Azərbaycan Dövlət Teatr Muzeyində tanınmış fotoqraf Rafiq Bağırovla görüş keçirilib

post-img

Dekabrın 9-da Azərbaycan Dövlət Teatr Muzeyində “İRƏLİ” İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Gənclər Fondunun dəstəyi ilə tanınmış fotoqraf Rafiq Bağırovla görüş baş tutub.

Görüş Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü və “Heydər Əliyev İli”nə həsr olunmuş tədbirlər proqramı çərçivəsində keçirilib.

Tədbir müddətində diqqətə çatdırılıb ki, Ulu Öndər Heydər Əliyev həyatının bütün mərhələlərində daim Azərbaycanın inkişaf və tərəqqisi naminə çalışıb. Ümummilli Liderin əsasını qoyduğu dövlət siyasəti hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi vurğulanıb. Həmçinin bildirilib ki, Ulu Öndərin gənclər sahəsinə olan diqqəti bu sahənin inkişafını şərtləndirən əsas amillərdən biri idi.

Ölkəmizdə gənclərin sağlam, vətənpərvər, rəqabətədavamlı və milli ruhda inkişafını özünün əsas istiqaməti olaraq müəyyənləşdirən “İRƏLİ” İctimai Birliyi də bu sahədə fəaliyyəti ilə dövlət gənclər siyasətinə töhfələr verməkdədir. Qeyd olunub ki, təşkilat tərəfindən “Heydər Əliyev İli” çərçivəsində paytaxt və bölgələrimizdə bir sıra tədbir və layihələr icra olunub və il sonunadək bu sahədə tədbirlərin icrası davam etdiriləcək.

Görüşün davamında fotoqraf Rafiq Bağırov geniş təqdimatla çıxış edib. O Ümummilli Lider Heydər Əliyevin şəxsi fotoqrafı olduğu dövrə nəzər salaraq, həmişəyaşar liderlə xatirələrindən söhbət açıb. Görüş auditoriyanın çoxsaylı suallarının cavablandırılması və qarşılıqlı diskussiya formatında davam edib.

Sonda xatirə şəkli çəkdirilib.

Mədəniyyət