Bakıda "Big Band Workshop" adlı ustad dərsləri keçiriləcək

post-img

28 aprel saat 12:00-da Beynəlxalq Muğam Mərkəzinin səhnəsində Vyana Musiqi və Səhnə Sənətləri Universitetinin dosenti, trombon ifaçısı, bəstəkar, aranjimançı və Big Band rəhbəri Markus Qayzelhart (Geiselhart) öz nəzəri bilik və təcrübəsini bölüşmək üçün yerli musiqiçilərlə bir araya gələcək!

Əslən Almaniyadan olan və 2006-cı ildən etibarən Vyana şəhərində fəaliyyətini davam etdirən musiqiçi bir çox məşhur sənətçilərlə birlikdə böyük layihələrə rəhbərlik etmişdir. O, hazırda "mdw Big Band", "Don Ellis Tribute Orchestra", "Markus Gieselhart Orchestra" kimi böyük caz orkestrlərinə rəhbərlik edir. 

"JIDIR JAZZ" komandası ilə Vyanada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin birgə təşkil etdiyi və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilən tədbir "Beynəlxalq Caz Günü" çərçivəsində Azərbaycanın caz sferasında "Big Band" caz orkestri, improvizasiya və aranjiman kimi fəaliyyət istiqamətlərinə yönəlmişdir. 

Zəngin caz tarixinə malik Azərbaycan musiqisində Tofiq Quliyev, Tofiq Əhmədov, Rauf Hacıyev, Rafiq Babayev və Vaqif Musatafazadə kimi musiqiçilərin yaratdıqları məktəb və ənənələrə söykənərək, bu gün Azərbaycanda yeni "Big Band" caz orkestri ənənəsinin yenidən canlandırılması üçün imkanlar açılır.  

Tədbir peşəkar və həvəskar musiqiçilərin, müəllimlərin, müxtəlif incəsənət sahələrinin və musiqi həvəskarlarının maraq dairəsini əhatə edir. 

XQ

Mədəniyyət