Xarəzm rəqsi ilə bağlı elmi-nəzəri konfransda Azərbaycan nümayəndəsi də çıxış edib

post-img

Xivə şəhərində ikinci “Ləzgi” Beynəlxalq festivalı çərçivəsində Xarəzmin “Ləzgi” rəqsi ilə bağlı beynəlxalq elmi-nəzəri konfrans keçirilib. 

Musiqi bayramında Özbəkistanla yanaşı Azərbaycan, Amerika Birləşmiş Ştatları, Yaponiya,  Hindistan, Böyük Britaniya, Rusiya, Bolqarıstan, Malayziya, Qazaxıstan, Kanada, İran, Tacikistan və digər ölkələrdən gələn rəqs sənətinin biliciləri, bu sahə ilə məşğul olan alimlər, musiqi nəzəriyyəçiləri iştirak ediblər.

Ölkəmizdən konfransa Azərbaycan Dövlət Rəqs Ansamblının rəhbəri, Xalq artisti Rüfət Xəlilzadə qatılıb.  

Özbəkistanın mədəniyyət naziri Azadbek Nazarbekov tədbirı açaraq bildirib ki, bu konfransın keçirilməsində məqsəd Xarəzmin “Ləzgi” rəqs sənətinin əsrlərdən gələn ənənələrini qoruyub saxlamaq, inkişaf etdirmək, bunun vasitəsilə xalqlar arasında dostluğu və qardaşlığı möhkəmləndirmək, gələcəkdə yaradılacaq əməkdaşlığı və mədəni əlaqələri beynəlxalq səviyyəyə qaldırmaqdan ibarətdir.

Konfransda iştirak edən TÜRKSOY-un Baş katibi Sultan Rayev “Ləzgi” rəqsinin Özbəkistanda çox populyar olduğunu diqqətə çatdırıb və bildirib ki, bu rəqs sərhədləri aşır. Baş katib deyib ki, Xarəzmdə “Ləzgi” rəqsinin doqquz növü var və bu rəqslərin hamısı məhəbbəti və gözəlliyi tərənnüm edir.

Rüfət Xəlilzadənin “Azərbaycan xalq rəqsləri” mövzusundakı məruzəsi maraqla qarşılanıb.  O deyib ki, Azərbaycan mədəniyyətinin incisi olan milli rəqslərimizin çoxəsrlik tarixi var. Qobustanda mezolit dövrünə aid olan qayaüstü rəsmlər arasında rəqs edən fiqurların olması bunu sübut edir. Burada “Yallı” rəqsini özündə əks etdirən qayaüstü rəsmlər mövcuddur.

Tədbirdə “Ləzgi” rəqsinin tarixi, bu rəqsin Xarəzm torpağına gətirilməsi, onun növləri haqqında məruzələr dinlənilib.

Qulu Kəngərli 

XQ-nin xüsusi müxbiri

Xivə 

 

 





Mədəniyyət