Nizami şəhərinin “bəraət” günü

post-img

Elə ki, 1804-cü ildə Rus imperiyasının qoşunları Gəncəni darmadağın etdi, Cavad xan və oğlu öldürüldü, dərhal qədim şəhərin adı da dəyişdirilib Yelizavetpol adlan­dırıldı. 1918-ci ildə Gəncə adı yenidən bərpa edilsə də, təəssüf ki, bu da uzun sür­mədi. 1935-ci il fevralın 22-də şəhərin adı yenidən dəyişdirilərək Kirovabad oldu.

Gəncə ziyalıları illərlə şəhərin öz adı­nın qaytarılmasına çalışdılar. Sovetlər dönəmində bu, böyük cəsarət tələb edir­di. Bu zaman ulu öndər Heydər Əliyevin dühası, zəkası köməyə gəldi. Məhz bö­yük şəxsiyyətin qətiyyəti ilə 1980-ci ildə Gəncə şəhəri 2 rayona bölündü və bu rayonlardan birinə Kəpəz, digərinə isə Gəncə adı verildi. Məhz Ulu öndərin müdrikliyi və uzaqgörənliyi sayəsində Gəncə adının hafizələrdən silinməsinə imkan verilmədi və bu ad yenidən səs­lənməyə başladı. 

Ulu öndər, həmişə olduğu kimi, Gəncəyə və gəncəlilərə olan ehtiramını özünəməxsus səmimiliklə ifadə edirdi: “Gəncə Azərbaycan xalqının qədim, zən­gin tarixini özündə əks etdirən diyardır, gözəl bir şəhərdir. Azərbaycan xalqının qədim tarixini, mədəniyyətini, ədəbiyyatı­nı, şeirini Şərq aləmində, bütün dünyada Nizami Gəncəvi ilə tanıyırlar. Azərbay­cana, Azərbaycan xalqına təkcə Nizami Gəncəvi kimi dahi bir şəxsiyyət bağış­ladığına görə Gəncə torpağı, gəncəlilər əbədi minnətdarlığa layiqdirlər”.

Sonrakı dövrlərdə də Ümummilli lider Gəncəyə xüsusi münasibət bəslə­yib: “Bizim böyük şairimiz Nizaminin adı Bakıda çox yerlərdə var idi, amma mən istəyirdim ki, bir rayon da Nizaminin adını daşısın... O vaxt Gəncənin adını bərpa etmək böyük cəsarət tələb edirdi. Biz o rayonlardan birinin adını “Gəncə”, o biri­sinin adını “Kəpəz” qoyduq.

Bu məlumdur, gərək ki, bir neçə dəfə deyiblər, – o vaxt buradan təkliflər ve­rilmişdi, Moskvaya da artıq yazılmışdı, çünki o zaman biz bu rayonları özbaşı­na yarada bilməzdik, bunun üçün Mos­kvanın qərarı olmalı idi. Deyəsən, birinə “Zavod rayonu”, birinə də “Proletar rayo­nu” adı verilmişdi. Yəni layihədə, Sovet hökumətinin qərar layihəsində bu vardı. Mən o layihəni dəyişdirdim və “Gəncə ”, “Kəpəz” adları verdik. Bakıda yaranan yeni rayonu isə, - o vaxt Bakıda on ra­yon var idi, - “Nizami rayonu” adlandır­dıq. Bizim böyük şairimiz Nizaminin adı Bakıda çox yerlərdə var idi, amma mən istəyirdim ki, bir rayon da Nizaminin adını daşısın. Bir vaxt da xalqımız üçün, eyni zamanda da Gəncə üçün, – çünki Nizami də gəncəlidir, Nizami deyəndə də Gəncə düşünürsən, – bir rayonun adı “Gəncə”, o biri də “Kəpəz” qoyuldu, – Kəpəz də Gəncədir. Bəli, biz bu milli adları 1980-ci ildə qoyduq".

Əslində bu, qələbə şəhərin adını, keçmişini tarixdən silmək istəyənlərin üzərində qazanılan qələbə idi. Başqa sözlə, Heydər Əliyev siyasətinin qələbəsi idi. 

Nəhayət, vətənsevər insanların illər­lə uğrunda mübarizə apardığı, bu yolda təqiblərə, təzyiqlərə məruz qaldığı bir arzu uğurla nəticələndi, 1989-cu ilin 30 dekabrında zəngin tarixi keçmişə malik Gəncə öz adına qovuşdu. 

Qeyd edək ki, 1989-cu il noyabrın 29-da Kirovabad Şəhər Xalq Deputat­ları Sovetinin sessiyasında sözügedən məsələ müzakirə olundu. Gəncə adının bərpası təklifi qəbul edildi və ertəsi gün qərar verildi. Dekabrın 30-da isə Azər­baycan SSR Ali Sovetinin Rəyasət Heyə­ti belə bir qərarı təsdiq etdi: “Gəncənin tarixi adını bərpa etmək haqqında şəhər vətəndaşlarının, əmək kollektivlərinin və respublikanın geniş ictimaiyyətinin çox­saylı müraciətini, Kirovabad Şəhər Xalq Deputatları Sovetinin xahişini nəzərə alaraq və Azərbaycan SSR Konstitusi­yasının 114-cü maddəsinə (18-ci bənd) uyğun olaraq “Kirovabad şəhəri Gəncə şəhəri adlandırılsın”.

Beləliklə, Azərbaycan rəsmən müs-təqil olmamışdan əvvəl Gəncənin tarixi adı özünə qayıdır, ədalət bərpa olunur, özü də bu dəfə əbədi olaraq.

Bu gün, dekabrın 30-da azadlıq, istiqlaliyyət uğrunda daim mübarizə aparan, qurbanlar verən qədim və qəh­rəman Gəncə şəhərinin adının bərpa­sından 34 il keçir. Şəhərin adını da, ulu Nizamisini də, qəhrəman Cavad xanı­nı da sevən insanların illərlə uğrunda mübarizə apardığı, bu yolda təqiblərə, təzyiqlərə məruz qaldığı bir arzu sonda uğurla nəticələndi. 

Yenidən hakimiyyətə qayıdan ulu ön­dər Heydər Əliyevin müdrikliyi və uzaq­görənliyi sayəsində bu gün Gəncə xoş­bəxt şəhərlərdən biridir. Ümummilli liderin layiqli davamçısı, Azərbaycan Respubli­kasının Prezidenti İlham Əliyevin qayğısı sayəsində şəhər öz görkəmini tamamilə dəyişib, elm, mədəniyyət mərkəzi olaraq dünya miqyasında tanınıb, qədimiliyi və müasirliyi, həm də gözəlliyi ilə göz ox­şayır.

Hamlet QASIMOV
XQ-nin bölgə müxbiri, 

Gəncə

Mədəniyyət