Türk Dövlətləri Təşkilatının Baş katibi Türk Mədəniyyəti və İrsi Fondunu ziyarət etdi

post-img

Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Omuraliyev Türk Mədəniyyəti və İrsi Fondunu ziyarət edərək, təşkilatın prezidenti Aktotı Raimkulova və Fondun qurucu üzv dövlətlərinin diplomatları ilə  görüşüb.

Görüşdə Türk Dünyasında inteqrasiya proseslərinin gücləndirilməsi yönündə Türk dövlət başçıları tərəfindən mühüm səylərin göstərilməsindən söz açılıb. Sözügedən istiqamət üzrə Türk dövlət başçıları tərəfindən təsis olunan Türk əməkdaşlıq təşkilatlarının koordinasiyalı fəaliyyətlərinin önəmindən bəhs olunub. Fond ilə Türk Dövlətləri Təşkilatının qarşılıqlı əlaqələrinin daha da möhkəmləndirilməsinin əhəmiyyəti ​geyd olunub.
Görüşdə Türk dövlətlərinin maddi-mənəvi irsinin təbliği, qorunması və bərpası sahəsində Türk Mədəniyyəti və İrsi Fondunun xüsusi rolu vurğulanıb. Fond tərəfindən “Türk Dünyasının Mədəni İrsi Haqqında” Konvensiyanın hazırlanması yüksək qiymətləndirilib.

Görüş Fond ilə Türk Dövlətləri Təşkilatının birgə əməkdaşlığı çərçivəsində gələcək beynəlxalq miqyaslı layihələrin həyata keçirilməsinə dair müzakirələrlə davam edib.











Mədəniyyət