Hacıbaba Hüseynov – 105
Hacıbaba Hüseynov cəmi dördillik ibtidai məktəbdə oxuyub, musiqi təhsili isə olmayıb. Erkən yaşlarından xanəndə Zülfü Adıgözəlovun səs yazılarını dinləyib, onun ifalarını təkrarlayıb. İlk vaxtlar toylara nağara çalan kimi gedib, amma səsinə bələd olan toy sahibləri Hacıbabanı təkidlə oxutdurublar.
Müharibə illərində ailəsinin güzəranı çətin olduğuna görə, qohumu, məşhur qarmonçalan Teyyub Dəmirov onu özü ilə toylara aparmağa başlayıb. Sonra baldızı – Xalq artisti Sara Qədimovanın sayəsində onun ürəyindəki şirin duyğulara yol açılıb. Bu qayğı Hacıbabanın arzu yollarına ümid çırağı kimi işıq saçıb. Sara xanım onu görkəmli pedaqoq, tarzən Əhməd Bakıxanovla tanış edib. O, ustad sənətkarın ansamblında bir neçə il nağara çalıb. Əhməd Bakıxanovun canlı məktəbindən muğamın sirlərini dərindən öyrənib. Bəyənildikcə ürəklənib, ciddi auditoriya qarşısında səsini zilə çəkib. Hər yerdə onun gur səsinin sədaları eşidilməyə başlayıb.
Bu yapışıqlı səsin ürəklərə yol tapan ahəngi var idi. Onun ifalarında bir zərrə də xaric not yox idi. Muğamların şöbə və guşələrinin, dəstgahların xiridarı, təsniflərin tələbkar dinləyicisi olan çal-çağırlı Bakı kəndlərinin sakinləri onu toylarına çağırmaq üçün, az qala, növbəyə dururdular. Şirin səsi, muğamları bütün xırdalıqlarına qədər bilməsi ilə məclisləri şövqləndirirdi. Hətta bəzən Hacıbabanın ifalarını kənardan eşidənlər elə bilirdilər ki, oxuyan Zülfünün özüdür ki, var.
Azərbaycan musiqi mədəniyyətinə rəng qatan xanəndələrdən olan Hacıbaba Hüseynov, beləcə, ustadlaşıb, dinləyicilərin sevimlisi adını qazanıb və bu rəğbəti qoruyub saxlayıb. Onun sənəti orijinallığı, dərin mənaları, müqəddəs hissləri özündə cəmləyib. Ustad sənətkarın ifaçılıq texnikasını musiqişünaslar və tanınmış sənət adamları yüksək qiymətləndiriblər.
Akademik Rəfael Hüseynov xanəndənin sənətini yüksək dəyərləndirib: “Hacıbaba Hüseynovun bir özəlliyi də ondan ibarət idi ki, onu həm yaşlı, həm orta, həm də ən gənc nəslin nümayəndələri çox sevirdilər. Hacıbaba Hüseynovun ifasında o qədər orijinallıq var idi ki, hətta Şərq musiqisinə, muğamata bələd olmayanlar belə, onu bir dəfə dinləyəndə səsinə vurulurdular”
Xatırladaq ki, Hacıbaba Hüseynov 1919-cu ildə Bakıda anadan olub. Çəmbərəkənd məhəlləsində, ruhani ailəsində, təmiz duyğular aləmində böyüyüb. Anası Seyid qızı olub – Seyid Fatimə. Məscidlərdə, yas məclislərində nohə və mərsiyələr oxuyub. Səsinin geniş diapazonu olmasa da, təsirli və məlahətli sədası çoxlarını heyran edib. İstedad Hacıbabaya ana südü ilə keçib.
Onun özünün yazdığı çoxsaylı təsniflər də var. Əksəriyyəti musiqi irsinə daxil olaraq muğam ifaçılığında geniş yer tutub. Həmin təsniflər içərisində “Bərəyə bax, bərəyə” daha məşhurdur:
Bərəyə bax, bərəyə,
Neçin baxdın dərəyə?
Babanın parası yox.
Səni evləndirməyə…
Ardınca gələn “İki sevda çəkənlərin cəzası var”, – sözlərini deyəndə isə onun özünəməxsus təbəssümü bir ayrı aləm idi. Hacıbaba Hüseynovu insanlara sevdirən təkcə onun səsi və sənəti deyil, həm də nəcib insani sifəti idi. O, davranışındakı təmkini, danışığındakı səmimiyyəti və yumoru ilə də yadda qalıb. Şirin kəlmələri aramla dilə gətirirdi, danışanda hamı diqqətlə qulaq asırdı. Öz xatirələrini dilə gətirməsi də çox maraqlı və inandırıcı idi.
Xatirələrinin birində deyirdi: “Bir gün Zülfü Adıgözəlova söyləyirlər ki, bir cavan oğlan var, nağara ifa edir və oxuyur, səni yaman yamsılayır. Zülfü məni öz yanına konservatoriyaya çağırdı və oxumağımı xahiş etdi. Oxuyub qurtarandan sonra dedi ki, yaxşı oxuyursan, amma çalış, özün ol. O vaxtdan öz ifa tərzimi müəyyənləşdirməyə çalışdım”.
O, fitri istedadı və güclü hafizəsi sayəsində irfani musiqiləri və muğamları dərindən mənimsəyib. Mütaliə edə-edə klassik ədəbiyyatı incəliyinə kimi öyrənib. Əruz vəznini, bəhrlərin ritmini dərindən duyub. Özü də əruzda çox mükəmməl şeirlər yazıb. Onun yüzlərlə qəzəli, rübaisi, qoşma və müxəmməsi var. Bu şeirlər Azərbaycan ədəbiyyatının gözəl nümunələri sırasında yer alıb.
Qəzəllər ixtilat eylər qara gözlü gözəllərdən,
Gözəllər imtina etməz bu sevdaya dözənlərdən.
Həmişə şad olar dillər kamança, tar olan yerdə,
Sədayi-müsiqi xoşdur mənimlə yar olan yerdə,
Xüsusən, zövq alar arif muğamat var olan yerdə.
Hacıbaba Hüseynov Asəf Zeynallı adına Musiqi Məktəbində muğam dərsi deyib. Görkəmli xanəndələr Qədir Rüstəmov, Səxavət Məmmədov, Teymur Mustafayev, Zabit Nəbizadə və başqaları onun tələbələri olublar. Ağaxan Abdullayev, Məmmədbağır Bağırzadə və Alim Qasımov da onun ifasından bəhrələniblər. Ustad xanəndə ömrünün sonuna kimi, böyük bir ifaçılar nəslinin yetişməsində cəfakeşliklə çalışıb. O, “Rast” muğamının “Üşşaq”, “Hüseyni”, “Novruzi rəvəndə” və digər muğamlarda “Şah Xətai” şöbələrinin ilk ifaçısı olub. “Bayatı şiraz”ın “Dilrüba” şöbəsi onun təşəbbüsü ilə dərsliyə salınıb.
Dəfələrlə xarici ölkələrdə, o cümlədən, İraq, İran, Türkiyə, Belçika, Fransa, İsveçrə, Hollandiyada qastrol səfərlərində olub, muğamın fəal təbliğatçısı kimi tanınıb. Tanrı töhfəsi olan səsi ilə ömür kitabına naxışlar vurub. Onun sənəti və ömür yolu nəhayətsiz zövq mənbəyidir. Ədəbi yaradıcılığı, bəstələri, təsnifləri muğam sənətimiz var olduqca yaşayacaq. Bal kimi səsi və kamil sənətkar ömrünün naxışları muğam yaddaşımızda silinməyəcək nağıla dönüb.
Hacıbaba Hüseynovun muğam sənətinin inkişafı və qorunması sahəsindəki xidməti dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. Uzun müddət – düz 70 yaşına qədər heç bir fəxri ad almasa da, 1989-cu ildə Əməkdar artist, 1 il sonra (!) isə Xalq artisti adına layiq görülüb. O, 1993-cü ildə vəfat edib və I Fəxri xiyabanda dəfn olunub. 100 illik yubileyi dövlət səviyyəsində qeyd olunub. Xatirəsi ürəklərdə yaşayır.
Həzi HƏSƏNLİ,
şair-publisist