Daşkənddə Novruz şənliyi

post-img

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində (AMM) Novruz şənliyi keçirilib.

Tədbirdə Azərbaycanın Özbəkistandakı səfirliyinin əməkdaşları, öıkənin mədəniyyət, ədəbiyyat və incəsənət xadimləri, diasporumuzun üzvləri, universitetlərin professor və müəllimləri, jurnalistlər iştirak ediblər.

Əvvəl Novruz tonqalı çatılıb, AMM-nin rəqs ansamblının üzvləri bayram tonqalının ətrafında yallı gediblər.

Bayram tədbirini AMM-nin direktoru Samir Abbasov açaraq iştirakçıları Novruz bayramı münasibətilə təbrik edib. O, Azərbaycanın təşəbbüsü ilə UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni irsi üzrə Reprezentativ Siyahısına daxil edilən Novruz bayramının Azərbaycan xalqının mədəniyyət  tarixində öz əlamətdar xüsusiyyətlərinə görə fərqləndiyini söyləyib. O, Azərbaycan xalqının min illərlə yaşatdığı, milli dəyərlərimizi, yaşam tərzimizi, mədəniyyətimizi, sənətimizi özündə əks etdirən Novruz bayramının ölkəmizdə keçirilməsi və Novruz adətləri haqqında məlumat verib.  

Diplomat bildirib ki, Azərbaycanın Ümummilli lideri Heydər Əliyev milli adət-ənənələrə, o cümlədən Novruz bayramına xüsusi önəm verib və bu gün Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqının milli-mədəni dəyərlərinin qorunması və inkişafı siyasəti uğurla həyata keçirilir.

Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin icraçı direktoru, professor Erkin Nuriddinov, Özbəkistan Ali Məclisinin deputatı Gülbaxor Saidqaniyeva çıxışlarında Türk dünyasında geniş qeyd olunan Novruz bayramının xalqlarımızın qədim tarixi və zəngin ənənələrini nümayiş etdirdiyini bildiriblər. 

Sonra tədbir iştirakçılarına Novruz bayramının Azərbaycanda qeyd olunmasına dair videomaterial nümayiş etdirilib. 

Tədbirin bədii hissəsində Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdindəki “Kövkəb Əliyeva adına rəqs ansamblı” çıxış edib, müğənnilər Rəna Əzizova, Özbəkistan Dövlət Konservatoriyasının tələbəsi Olima Mahmudova və saz ustası İlham Abdullayevin ifasında Azərbaycan və özbək mahnıları səslənib.

Tədbir iştirakçıları milli yeməklərə, şirniyyatlara qonaq ediliblər.

Qulu Kəngərli

XQ-nin xüsusi müxbiri

Daşkənd       







Mədəniyyət