“Xatirələrin o tərəfində: Ağbaba səsləri”

post-img

Vaxtilə azərbaycanlıların yaşadığı Ağbaba mahalının sakinlərindən bəhs edən “Xatirələrin o tərəfində: Ağbaba səsləri” sənədli film çəkilmişdir. XQ xəbər verir ki, filmdə ağbabalıların ermənilər tərəfindən qovulduqdan sonrakı həyatları və faciəli talelərindən bəhs edilir. 

Filmin əsas qəhrəmanları əvvəllər Ağbaba mahalında yaşamış, indi isə müxtəlif ölkələrə, regionalara və şəhərlərə köçmüş insanlardır. Onlar doğma torpaqlarını xoş xatirələrlə yada salırlar. Bu insanlar hazırda Ağbabadan uzaqda yaşasalar da, binoklla öz evlərini bir anlıq da olsa görmək niyyətilə Türkiyənin sərhədinə səyahət edirlər. Onlar uşaqlıqda Ağbabada yaşayarkən Türkiyə tərəfə baxaıb ora getməyi xəyal edərdilər. İndi isə əksinə, Türkiyənin Ermənistanla sərhədinə gedib öz kəndlərinə baxan azərbaycanlılar Ağbabaya getmək istəyirlər. 

Filmdə ağbabalıların məişət şəraiti, hazırladıqları yeməklər də göstərilir. Keçmiş kənd sakinləri indi də öz mətbəx ənənələrini qoruyub saxlayırlar. Ağbaba sakinlərinin bütün toylarda oynadıqları “Yallı” rəqsi xalqın öz kökü ilə sarsılmaz əlaqədə olmasını sübut edir. Film Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə “Addım” Gənclərin İnkişaf Mərkəzi İctimai Birliyi tərəfindən hazırlanmışdır. İctimai Birlik filmin ərsəyə gəlməsində köməyi olan hər bir quruma və Ağbaba sakinlərinə təşəkkür edir.

Anar ƏLİ

XQ

Mədəniyyət