Özbəkistanlı şairin kitabları təqdim olunub

post-img

 Azərbaycan Yazıçılar Birliyinin və Dünya Gənc Türk Yazarlar Birliyinin birgə təşkilatçılığı ilə Özbəkistanın "Kitab dünyası" qəzetinin baş redaktoru,  şair-publisist Xasiyyət Rüstəmin Azərbaycanda çap olunmuş kitablarının təqdimatı təşkil olunub.  Mərasimə yazarlar, ictimaiyyət nümayəndələri, oxucular qatılıb.

AYB-nin katibi Səlim Babullaoğlu Xasiyyət Rüstəmin yaradıcılığı, Özbəkistan -Azərbaycan arasındakı ədəbi-mədəni əlaqələrdəki rolundan söhbət açıb. AYB-nin katibi İlqar Fəhmi qardaş xalqlar arasında tarixən mövcud olmuş əlaqələrin günbəgün artmasını, bu inkişafda Xasiyyət Rüstəm kimi ədəbiyyat-mədəniyyət xadimlərinin xidmətinin alqışa layiq olduğunu vurğulayıb. 

Dünya Gənc Türk Yazarlar Birliyinin sədri İntiqam Yaşar X.Rüstəmin kitablarının Azərbaycanda təqdimatını əlamətdar hadisə adlandırıb. Onun yaradıcılığında  Qarabağ mövzusunun qırmızı xətt kimi keçdiyini söyləyib. Çap olunmuş kitablar haqqında tədbir iştirakçılarına geniş məlumat verib. 

Filologiya elmləri doktoru, professor Ramiz Əskər Özbəkistan-Azərbaycan ədəbi əlaqələrinin tarixində, bu ədəbi əlaqələrdə ədiblərin fədakarlığından danışıb. O bu vaxta qədər 60-dan artıq kitab tərcümə etdiyini, bu kitabların 26-nın Özbəkistan ədəbiyyatından olduğunu bildirib. 

“Dünya ədəbiyyatı” jurnalının baş redaktoru Seyfəddin Hüseynli şairin imzasının Azərbaycan oxucusuna çox doğma olduğunu, bu kimi tədbirlərin xalqlarımız arasındakı əlaqələrin inkişafında mühüm rol oynadığını qeyd edib. 

"Regional Hüquqi və İqtisadi Maarifləndirmə" İctimai Birliyinin sədri Arzu Bağırova Xasiyyət Rüstəm şeirinin dünyanın 26 dilinə tərcümə olunduğunu, çox sərhədlər aşdığını bildirərək, şairi təbrik edib. 

Daha sonra  Özbəkistanın xalq yazıçısı Erkin Azam, Yazıçılar Birliyinin sədr müavini Qeyrət Məcid, Qafur Şerrmuhammed, həmçinin “Zirvə” Mədəniyyət və İncəsənət İctimai Birliyinin sədri Şahin Qədir, yazıçı Kənan Hacı və başqaları qardaş xalqlar arasındakı ədəbi əlaqələrdən bəhs ediblər. 

Tədbirin sonunda Xasiyyət Rüstəm mərasun təşkilatçılarına təşəkkürünü bildirib, Azərbaycanı özünün ikinci vətəni hesab etdiyini vurğulayıb,  şeirlərindən nümunələr səsləndirib. O, tədbirin moderatoru Səlim Babullaoğluna "Kitab dünyası" qəzetinin diplomunu təqdim edib.

Z.BƏŞİRQIZI  

XQ

 





Mədəniyyət