“Zamana qalib gələn milli irsimiz”

post-img

Yanvarın 12-də Azərbaycan Milli Xalça Muzeyində “Zamana qalib gələn milli irsimiz” adlı sərgi açılıb.

Milli Xalça Muzeyinin direktoru vəzifəsini müvəqqəti icra edən sənətşünaslıq üzrə fəlsəfə doktoru Mira Məmmədxanova sərgi barədə məlumat verib. Bildirib ki, təqdim olunan əsərlər üzərində uzun illər bu sahədə əmək sərf edən mütəxəssislərlə yanaşı, muzeyin daha gənc konservatorları, bərpaçı-rəssamları da çalışıblar.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Elm və yaradıcılıq işləri üzrə prorektoru, Əməkdar mədəniyyət işçisi Sədaqət Əliyeva, Əməkdar rəssam Məmmədhüseyn Hüseynov sərgidə 2022-2023-cü illər ərzində muzeyin Xalça və dekorativ-tətbiqi sənət üzrə konservasiya, bərpa və profilaktik nəzarət şöbəsində konservasiya olunmuş 30-dək eksponatın sərgi iştirakçılarına təqdim edildiyini diqqətə çatdırıblar. Qeyd olunub ki, bu eksponat nümunələrinə XVII–XX əsrlərə, həmçinin müasir dövrə aid nadir xalçalar, nəfis xalça məmulatları, zərif tikmələr, milli geyim və qiymətli zərgərlik nümunələri, bədii metal və saxsı qablar aiddir.

Tədbirdə çıxış edən Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinin direktoru Zərifə Məlikova və Azərbaycan Milli İncəsənət Muzeyinin Elmi-bərpa şöbəsinin müdiri, Əməkdar rəssam Natiq Səfərov belə tədbirlərin təşkilini tarixi əsərlərin gənc nəsilə tanıdılması baxımından yüksək qiymətləndiriblər. 

Sonra iştirakçılar sərgi ilə tanış olublar. 

Azərbaycan Milli Xalça Muzeyi ölkəmizdə xalça və digər dekorativ-tətbiqi sənət nümunələrinin konservasiya edilərək qorunması sahəsində nüfuzlu elmi mərkəzə çevrilib. Burada son illər milli mədəni irsimizi gələcək nəsillərə ötürmək məqsədilə  yüzlərlə eksponat yenidən bərpa olunub. Bunların əksər hissəsi muzeyin, bir qismi onun Şuşa filialının ekspozisiyasında, digər eksponatlar isə vaxtaşırı müxtəlif sərgilərdə nümayiş etdirilir.

Qeyd edək ki, “Zamana qalib gələn milli irsimiz” sərgisi çərçivəsində  tekstil konservasiyası üzrə ustad dərsi də keçiriləcək. 

Sərgi yanvarın 21-dək davam edəcək.

Fidan

XQ





















Mədəniyyət