“Kinocizgilər”in ekran aləmi

post-img

Beynəlxalq Muğam Mərkəzində tanınmış yazıçı, kinodramaturq, Əməkdar incəsənət xadimi Orxan Fikrətoğlunun “Kinocizgilər” adlı yeni kitabı təqdim edilib. 

Orxan Fikrətoğlu vaxtilə “Azərbaycan­film” kinostudiyasının baş redaktoru, Dövlət­lərarası MİR Teleşirkətinin direktor müavini, “Mozalan” satirik kinojurnalının direktoru vəzifələrində çalışıb. Onun ssenariləri əsa­sında “Ümid”, “Solaxay”, “Səs”, “Ağ kətan­dakı adam”, “Qız qalası”, “Ərazi”, “Yalan”, “Kəpənək”, “Borc” adlı bədii və sənədli filmlər çəkilib. “Xalça nəğməsi” filmi Birinci Beynəlxalq Yalta Kinofestivalında baş müka­fata layiq görülüb. 

Hazırda Mədəniyyət nazirinin müşaviri olan Orxan Fikrətoğlu, eyni zamanda, Azər­baycan Respublikası Kino Agentliyinin baş direktoru vəzifəsini icra edir. 2016-cı ildə onun “Kinopovestlər”, 2017-ci ildə “Alterna­tiv kino” kitabları çapdan çıxıb. Sənət dalğa­sına dəstək göstərmək naminə məhsuldar ça­lışan kino xadiminin bu sahədə təqdirəlayiq işləri var. 

“Elm və təhsil” nəşriyyatında çap olun­muş “Kinocizgilər”in təqdimat mərasimində yazarın qələm dostları, kino və ədəbiyyat xadimləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Kitabda Orxan Fikrətoğlunun həm tammetrajlı, həm qısametrajlı bədii və sənəd­li film ssenariləri, ekran həlli üçün uyğun­laşdırılmış qısa hekayələri və novellaları yer alıb. Geniş oxucu auditoriyası üçün nəzərdə tutulan 500 səhifəlik kitabda müəllifin son illərdə Türkiyədə çəkilib ekranlara çıxan sse­nariləri də cəmlənib. Mərasimdə çıxış edən­lər bu barədə ətraflı danışıblar. Xatırladılıb ki, Azərbaycanda kino ssenariləri barədə so­nuncu kitab keçmiş SSRİ dövründə çap olu­nan “Rüstəm İbrahimbəyovun kino ssenarilə­ri” olub. Bu baxımdan Orxan Fikrətoğlunun kitabını müasir Azərbaycan kinematoqrafiya­sında yenilik kimi qiymətləndirmək olar.

...Tədbirdə Orxan Fikrətoğlunun ssenari müəllifi olduğu “Ərazi” filmi nümayiş etdiri­lib. Sonda isə müəllif yeni kitabının nüsxələ­rinə avtoqrafla oxuculara təqdim edib.

Əli NƏCƏFXANLI
XQ



Mədəniyyət