MEK-də Beynəlxalq Kitab Bağışlama Günü qeyd olunub

post-img

14 Fevral - Beynəlxalq Kitab Bağışlama Günü münasibətilə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) tədbir keçirilib.

MEK-dən XQ-ə bildirilib ki, tədbirdə Yeni Azərbaycan Partiyasının Yasamal rayon təşkilatının sədri və müavini, həmçinin Azərbaycan Milli Konservatoriyası tərkibində İncəsənət Gimnaziyasının, XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzinin, Bakı şəhəri 16 nömrəli Texniki-Humanitar Liseyin, 164 saylı və Nardaran qəsəbəsində yerləşən 295 nömrəli tam orta məktəblərin, 4 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin bir qrup şagird və müəllim heyəti iştirak ediblər.

Tədbiri açan MEK-in direktoru professor Məmməd Əliyev bu günün tarixi, mahiyyəti və kitab oxumağın faydaları haqqında danışıb. Direktor qeyd edib ki, internetin, virtual reallığın üstünlük təşkil etdiyi dövrdə yaşasaq da kitaba, mütaliəyə olan sevgi daha da artmaqdadır.

Tədbirdə çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev MEK tərəfindən mütəmadi olaraq həyata keçirilən kitab bağışlama aksiyalarını yüksək qiymətləndirib.

Sonra kiçik viktorina keçirilib, qaliblər müəyyən olunaraq mükafatlandırılıblar. Həmçinin şagirdlərin ifasında rəqs nömrələri nümayiş olunub, şeirlər səsləndirilib. Sonda hər bir şagirdə MEK-in mübadilə fondundan bir-birindən dəyərli nəşrlər hədiyyə edilib.

Məktəblilər sonda MEK-i ekskursiya edərək buranın fəaliyyəti və fondları haqqında ətraflı məlumat alıblar.

Mədəniyyət