Milli Azərbaycan Tarixi Muzeyində Azərbaycanın neft və qaz sektorunda böyük xidmətləri olmuş polşalı ixtiraçı, geoloq Vitold Zqlenitski haqqında kitabın təqdimat mərasimi keçirilib.
XQ xəbər verir ki, Polşanın Azərbaycandakı səfirliyi və muzeyin birgə təşkilatçılığı ilə ərsəyə gələn “Polşalı Nobel” adlı kitabın müəllifi Polşa ictimai xadimi, professor Andjey Yan Xodubskidir. Muzeyin direktoru, akademik Nailə Vəlixanlı kitabın nəşrini yüksək qiymətləndirib. Polşa Respublikasının səfiri Rafal Poborski Azərbaycan və Polşa arasındakı tarixi-mədəni əlaqələri qorumağın vacibliyini vurğulayıb.
Kitabın tərcüməçisi Samir Səttərov V.Zqlenitskinin həyatı və nailiyyətləri haqqında mühazirə söyləyərək deyib: “Vitold Zqlenitski Varşava İqtisadiyyat Məktəbinin riyaziyyat-fizika fakültəsinin və Sankt-Peterburqdakı Mədən İnstitutunun məzunu olub. Əvvəlcə Polşada mühəndis kimi çalışıb, lakin onun həyatının əhəmiyyətli hissəsi Bakı ilə bağlıdır. 1891-ci ildən vəfatına qədər Bakıda işləyib. V.Zqlenitski neftin çıxarılması üsullarının modernləşdirilməsi ilə məşğul olaraq, onun dənizin dibindən çıxarılması ideyasını irəli sürüb. O, təkcə qazma platforması konsepsiyasını deyil, həm də qazma işini asanlaşdırmaq üçün bir sıra ixtiralar - neft quyularının əyriliyini ölçmək üçün cihaz və valları daha sürətli və daha dərin qazmağa imkan verən texniki həllər hazırlayıb. V.Zqlenitski bugünkü Azərbaycan ərazisində və Xəzər dənizinin dibində karbohidrogen ehtiyatlarının bolluğunun müəyyən edilməsi ilə də məşğul olub. Onu “Bakı neftinin atası” adlandırırdılar, çünki onun geoloji fəaliyyəti və ixtiraları Bakıda neft sənayesinin çiçəklənməsinə böyük töhfə verib. V.Zqlenitskinin ictimai fəaliyyətini də xatırlamağa dəyər. Məsələn, Bakıda su qurğularının tikintisində və ilk Roma Katolik Kilsəsinin tikintisinin birgə maliyyələşdirilməsində iştirak edib. V.Zqlenitski öz vəsiyyətində neft yataqlarından əldə etdiyi gəliri elmin və xeyriyyəçiliyin inkişafına ayırıb. Vəsiyyətnamənin müddəalarının həyata keçirilməsi Birinci Dünya müharibəsinin başlaması ilə dayandırılıb. Rusiyada 1917-ci il inqilabından sonra V.Zqlenitskinin vəsiyyətini yerinə yetirən fond ona verilmiş neftli sahələri istismar etmək hüququndan məhrum olunub. V.Zqlenitski Azərbaycanda vəfat edib, lakin cənazəsi Polşaya aparılıb və Wola Kielpinska qəbiristanlığında dəfn edilib”.
Tədbirin sonunda qonaqlara yeni nəşr edilmiş kitablar hədiyyə olunub.
Anar ƏLİ
XQ