Azərbaycanda Belarus kinosu günlərinə start verildi

post-img

Dünən Nizami Kino Mərkəzində Azərbaycanda Belarus Mədəniyyət Günləri çərçivəsində keçirilən Belarus Kinosu Günlərinin açılış mərasimi baş tutdu. Tədbirdə hər iki ölkənin mədəniyyət və ictimai xadimləri iştirak edirdi.

Azərbaycan Kino Agentliyi direktorunun səlahiyyətlərini icra edən Orxan Fikrətoğlu çıxış edərək kino günlərini əlamətdar mədəniyyət hadisəsi kimi dəyərləndirdi və bildirdi ki, Belarusun qədim slavyan ənənələri, dili və mədəni dəyərlərinin təqdimatı 1-3 aprel tarixlərində Azərbaycan tamaşaçılarına kino dili ilə təqdim olunacaq. “Belarusfilm”in yüz ili əhatə edən ənənələri var və bu studiyada lentə alınan filmlər hər zaman böyük maraqla qarşılanıb. Onun sözlərinə görə, Azərbaycan filmlərinin də Belarusda təqdimi nəzərdə tutulur.

“Belarusfilm” kinostudiyasının baş direktoru Yuri Aleksey kino günlərində təqdim olunacaq filmlər haqqında məlumat verdi: “Azərbaycan tamaşaçılarına dörd film gətirmişik - bunlardan ikisi bədii, ikisi isə sənədli filmdir. Biz öz köklərimizi, adət-ənənələrimizi, mədəniyyətimizi kino vasitəsilə göstərmək istəyirik. Əminəm ki, Azərbaycan tamaşaçıları buna maraq göstərəcəklər". 

O, diqqətə çatdırdı ki, Azərbaycanla kino sahəsində əməkdaşlıq məsələləri də nəzərdə tutulub. Bununla bağlı rəhbərlik etdiyi qurumla Azərbaycan tərəfi arasında danışıqlar davam edir və gələcəkdə birgə əməkdaşlıqla bağlı saziş imzalanacaq. Yuri Aleksey Belarus və Azərbaycan arasında mədəni əməkdaşlığın inkişafının vacibliyini qeyd etdi.

Sonra "Лист ожидания" (“Gözləmə siyahısı”) dramının nümayişi baş tutdu. 2023-cü ildə istehsal olunmuş filmin rejissoru A.Yefremovdur.

Qeyd edək ki, 1-4 aprel tarixlərində Bakıda keçiriləcək Mədəniyyət Günləri çərçivəsində Belarus Kinosu Günləri, Belarus Milli İncəsənət Muzeyinin “Belarus rəssamların gözü ilə” adlı sərgisinin nümayişi, Belarus xalq sənətkarlıq nümunələri sərgisi və incəsənət ustalarının ifasında konsert proqramı nəzərdə tutulub.

XQ



Mədəniyyət