdəyik. Onların kitablarını müzakirə edirik. Birinci kitabda Qarabağ haqqında dolğun məlumatların olması bizi çox sevindirir. Bu kitabda Azərbaycanın ən çox istədiyi və bu otuz ildə heç vaxt nail ola bilmədiyi məsələyə toxunulub. Çünki Beynəlxalq hüquq deyilən məsələ yalnız kağız üzərində və böyük dövlətlərin əlində idi. Azərbaycan dövləti bir daha sübut etdi ki, haqq naminə döyüşüb qələbə çalmaq bizim əlimizdədir, heç bir dövlət onu bizdən ala bilməz. Bu məsələni həll etmək təkcə hüquq yox, həm də güc istəyir. Güclü ordumuzun və xalqımızın birliyi sayəsində torpaqlarımızı işğaldan azad etdik. Ömər əl Armuti uzun illər Azərbaycana gəldiyinə və Qarabağ həqiqətlərini bildiyinə görə bu hadisələrə biganə qala bilməyib, ağrılarımızı-acılarımızı yazdığı əsərlərdə real faktlarla işıqlandırıb.
“Vətən və liderlik” kitabında da fotolardan görürük ki, müəllif Vətənimiz haqqında geniş məlumat əldə edib.
Əslində tarix də göstərir ki, cəmiyyət öz-özlüyündə heç nə edə bilmir. Millətlərin taleyində həlledici rolu Lider oynayır. İslam dünyası Qarabağ məsələsində həmişə Azərbaycanın yanında olub.
Fazil Abbasov: Ömər Armuti Azərbaycana aid üç kitab yazmışdır. Birinci kitabı Qarabağ işğal altında olanda yazdığı “Qarabağ münaqişəsi beynəlxalq hüquq müstəvisində” adlanır. Bu əsərdə Qarabağın Azərbaycanın tərkib hissəsi olduğu xüsusi olaraq qələmə alınmışdır. Bu o zamanlar idi ki, ermənilər ərəb dünyasının kapitalını Ermənistana yönləndirmək istəyirdilər.
İkinci kitabı Azərbaycan və İordaniya əlaqələrinə həsr olunub. İƏT Üzv Dövlətləri Jurnalistlərinin Assosiasiyası həmin kitabları Azərbaycan dilinə tərcümə etdi. Ömər Armuti təkcə ərəb dünyasının deyil, bütün islam dünyasının problemlərindən yazır. Ömər Armuti islam mücahididir. O heç vaxt yorulmur, bütün gücü və qüvvəsi ilə mübarizə aparır. Bu gün burada üçüncü kitabın təqdimatına toplaşmışıq. Bu kitabı da ana dilimizə tərcümə edəcəyik.
Ümumiyyətlə, Azərbaycan və İordaniya arasında əlaqələrin tarixi qədimdir. İslam dünyası mətbuat sahəsində də sıx birləşməlidir. Ölkələrimizdə nə baş verirsə, bu barədə məlumatları bir-birimizə ötürməliyik. Buna görə çalışıb, mübarizə aparmalıyıq.
Səudiyyə Ərəbistanındakı “Əl Cəzirə” qəzetinin baş redaktoru:
Qarabağ həqiqətləri ilə bağlı səfirliklə əmkdaşlıq şəraitində bir neçə məqalə nəşr etmişik. Bütün ərəb dövlətləri Qarabağ məsələsində Azərbaycanla həmrəydir. Qarabağın Azərbaycana məxsus olduğunu təsdiq edirlər.
İordaniya Haşimilər Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Ömər Bərəkət əl-Nahar:
Bu günki tədbirdə bir yerdə olduğumuza görə çox məmnunuq. Ümid edirəm ki, gələcəkdə də belə görüşlər keçirəcək, fikir mübadiləsi aparacağıq. Bakı çoxlu sayda beynəlxalq tədbirlərə, konfranslara ev sahibliyi edir. Ümid edirəm ki, bu belə də davam edəcək.
Kitabın müəllifi Omar Nezzel Əl-Armuti:
Çox xoşbəxtəm ki, son on il ərzində beş dəfə Azərbaycana gəlmişəm. Azərbaycanın çox gözəl şəhəri olan Bakını, onun əhalisini, qəhərman Liderini görməkdən qürür hissi keçirdim. Hər dəfə Azərbaycandan gedəndə, dua edirdim ki, bu mənim sonuncu səfərim olmasın, yenidən bu ölkəyə qayıdım. Çünki, mənim ürəyim Azərbaycana və bu xalqa çox bağlıdır, mən bilirəm ki, bizim İslam dünyasında birliyimiz olmalıdır. Azərbaycan gerçəkləri haqqında artıq iki kitab yazıb nəşr etdirmişəm.. Hər iki kitabın tərcüməsi Fazil Abbasova məxsusdur.
“Vətən və liderlik” kitabını həmkarım Məhəmməd Əbdülhəmid Əl Nasirlə birgə ərsəyə gətirmişik. Bu işimiz ümumilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunub. Kitabda müstəqil Azərbaycanın qurucusu Heydər Əliyevin tarixi fəaliyyətini real faktlarla qələmə almışıq.
Tədbirdə iştirak edən səfirlər və ziyalılar, qələm sahibləri - jurnalistlər ərəb dünyasında Azərbaycanla bağlı çoxsaylı, sənədli faktlar əsasında kitabların yazılmasını alqışladılar.
Kəmalə ABDİNOVA,
Fidan SALMANOVA,
XQ