Tarixi mənbələr göstərir ki, 1895-ci ildən Gəncədə kiçik teatr truppası mövcud olub. Burada dövrünün mütəfəkkür və içtimai xadimləri olan M. F. Axundzadə və N. B. Vəzirovun pyesləri əsasında ilk tamaşalar hazırlanıb. Daha sonra “Gəncə müsəlman məclisi”nin nəzdində Əbdürrəhim bəy Haqverdiyevin təşkil etdiyi teatrda oynanılan əsərlər böyük maraqla qarşılanıb.
Gəncədə “Qız məktəb”i tələbələrinin ilk dram truppasına isə rejissor Əsəd Şıxzamanov rəhbərlik edib. Həmkarlar klubu nəzdində fəaliyyət göstərən digər truppada görkəmli rejissor Ədil İsgəndərov, tanınmış sənətkarlardan Barat Şəkinskaya, rejissor və aktyor Mir İbrahim Həmzəyev və başqaları fəaliyyət göstəriblər.
Üç il öncə, may ayının 18-də Gəncə Teatrının dövlət statusu almasının 100 ili tamam olub. Sovet hakimiyyətinin ilk illərində teatra rəhbərlik işi Azərbaycan Xalq Maarif Komissarlığı nəzdində İncəsənət şöbəsinə tapşırılıb. Gəncə Dövlət Dram Teatrında ömürlərini sənətə fəda edən Əməkdar incəsənət xadimləri – rejissorlar Yusif Bağırovu, Həsən Ağayevi, Bəhram Əfəndiyevi, Hüseyn Sultanovu, Vaqif Şərifovu, rejissor Nəsir Sadıqzadəni, Yusif Yıldızı, Xalq artistləri İsmayıl Talıblını, Mehdi Məmmədovu, Barat Şəkinskayanı, Ələkbər Seyfini, Məmmədrza Şeyxzamanovu, Ələddin Abbasovu, Məhəmməd Burcəliyevi, Sədayə Mustafayevanı, Əşrəf Yusifzadəni, Rəmziyyə Veysəlovanı, Zülfüqar Baratzadəni, əməkdar artistlər Əhməd Salahlını, Reyhan Tağıyevanı, Sadıq Həsənzadəni, Səməd Tağızadəni, Əli Rzayevi, Ağa Məmmədovu, Rza Nadirovu, Məmməd Cəfərovu, Kərim Sultanovu, Ətayə Əliyevanı, Yusif Qazıyevi, Qurban Abbasovu, Simuzər Namazovanı, Vaqif Məmmədovu və digərlərinin böyük sənət fədailəri olaraq qeyd etməmək mümkün deyil. Bu istedadlı insanlar teatrın səhnəsində maraqlı və bitkin obrazlar qaleriyası yaradıblar. Bir çox maraqlı əsərlərə səhnə həyatı bəxş edilib.
Azərbaycan teatrında ilk dəfə olaraq məhz Gəncə səhnəsində qədim yunan dramaturgiyasına müraciət edilib. Əməkdar İncəsənət xadimi Yusif Bağırovun quruluşunda Evripidin “Medeya” və Sofoklun “Antiqona” faciələri uğurla tamaşaya hazırlanıb. 1957-ci ildə Xalq artisti Məhəmməd Burcəliyevin təklifi ilə Gəncə Dövlət Dram Teatrının səhnəsində Nazim Hikmətin “Kəllə” faciəsi hazırlanıb. O zaman Nazim Hikmət Gəncəyə gəlib tamaşaya baxaraq yüksək fikirlər söyləyib.
Teatrda səhnəyə qoyulan bir sıra tamaşa mötəbər festivalların mükafatlarına layiq görülüb. Bu gün Gəncə Dövlət Dram Teatrında bir nəfər Respublikanın əməkdar mədəniyyət işçisi, iki nəfər Xalq artisti, səkkiz nəfər Əməkdar artist, iki nəfər isə Prezident mükafatçısı olaraq fəaliyyət göstərir.
Bütün qeyd edilən uğurlarla yanaşı, bu gün Gəncə Teatrı yaradıcılıq imkanlarını daha da genişləndirib. Yaradıcı kollektiv Avrasiya Teatrlar Birliyinin təşkilatçılığı və Maltəpə Bələdiyyəsinin dəstəyi ilə V Maltəpə Beynəlxalq Teatr Festivalında E. İoneskonun “Kral ölür” tamaşası ilə uğurla çıxış edib, Kral Beranje rolunu oynayan Əməkdar artist Elxan Abbasov isə “Ən yaxşı kişi aktyoru” nominasiyasında mükafata layiq görülüb. Həmçinin yaradıcı kollektiv eyni tamaşa ilə ETHOS Ankara Beynəlxalq Teatr Festivalında iştirak edib. Bununla yanaşı, teatr Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 və peşəkar Azərbaycan Teatrının 150 illiyi ilə əlaqədar olaraq E. İoneskonun “Kral ölür” tamaşası ilə Türkiyənin Trabzon, Ankara, Amasya və Gürcüstanın Ozurgeti şəhərlərində də qastrol səfərlərində olaraq müxtəlif mükafatlar alıb.
Yaradıcı kollektiv hər zaman repertuar zənginliyinə xüsusi diqqət yetirərək yeni-yeni səhnə əsərlərinin hazırlanmasına çalışır. Bu ilin sonuna üç yeni əsər üzərində yaradıcılıq işləri aparılır. Artıq Əziz Nesinin “Toros canavarı” komediyasının məşqlərinə başlanılıb. Qeyd edək ki, tamaşanın quruluşçu rejissoru İstanbul Maltepe Bələdiyyə Teatrının baş rejissoru Kubilay Erdelikaradır. Həmçinin paralel olaraq Ə. B. Haqverdiyevin “Pəri cadu” (quruluşçu rejissor Elşad Əhmədov) və Xanım Həsənovanın qələmə aldığı “Şənliyə gəl, şənliyə” (quruluşçu rejissor Şahmar Məmmədov) pyesləri üzərində də yaradıcılıq işləri aparılır.
Azərbaycan Prezidenti İlham Əliyevin milli mədəniyyətə göstərdiyi qayğının bariz nümunəsi olaraq, Gəncə Dövlət Dram Teatrı üçün əzəmətli bir bina tikilib və 30 yanvar 2022-ci ildə ölkə başçısının iştirakı ilə istifadəyə verilib. Qeyd etmək lazımdır ki, yeni binada 478 yerlik böyük tamaşaçı zalı, 22 tamaşaçı yerlik lojalar və 120 yerlik kiçik tamaşa zalı mövcuddur. Yeddimərtəbəli binada, həmçinin iki zaldan, 135 eksponat və rəsm əsərlərindən ibarət Gəncə Teatr Muzeyi, zəngin kitabxana, xoreoqrafiya zalı, qrim otaqları, mehmanxana, kafe və digər zəruri infrastruktur yaradılıb. Bir sözlə, teatrın yeni binasında tamaşaların nümayişi üçün hər cür texniki şərait təmin edilib, yaradıcı heyətin məşqləri ilə bağlı bütün məqamlar nəzərə alınıb.
Bəli, 128 illik tarixi yol keçən Gəncə Dövlət Dram Teatrı hər zaman tamaşaçılarının qarşısında uğurlu hesabat verir. Cari teatr mövsümündə də yaradıcı kollektiv yerli və xarici dramaturqların əsərlərinə yeni səhnə həyatı bəxş etməkdədir.
Anar Ərtoğrul Burcəliyev,
teatrşünas-tənqidçi