“Vikipediya”da özbək dilində Molla Pənah Vaqif haqqında bölmə yaradılıb

post-img

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) təşəbbüsü ilə “Vikipediya”da özbək dilində XVIII əsrin Azərbaycan şairi, Qarabağ xanının vəziri, görkəmli dövlət xadimi Molla Pənah Vaqif haqqında yeni bölmə yaradılıb.

 Bölmədə şairin həyatı, yaradıcılığı haqqında məlumat verilir, əsərlərinin bədii xüsusiyyətləri haqqında söhbət açılır, Molla Pənah Vaqif lirikasının əsas xüsusiyyətlərinin millətçilik, reallıq, sadəlik və nikbinlik olduğu bildirilir.

     Məqalədə deyilir ki, Azərbaycan ədəbi irsinin qorunub saxlanmasına qayğı göstərən Ümummilli Lider Heydər Əliyevin göstərişi ilə şairin Şuşada məqbərəsi ucaldılıb.

     Azərbaycan dövlətinin daim Molla Pənah Vaqifin yaradıcılığına mühüm diqqət verdiyi qeyd olunan materialda TÜRKSOY-un 2017-ci ili “Molla Pənah Vaqif ili” elan etməsi haqqında qərar qəbul etdiyi barədə məlumat verilir, şairin anadan olmasının 300 illiyinin geniş qeyd olunması münasibətilə 2017-ci il yanvarın 12-də Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncam imzaladığı vurğulanır. 

     Məqalədə bildirilir ki, 1992-ci ildə Ermənistanın silahlı birləşmələri Şuşanı işğal edərkən Vaqifin məqbərəsi də dağıdılıb. 2020-ci il 44 günlük Vətən müharibəsindəki şanlı Qələbədən sonra muzey-məqbərə kompleksində təmir-bərpa və yenidənqurma işləri aparılıb.

 “Vikipedia”da “Molla Panah Vogif” bölməsi ilə  https://uz.wikipedia.org/wiki/Molla_Panah_Vogif linkində tanış olmaq mümkündür.

 

Qulu Kəngərli

XQ-nin xüsusi müxbiri

Daşkənd       







Mədəniyyət