Bəhreyn qəzetində Ulu Öndər Heydər Əliyevə həsr olunmuş məqalə dərc olunub

post-img

Bəhreyn Krallığının “The Daily Tribune-News of Bahrain” qəzetində ölkəmizin Səudiyyə Ərəbistanındakı səfiri Şahin Abdullayevin Ulu Öndər Heydər Əliyevə həsr olunmuş məqaləsi dərc olunub.

Məqalədə Azərbaycan xalqının öz Ümummilli Liderinin əziz xatirəsini böyük ehtiramla yad etdiyi, dahi siyasətçinin anım gününün dünyanın müxtəlif ölkələrində təşkil edilən tədbirlərlə qeyd olunduğu diqqətə çatdırılıb.

Bəhreyn oxucularına Ulu Öndər Heydər Əliyevin mənalı həyat yolu və zəngin dövlətçilik fəaliyyəti barədə ətraflı məlumat verən diplomat qeyd edib ki, Ümummilli Lider 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra dini azadlıqların təmin olunmasına, ölkədə insanların sülh, əmin-amanlıq şəraitində yaşamasına xüsusi diqqət yetirib.

Prezident İlham Əliyevin Sərəncamı ilə yola saldığımız 2023-cü ilin “Heydər Əliyev İli” elan edildiyini və bu çərçivədə Azərbaycanda və onun hüdudlarından kənarda silsilə tədbirlər keçirildiyini diqqətə çatdıran müəllif vurğulayıb ki, bütün dünya azərbaycanlıları Ulu Öndərin zəngin siyasi irsini yaşadır, ona dərin sevgi və hörmətlərini ifadə edirlər.

Məqalədə vurğulanıb ki, Azərbaycan Prezidenti İlham Əliyev Ulu Öndər Heydər Əliyevin ən mühüm vəsiyyətini yerinə yetirib və onun Ali Baş Komandanı olduğu qəhrəman Ordu 30 ildən artıq işğal altında qalan torpaqlarımızı düşmən tapdağından azad edib. Bu gün qədim mədəniyyət paytaxtımız olan Şuşa şəhərində, Xankəndində Azərbaycan Bayrağı dalğalanır, ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam təmin edilib.

Mədəniyyət