Avropa İttifaqında genişlənmə hazırlığı

post-img

“Köhnə dünya” növbəti genişlənmə barədə hazırlıqlara başlayır. Sammitin ilk günündə Avropa İttifaqı (Aİ) ölkələrinin liderləri bir sıra tarixi qərarlar qəbul ediblər. Gürcüstana Aİ-yə üzv olmaq üçün namizəd statusu verilib, Moldova və Ukrayna isə növbəti mərhələyə yüksəlib. Aİ yaxın zamanlarda hər iki ölkə ilə ittifaqa daxil olmaq məqsədi ilə substantiv danışıqlara başlayacaq. Əsas intriqa isə Ukrayna ilə bağlı olub. Macarıstanın baş naziri Viktor Orban Aİ-nin Kiyevlə danışıqlarının başlamasına son ana qədər müqavimət göstərib. Amma yekunda Ukrayna ilə bağlı məsələ müsbət sonluqla nəticələnib. Kiyev Brüsselin qərarını “həvəsləndirən, ruhlandıran və gücləndirən qələbə” adlandırıb.

Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel özünün X sosial şəbəkəsində iki günlük sammitin birinci gününün yekunlarına əsasən yazıb ki, Avropa Şurası Ukrayna və Moldova ilə onların Aİ-ə qəbulu ilə bağlı danışıqlara başlamaq qərarına gəlib. Bundan əlavə, o, Gürcüstanı da sevindirib. Məlum olub ki, Tbilisiyə ittifaqa üzv olmaq üçün çoxdan gözlənilən namizəd ölkə statusu verilib. Yalnız Bosniya və Herseqovinanın bəxti gətirməyib. Ş.Mişel bildirib ki, Aİ ölkələrinin liderləri respublikanın ittifaqa daxil olması ilə bağlı danışıqlara hələ də yaşıl işıq yandırmayıblar. 

Aİ-nin qərarları Kiyevdə böyük sevinclə qarşılanıb. Ukrayna prezidenti Vladimir Zelenski X sosial şəbəkəsində yazıb ki, Aİ-nin qərarları Ukrayna üçün, bütün Avropa üçün qələbədir: “Həvəsləndirən, ruhlandıran və gücləndirən qələbə”. Moldova prezidenti Maia Sandu isə Brüsseldən gələn xəbərə belə reaksiya verib: “Bu, bizim tariximizin yeni səhifəsidir. İki il əvvəl heç kim 2023-cü ildə Avropa Komissiyasının Moldovanın Aİ-yə daxil olması ilə bağlı danışıqlara başlamağı təklif edəcəyini ağlına belə gətirmirdi... Biz avropalıyıq və bütün Avropa İttifaqı bunu tanıdı”. Gürcüstanın baş naziri İrakli Qaribaşvili də vurğulayıb ki, namizəd statusunun verilməsi “Gürcüstanın gələcəyini Avropa demokratiyaları ailəsi ilə möhkəm bağlayacaq”. 

İki günlük Zirvə görüşündən gözləntilər əvvəlcədən mümkün olan ən yüksək səviyyəyə qaldırılmışdı. “Bizi qarşıda ən mühüm Avropa Şurası gözləyir. Qərar vermək vaxtıdır. Mən hamınızı kompromis ruhu və kollektiv məsuliyyət hissi ilə, ittifaqın maraq və dəyərlərini ön planda tutaraq müzakirələrə gəlməyə çağırıram”, - Şarlz Mişel Aİ-nin üzv ölkəsinin liderlərinə müraciət etmişdi. Ş.Mişelin belə müraciətlə çıxış etməsi təsadüfi deyildi. Çünki Brüsselə hamı “güzəşt ruhu” ilə getmirdi. Məsələn, Macarıstanın baş naziri Viktor Orban uzun və qətiyyətlə Kiyevin Aİ-yə qəbulu ilə bağlı danışıqların dərhal başlaması ilə razılaşmayacağını bildirmişdi. Çərşənbə günü axşam milli parlamentdəki çıxışında cənab Orban demişdi ki, Macarıstan “Avropada sağlam düşüncənin səsidir”. Cümə axşamı da səhər sammit başlamazdan əvvəl o, öz mövqeyini təkrarlamışdı: “Genişlənmə nəzəri məsələ deyil. Bu, ilkin şərtləri olan ləyaqətə əsaslanan, hüquqi cəhətdən təfərrüatlı bir prosesdir”. 

Aİ sammitinin uğursuzluqla bitməməsində maraqlı olan Viktor Orbanın həmkarları Macarıstanın baş nazirini güzəştə getməyə inandırmaq üçün fəal şəkildə müzakirələrə başlamışdılar. Belə ki, dekabrın 14-də sammit rəsmi başlamazdan əvvəl bu yaxınlarda Budapeştə gedən Şarl Mişel, bir həftə əvvəl Parisdə cənab Orbanı qəbul edən Fransa prezidenti Emmanuel Makron və əsas dəstəkçilərindən Almaniya kansleri Olaf Şolz Ukraynaya hərbi yardımı davam etdirən Macarıstan hökumətinin başçısı ilə birgə səhər yeməyi təşkil etmişdi. Sonra İtaliyanın Baş naziri Giorgia Meloni cənab Orbanla üzbəüz danışmışdı. 

İrlandiyanın baş naziri Leo Varadkar isə demişd ki, "Ukrayna Aİ və ABŞ-dan dəstək almasa, Putin qalib gələcək. Sərt xətt tərəfdarlarının narahatlıqları cümə axşamı günü daha bir xəbərlə daha da artmışdı. “Reuters” agentliyi Aİ mənbələrinə istinadən xəbər vermişdi ki, Rusiyaya qarşı 12-ci sanksiyalar paketinin qəbulu gözlənilməz çətinliklərlə üzləşib. Paket Ukraynadan “Raiffeisen Bank International” bank qrupunu “Rusiyanı dəstəkləyən” şirkətlərin Ukraynanın qara siyahısından çıxarmağı tələb edən Avstriya tərəfindən bloklanmışdı. Yəni Vyana Ukraynanın Macarıstanın OTP bankını qara siyahıdan çıxarması üçün əvvəllər təxminən eyni üsullardan istifadə edən Budapeştin yolu ilə getməyə qərar vermişdi.Amma sonradan məlum oldu ki, Avstriya etirazını geri götürdü.

Amma bütün narahatlıq gözlənilməz nəticə ilə yekunlaşdı. Qərb mətbuatı yazır ki, səsvermə zamanı Viktor Orban iclas zalında iştirak etmədi. Sonradan məlumat yayıldı ki, səsvermə öncəsi Almaniya kansleri Olaf Şolts cənab Orbana fincan qəhvə içmək üçün zaldan çıxmağı təklif edib. Beləliklə də, Aİ-nin 26 ölkəsi yekdilliklə Ukraynanın növbəti mərhələyə çıxmasına səs verib. Bununla belə, sammitin ilk gününün nəticələrini şərh edərkən cənab Orban bildirib ki, Budapeşt Kiyevlə danışıqlara başlanılmasını “tamamilə mənasız, məntiqsiz və yersiz” hesab edir. Belə görünür, Macarıstanın Aİ ilə mübahisələri hələ çox davam ­edəcək.

S.ELAY 
XQ

 

Dünya