“İrs” jurnalının yapon dilində növbəti nömrəsi işıq üzü görüb

post-img

Azərbaycan həqiqətlərinin, mədəniyyətinin dünyada tanıdılmasında mühüm rol oynayan “İrs” beynəlxalq jurnalının yapon dilində növbəti nömrəsi nəşr olunub.

Sözügedən buraxılışda Azərbaycanın təbiət mənzərələri, turizm sahəsinin inkişafı və tarixi abidələri barədə geniş məlumatlar əksini tapıb. Azərbaycan və Yaponiya arasında diplomatik münasibətlərinin tarixi barədə məqalə də jurnalın sonuncu nəşrində yer alıb. Bundan başqa, Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın davam etmiş işğalçılıq siyasəti və onun ağır nəticələri, Azərbaycanın tarixi, dini və mədəni abidələrinə qarşı törədilmiş vəhşiliklər, şəhər və kəndlərin dağıdılması haqqında ətraflı məlumat verilib.

Nəşrdəki məqalələrdə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun 2020-ci ilin payızında 44 günlük Vətən müharibəsində Ermənistanın işğalına son qoymasından, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan bərpa-yenidənqurma işlərindən söz açılıb.

Jurnalın nüsxələri Yaponiyanın dövlət və hökumət qurumlarına, elmi-tədqiqat institutları və beyin mərkəzlərinə, kitabxanalara və ali təhsil ocaqlarına göndərilir, habelə ölkəmizin Yaponiyadakı səfirliyinin keçirdiyi tədbirdə qonaqlara təqdim edilir.

 
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri 

Pekin











Mədəniyyət