yaxud rus klassikinin İslam əxlaqına dərin ehtiramı
Dahi Lev Tolstoyun “İlyas” adlı bir hekayəsi var. Yazıçı çox ibrətamiz, həyati bir hadisəni qələmə alıb. 1885-ci ilin 17-18 mart tarixində Krımda yazılmış bu müxtəsər hekayə hələ böyük yazıçının sağlığında bir sıra dillərə tərcümə edilib.
Hələ 1890-cı ildə həmin hekayə Olqa Lebedeva tərəfindən türkcəyə tərcümə olunub.
Maraqlı burasıdır ki, Olqa Sergeyevna “Gülnar xanım” təxəllüsü ilə bir sıra rus müəlliflərinin əsərlərini osmanlı türkcəsinə çevirmişdir. Yeri gəlmişkən, ərəb, fars və türk dillərini bilən Olqa xanım Kazanda doğulmuş, bir müddət Türkiyədə yaşamış, İslamı qəbul etmişdir...
...İndiki halda söhbət Lev Tolstoyun hekayəsindən gedir. Bəli, hekayənin qəhrəmanı başqırd kəndlisi İlyas öz zəhməti hesabına kasıblığın daşını atır, var-dövlət, sərvət qazanır. İndi onun ilxısı, sürüsü, naxırı var. Övladları da valideynlərinin sayəsində yaxşı dolanır...
Amma, necə deyərlər, sən saydığını say... Xəstəliklər, oğurluqlar, habelə gözlənilməz qəzalar nəticəsində İlyasın min bir zəhmət hesabına yığdığı var-dövlət tədricən əldən çıxmağa başlayır. Elə bir zaman gəlib yetişir ki, ailə kasıblığın caynağında çabalayır. Qonşu Məmmədşah əlicənablıq göstərir, müflis olmuş ailəni öz evinə dəvət edir. Bundan sonra İlyas və xanımı Məmmədşahın evində yaşamalı olurlar.
Bəs vaxtilə imkanlı olmuş ailə yeni həyatla necə barışır?
Qəribə də olsa, ər-arvad düçar olduğu həyatdan nəinki narazılıq etmir, hətta özlərini xoşbəxt hiss edirlər...
Bir dəfə Məmmədşahın evinə elçilər gəlir. Qonaqlar İlyasın keçmişi ilə maraqlanıb öyrənirlər ki, o, vaxtilə çox zəngin adam olub. İlyasa verilən suala onun müdrik xanımı cavab verərək deyir ki, “indi biz daha çox xoşbəxtik, çünki vaxtilə başımız var-dövlət yığmağa qarışmışdı, axirətimiz haqqında düşünməyə vaxtımız olmurdu, sərvət yığmaq ehtirası gözümüzü qapamışdı, nə düz-əməlli yatır, nə də dincələ bilirdik. Amma indi çox sakit, qulağı dinc, mənalı bir ömür yaşayırıq”.
Söhbətə müdaxilə edən İlyas deyir ki, bəli, doğrudan da, indi onlar xoşbəxtdirlər. Tanrı onların gözlərini həqiqətə açıb..!
Bir sözlə, vaxtilə bəndənizin dediyi kimi:
Dünyada qalacaq dünyanın malı,
Heç kəsə qalmayıb, Firuz Mustafa.
Göründüyü kimi, böyük rus yazıçısı Lev Tolstoyun bu qısa hekayəsində başqırd kəndlisinin timsalında müsəlman əxlaqına, dininə və Qurani-Kərimə böyük ehtiram aydın hiss edilməkdədir.
Firuz MUSTAFA,
yazıçı-dramaturq, Əməkdar incəsənət xadimi