Aprelin 26-da “Alov qüllələri” kompleksində tanınmış rəssam Milena Nəbiyevanın "Alovun ahəngi" adlı sərgisi təşkil olunub.
Qonaqları salamlayan rəssam öz yaradıcılığı barədə məlumat verib və təqdim olunan əsərlərin özəllikləri barədə söhbət açıb. Tədbirdə tanınmış incəsənət və ictimaiyyət nümayəndələri, modelyerlər, iş adamları, media mənsubları iştirak ediblər.
XQ-yə özəl açıqlama verən rəssam sərgidə ümumilikdə 20 əsərin təqdim olunduğunu bildirdi. O qeyd etdi ki, onların hər biri mövzu və süjetinə görə bir-birindən fərqlənir: “Burada təqdim olunan əsərləri əsasən şəxsi emalatxanamda çəkmişəm və burada yağlı boyadan geniş istifadə olunub. Bu, rəssamlıqda texniki cəhətdən vacib şərtlərdən hesab olunur”.
Rəssam əsərlərində alov simvollarına və Günəşə, bundan əlavə, vətənpərvərlik, xüsusilə Qarabağ mövzusuna xüsusi diqqət ayırdığını bildirdi. Sərginin keçirildiyi məkanın da özəl olaraq seçildiyini deyən rəssam həm "Alov Qüllələri"nin müasir Bakının simvolu olduğunu, həm də sərginin adının da “Alovun ahəngi” seçilməsində bir uyğunluğun olmasını vurğuladı.
Qeyd edək ki, dünyanın bir sıra şəhərlərində – Parisdə, Sankt Peterburqda, Ankarada azərbaycanlı gənc rəssamın sərgiləri təşkil olunub. Bundan əlavə, onun Azərbaycan Rəssamlar İttifaqında, Müasir İncəsənət Muzeyində, Muzey Mərkəzində və digər yerlərdə fərdi sərgiləri nümayiş edilib.
Milena Nəbiyeva Azərbaycan Rəssamlar İttifaqının üzvü, Azərbaycan Təbiəti Mühafizə Cəmiyyətinin sədr müavini, Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatının (UNESCO) ixtisaslaşmış qurumunun üzvüdür. Bununla yanaşı o “Həyata ümid” xeyriyyə layihəsinin də təsisçisidir. Rəssam Kiyev Milli İnşaat və Memarlıq Universitetinin (KNUSA) məzunudur, 2021-ci ilin yanvarında Azərbaycan-Ukrayna Beynəlxalq Alyansının qızıl medalına layiq görülüb.
Anar TURAN
XQ