Dahi Nizaminin obrazını yaradan rəssam

post-img

1939-cu ildə dahi Nizami Gəncəvinin 800 illik yubileyi ərəfəsində onun bədii obrazının yaradılması ilə bağlı rəssamlar arasında müsabiqə elan edilir. Müsabiqədə Azərbaycan rəssamları ilə yanaşı, keçmiş SSRİ-dən, Moskva, Sankt-Peterburq, Tbilisi və başqa şəhərlərdən 30-a qədər portret təqdim olunur. Xalq rəssamı Qəzənfər Xaqlıqovun yaratdığı portret müsabiqənin birincisi olur. O vaxtdan  şairin rəssamlar tərəfindən yaradılacaq bütün obrazlarında Q.Xalıqovun yaratdığı Nizaminin surəti prototip kimi qəbul edilir.

Qəzənfər Xalıqov Azərbaycan təsviri sənət tarixində iz qoymuş sənətkarlardan biridir. Rəngkarlıq, qrafika, teatr dekorasiya və kino rəssamlığı, eləcə də monumental boyakarlıq sahəsində onun yaddaqalan bədii yaradıcılıq işləri olub.

Çoxşaxəli bədii yaradıcılıq diapazonuna malik rəssam Qəzənfər Xalıqov 1898-ci ildə Bakının Qobu qəsəbəsində anadan olub. Bakıda orta məktəbi bitirəndən sonra Azərbaycan Dövlət Rəssamlıq Məktəbinə daxil olub. M.Gerasimovdan sənət dərsi alıb. Sonra o, C.Məmmədquluzadənin dəvəti ilə məşhur “Molla Nəsrəddin” jurnalında işə başlayır. Rəssam bu barədə “Bakı” qəzetinin 27 may ­1967-ci il nömrəsində yazırdı: “1924–­25-ci illərdə mən “Gənc işçi” qəzetində rəssam işləyirdim. Bir gün işə gələndə dedilər ki, səni “Molla Nəsrəddin” jurnalına çağırırlar. Getdim. Çox sıxıldığımı görən Mirzə Cəlil dedi ki, cavan rəssamsan, gəl, bizim jurnalda da qələmini işlət. Dedim ki, sizin jurnalda işləmək üçün kifayət qədər təcrübəm yoxdur. Bunun cavabında Mirzə Cəlil mənə dedi: “Hamı əvvəl təcrübəsiz olur. Heç kəs birdən-birə böyük rəssam olmayıb. Görürsən, bu saat bizim rəssamlarımız azdır. Gərək cavanlardan təzə-təzə rəssamlar yetişsin”...

Beləcə, Qəzənfər Xalıqov böyük sənətə uğurlu addımlarını atıb. Xalq rəssamının rəngkarlıq işlərindən “Qadınlar şöbəsi”, “Firdovsinin dəfni”, “Çoban Cümşüdün portreti”, “Həyat yoldaşının portreti”, “Nizaminin portreti” əsərlərini xüsusi qeyd etmək olar. Qrafika sahəsində də “Koroğlu”, “Koroğlu at belində”, “Xaqani Şirvani”, “Xaqani zindanda”, “Məhəmməd Füzuli” kimi uğurlu işləri var.  Rəssamın M.Seyidzadənin “Nərgiz” poemasına,  N.Gəncəvinin “Xosrov və Şirin”, “İsgəndərnamə” poemalarına çəkdiyi illüstrasiyalar,  Ş.Rustaveli “Pələng dərisi geymiş pəhləvan”, Ə.Vahid “Qəzəllər” (1938), S.Rəhimov “Aynalı”, A.Şaiq “Qoçpolad”, S.Vurğun “İstiqbal təranəsi” kitablarına verdiyi bədii tərtibat təqdirəlayiq işlərindəndir. Həmçinin “Leyli və Məcnun”, “Əsli və Kərəm” kimi məşhur tamaşaların səhnə və geyim tərtibatı Qəzənfər Xalıqova məxsusdur. Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində tələbələrinə uzun illər təsviri sənətin sirlərini öyrədib. 

Bacısı qızı Gülşən Adıgözəlovanın bildirdiyinə görə, dayısı tez-tez onlara Nizaminin portretini necə yaratması barədə danışırdı: 

– Deyirdi, portreti yaradıncıya qədər Nizaminin bütün əsərlərini dəfələrlə oxuyub. Əvvəlcə o portret dayımın düşüncəsində yaranıb, bütövləşib, sonra onu işləməyə başlayıb. Dayım bəşəri dəyərlərə qiymət verən insan idi. Fikir verirsinizmi, çox vaxt mütəfəkkirlərin portretini yaradıb. Ondan çox şey öyrənə bilərdik, amma gənc olmuşuq, bunu dərk edə bilməmişik. İndi düşünüb, xatırlayıb, yadigar əməllərindən öyrənirik. 

Bacısı oğlu Nazim Əliyevin xatirəsi: 

– Bir dəfə dayımdan soruşdum ki, “Xaqaninin dəfni” əsərində elə bil camaat yüyürür. Dedi, əhsən, düzgün anlamısan, çalışmışam onu verim.  Ərəbistanda dəfnə insanlar yüyürək gedirlər. Bir dəfə də axşam yığışmışdıq onun evinə, Xalq rəssamı fəxri adını alması münasibəti ilə təbrik edirdik. Ona zəng gəldi, bizə susmaq işarəsi verib, düz 1 saat yarım telefonla danışdı və sonra dedi ki, Ulu öndər idi, məni təbrik edirdi.  Bu iki xatirə qalıb yaddaşımda... 

Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov:

– Qəzənfər Xalıqov Azərbaycan təsviri sənətini yaradanlardan biridir. Rəssamlıq sənəti bu gün inkişaf edir və bu yüksəlişdə Qəzənfər müəllimin mühüm yeri var. Son dərəcə kübar adam idi. Onun bizə əmanət qalan işlərində göstərir ki, adı rəssamlıq tarixinə qızıl hərflərlə yazılan sənətkardır. 

Azərbaycan Milli İncəsənət Muzeyində unudulmaz sənətkarın “Firdovsinin dəfni” və “Nizaminin portreti” əsərləri nümayiş olunur. Qəzənfər Xalıqov həmçinin “Abbasın bədbəxtliyi” cizgi filmində, “Sehrli xalat”, “İstintaq davam edir” bədii filmlərində quruluşçu rəssam kimi çalışıb.

Görkəmli rəssam Qəzənfər Xalıqov 1981-ci ildə Bakıda vəfat edib. II Fəxri xiyabanda dəfn edilib. 

R.QURBANLI 
XQ

 

Mədəniyyət