İstiqlalın Nəsib bəy yolu

post-img

Böyük amallarla, lakin cəmi 39 il ömür sürmüş Nəsib bəy Yusifbəyli (1881-1920) milli istiqlalımızın təməl daşını qoyanlardan biri olub. Publisist, ictimai-siyasi xadim, AXC-nin Nazirlər şurasının sədri olan parlaq şəxsiyyətin həyat və fəaliyyəti elə də geniş işıqlandırılmayıb. Bu sıradan yalnız Nazif Qəhrəmanlının “Nəsib bəy nümunəsi”, İbrahim Süslünün “Azərbaycanın siyasi tarixində N. Yusifbəyli” və daha bir neçə əsəri qeyd etmək olar. 

Yola salmaqda olduğumuz ilin son günlərində oxuculara təqdim edilən “İstiq­lal savaşında Nəsib bəy Yusifbəyli yolu” toplusu isə milli mücadilə və məfkurə car­çısı, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən və rəhbərlərindən olan Nə­sib bəy haqqında elmi məqalələr məcmu­su kimi əhəmiyyətlidir. Azərbaycan İlahiy­yat İnistutu və Türk Ocağı İctimai Birliyinin elmi konfransının materialları əsasında hazırlanmış kitabda Zakir Murad, Sərxan Carçı, Qərənfil Xəlilova, Ceyhun Nəbi, Yusifbəyli ocağının varisi Rəfat Cuvarlı və digər müəlliflərin onunla bağlı müxtəlif as­pektlərdən oxunaqlı məqalələri yer alıb. 

Tarix üzrə fəlsəfə doktoru, Əməkdar jurnalist Akif Aşırlının elmi redaktoru ol­duğu topluya “Ön söz”ü ilahiyyat üzrə fəlsəfə doktoru, dosent Aqil Şirinov yazıb. Müəllif vurğulayır ki, XIX əsrin sonu – XX əsrin əvvəllərində Vətəninin taleyüklü məsələlərinin həlli və xalqının mənafeyi­nin qorunması ilə bağlı çiyinlərinə ciddi məsuliyyət yükü düşən görkəmli dövlət xadimlərimiz arasında Nəsib bəy Yusif­bəylinin xüsusi yeri var.

Toplu tarix üzrə fəlsəfə doktoru, Əməkdar müəllim Firdovsiyyə Əhmədo­vanın “İstiqlal ömrünə yazılan Nəsib bəy ömrü” məqaləsi ilə açılır. Burada əsas mövzu kimi N.Yusifbəylinin istiqlal hərə­katındakı roluna nəzər salınır. Müəllif ya­zının əvvəlində Nəsib bəyin ali məqsədini açıqlayır. Azadlıq mücahidi 1905-ci ildə həyat yoldaşı Şəfiqə xanım Qaspıralıya yazırdı: “Mən gözəl bilirdim ki, heç vaxt kölə olmayacağam: onu aydın hiss edir­dim ki, sən də kölə olmayacaqsan, hətta olsaydın belə, mən səni sevə bilməzdim”. Məqalə müəllifi Nəsib bəyin 1917-ci ilin fevralından etibarən azadlıq üçün müba­rizə qalxmasını bu məktubla əsaslandırır. Başlıca qənaət budur ki, onun üçün hə­yatda hər şeyin cövhərini azadlıq təşkil edirdi. Yazıda Nəsib bəyin Gəncə Milli Komitəsindəki rolu mərhələli şəkildə təhlil edilir. Onun şəxsində mücadilənin muxta­riyyətdən müstəqilliyə doğru gedən yolu araşdırılır və cumhuriyyətin elanından sonrakı mürəkkəb proseslərə işıq tutulur. Azərbaycana qarşı o zamankı basqılara sinəsini sipər edən Nəsib bəyin obrazı real boyalarda öz əksini tapır. Belə ki, onun istiqlaliyyətimizi qırmızı imperiyadan qorumaq səyləri konkret faktlarla oxu­culara çatdırılır. İngilis komandanlığının ölkəmizə real kömək etməməsi fonunda Nəsib bəyin milli gücə arxalanaraq, “Va­hid və bölünməz Rusiya” şüarı ilə çıxış edən rus generalı Anton Denikinin ordu­sundan gələn təhlükəyə qarşı mübarizə apardığı təqdim olunur. Məqalədə qeyd edək ki, cumhuyyətin üzləşdiyi xarici təh­didlər hərtərəfli araşdırılır. 

Tarix elmləri doktoru Nəsiman Yaqub­lu milli şüurun formalaşmasında əvəzsiz xidmətləri olan N.Yusifbəylinin parla­ment fəaliyyətinə diqqəti cəlb edir. Müəllif N.Yusifbəylinin xarakterindən bəhs edərkən Üzeyir Hacıbəyliyə istinadla onu yetərli qədər çalışqan və istiqlal məsələsində güzəştsiz bir insan kimi yük­sək dəyərləndirir. Məqalədə parlament fəaliyyəti boyu dövlət xadiminin müxtəlif təxtibatçı qruplara qarşı sözü və əməli ilə ciddi mübarizə apardığı öz əksini ta­pıb. Oxucu Nəsib bəyin həm bolşeviklərin təxribatçı tətillərinə qarşı mətin mübarizə aparması, həm də neftin yalnız istiqlalı­mızın tanınacağı təqdirdə Rusiyaya satıla biləcəyini qətiyyətlə elan etməsi ilə bağlı sətirləri qürur hissilə oxuyur. 

Dosent Saida Babayeva məqaləsin­də Nəsib bəyin geniş dünyagörüşünü araşdırır. Müəllif Azərbaycandakı maa­rifçilik hərəkatının başlanğıc mərhələsinə toxunur və Mirzə Fətəlinin, H.Zərdabinin fəaliyyətlərini yada salır. N.Yusifbəyliyə gəldikdə isə onun sol dünyagörüşündən türkçülüyə keçidinin başlıca səbəbləri araşdırlır. Burada görkəmli ziyalı İsmayıl bəy Qaspıralının da rolu dəyərləndirilir. Nəsib bəydən bugünümüzə yadigar qa­lan “Təslim” hekayəsi qismən təhlil edilir. Dövlət xadiminin bir maarifçi – ziyalı kimi cəhalətə qarşı mübarizədə öndə olması diqqət mərkəzinə gətirilir. 

“İstiqlal savaşında Nəsib bəy Yusif­bəylinin yolu” kitabında dönə-dönə vur­ğulanır ki, milli məfkurə carçısı tutduğu bütün vəzifələrdə toplum qarşısındakı borcunu çox böyük məsuliyyətlə yerinə yetirməyə çalışıb və bu amal yolunda şəhadətə ucalıb. Toplu Azərbaycanın müstəqillik hərəkatı tarixini öyrənmək istəyənlər üçün qiymətli mənbədir. 

Ceyhun MİRZƏLİ,
Əli NƏCƏFXANLI
XQ



Mədəniyyət