Şövqidən varmı? Göstərin! - Əliqismət Lalayev yazır

post-img

Tale elə gətirib ki, Azərbaycan teatrında, doğrudan da, Şövqi adında ikinci bir aktyor yoxdur. Necə deyərlər, teatr ictimaiyyətində Şövqi bir dənədir, həm hərfi mənada, həm də məcazi mənada. Aktyor Şövqi deyəndə hamı bilir ki, söhbət Şövqi Hüseynovdan gedir.

Mən Şövqini otuz ilə yaxındır ki, tanıyıram. İlk tanışlığımız 90-cı illərin əvvəllərinə təsadüf edir. O zaman Mədəniyyət Nazirliyində təzəcə işə başlamışdım və Şövqi ilə Lənkəranda tədbirlərin birində tanış olmuşdum. O vaxt Şövqi 21-22 yaşlı gənc tələbə idi. Amma sənəti haqqında danışanda o qədər sevgi ilə, o qədər emosional danışırdı ki, həmin görüşdə olan hər kəsin diqqətini cəlb edirdi. İllər keçəndən sonra onun sənət müəllimi olmuş Xalq artisti, pedaqoq və rejissor, hamımızın qəlbində böyük yeri olan Cənnət Səlimovanın Kamera Teatrında, elə onun quruluşunda hazırlanan tamaşalarda ard-arda oynadığı rollar - Qazı ("Danabaş kəndinin əhvalatları" C.Məmmədquluzadə, 1991), Skapen ("Skapenin kələyi" J.B.Molyer, 1992), Poprışşin ("Dəlinin qeydləri" N.Qoqol, 1995), Kin ("Edmund Kin" Q.Qorin, 1994), Vəzir ("Vəziri-xani Lənkəran" M.F.Axundov, 1996) kimi surətlər Şövqini bu teatrda digər məsləkdaşlarının hamısından fərqləndirdi.

Kamera Teatrı ilə bağlılığımdan və onun yaradıcılığına maraq göstərdiyimdən bilirdim ki, Şövqi, eyni zamanda, bu teatrın təşkilati məsələlərində də öz müəlliminə ən yaxın köməkçi idi və hər zaman onun yanında olurdu. Çox keçmədən böyük imkansızlıq şəraitində işə başlayan Kamera Teatrı orada çalışan gənclərin sanki ata ocağına çevrildi. Bu uşaqlar səhər açılandan gecə yarıyadək teatr üçün Şəhriyar sarayında ayrılmış o kiçik məkanda, sənətə, teatra sevgi ilə dolu olan o "quş yuvasında" bir-birindən maraqlı, bir-birindən fərqli tamaşalar hazırlayaraq Bakının teatr ictimaiyyətini sözün həqiqi mənasında öz ətraflarına toplaya bildilər. 2009-cu ilin oktyabr ayına kimi fəaliyyət göstərən teatr demək olar ki, dünyanın ən müxtəlif, nüfuzlu festivallarında ölkəmizi ləyaqətlə təmsil edirdi. Teatrın əsas repertuarını Xalq artistləri Cənnət Səlimova və İrina Perlovanın tamaşaları təşkil edirdi və hər zaman bu tamaşalar Bakıya qələbə sorağı ilə qayıdanda Mədəniyyət Nazirliyinə baş çəkərək bu uğurlardan bizi agah edən də Şövqi olurdu.

 

Bu illər ərzində Şövqini başqalarından fərqləndirən bir xüsusiyyətidə meydana çıxdı. Şövqi monotamaşalar ifaçısı kimi bir ilkə imza atdı. 1995-ci ildən başlayaraq monotamaşalar ifaçısı kimi dünyanı dolaşan Şövqi Hüseynov Poprışşin ("Dəlinin qeydləri" N.Qoqol, quruluşçu rejissor C.Səlimova), Kontrabasçı ("Kontrabas" P.Zyüskind, rejissor İrina Perlova), Feyerbax ("Mən Feyerbaxam" T.Dorst, rejissor Şövqi Hüseynov) obrazları ilə İran (Tehran, Ərdəbil, Rey, Zəncan, Şahrud, Əhvaz, İsfahan, Qəzvin, Ərak, Bəndər-Abbas, Təbriz), Rusiya (Moskva, Sankt-Peterburq, Lobnya, Kineşma, Elista, Nijnevartovsk, Həştərxan), Belarusiya (Minsk, Brest, Babruysk), Moldova (Kişinyov), Ukrayna (Kiyev, Xmelnitsk, Çerniqov), Türkiyə (Ankara, İzmir, Dənizli), Böyük Britaniya (London), Şri-Lanka (Kolombo), Litva (Vilnyus), Tatarıstan (Buinsk), Makedoniya (Bitola), Amerika (Boston) kimi dövlətlərdə beynəlxalq teatr festival və forumlarında iştirak edərək müxtəlif mükafatlara layiq görüldü. Bəlkə də, bu ölkələrin adları yazıda çox adi görünür, amma sərhədlərimizdən uzaqlarda Azərbaycan teatrını təbliğ etmək, ona şöhrət gətirmək, yudumuzla heç bir tanışlığı olmayan millətlərin sənət adamlarında Azərbaycana böyük diqqət yaratmaq heç də asan məsələ deyil. Şövqi iştirak etdiyi bu teatr məclislərində, sənət görüşlərində hamı ilə o qədər səmimi, o qədər yaxın davranır ki, həmin tədbirlərin iştirakçıları öz ölkələrində bu və ya digər teatr festivalları təşkil edərkən, ilk növbədə Şövqiyə telefon açırlar. İndiyə qədər adını çəkdiyim rollar və əsərlər Kamera Teatrının, eləcə də 2009-cu ildən etibarən Gənc Tamaşaçılar Teatrının repertuarındadır.

Çox yaxşı yadımdadır. Üstündən cəmi 10 il keçir. Teatrımızın yeni binasında "O olmasın, bu olsun" tamaşasını bərpa etmək üçün hörmətli Cənnət xanımla görüşdüm. Cənnət xanım bu tamaşanı 90-cı illərin sonlarında, elə bu teatrda Xalq artisti, ölməz sənətkarımız Hacıbaba Bağırovla hazırlamışdı. Sonrakı illərdə, Hacıbaba Bağırovun vəfatından sonra, bu rol Xalq artisti Ramiz Məmmədova tapşırıldı və onun uğurlu ifası ilə İranda keçirilən Fəcr Festivalında birinci mükafata layiq görüldü. Tamaşanın yeni binada, yeni quruluşda bərpa olunması isə bu rolda yeni ifaçının təqdim olunmasını tələb edirdi. Mən hələ 2006-cı ildə Kamera Teatrında Cənnət Səlimovanın quruluşunda "Şeyx Sənan" tamaşasına baxmışdım və Şeyx Sənan rolunda Şövqi Hüseynovun bir neçə mahnı ifa etməsi də diqqətimi çəkmişdi. Gözəl tenor səsə malik Şövqinin bəstəkar Firudin Allahverdinin musiqilərini şövqlə ifa etməsi yaddaşımda idi və bu səbəbdən Cənnət xanımla görüşümdə ilk olaraq Şövqi Hüseynovu Məşədi İbad roluna təklif etdim. Təbii ki, mən Cənnət xanımın Şövqiyə münasibətini, onların arasında olan ana-övlad sevgisini yaxşı bilirdim. Əmin idim ki, Cənnət xanım bu təklifə etiraz etməyəcək, əksinə, daha da çox sevinəcək. Bu, gözlədiyim kimi də oldu. Şövqini teatra dəvət etdik və bununla da Şövqi Hüseynovun 2014-cü ildən bizim teatrla əməkdaşlığı başladı. Açığını deyim ki, Şövqi Akademik Musiqili Teatrda öz mövqeyini tutana qədər çox çalışmalı oldu. İstər tərəfdaşları ilə münasibətdə, istər texniki işçilərlə davranışda təzə aktyor üçün özünü sevdirmək asan məsələ deyil. Şövqi isə bunun öhdəsindən bacarıqla gəldi. Bu gün Şövqi teatrımızın repertuarında olan bir neçə tamaşada əsas rolların ifaçısıdır. "Məşədi İbad" (Ü.Hacıbəyli), "Bəxtiyar" (T.Quliyev), "Balaca şahzadə" (R.Ağababayev, A.S.Ekzüperi), "Nuri-didə Ceyhun" (Ə.Əmirli), "Kimyagər" (S.Kərimi, M.F.Axundzadə) tamaşalarındakı obrazları onun yaradıcılığında yeni səhifədir.

Məni Şövqiyə daha çox yaxınlaşdıran Cənnət Səlimovanın bizim teatrda hazırladığı "Utancaq qız" (F.Dostoyevski) tamaşası oldu. Çox istəyirdim ki, teatrımızın kiçik səhnəsində də kamera əsərləri, xüsusən mono tamaşalar yaransın. İdeya müəllifi olaraq, bu işi artıq çox böyük təcrübəsi olan Şövqi Hüseynovla həyata keçirmək istədim. Cənnət xanım da mənimlə razılaşdı və 2022-ci ilin dekabr ayında, yeni ilə iki gün qalmış biz "Utancaq qız" tamaşasının premyerasını keçirdik. COVİD qorxusundan yenicə qurtulan kollektiv Şövqinin bu tamaşasını sürəkli alqışlarla qəbul etdi. Üstündən cəmi iki il keçir, amma biz bu tamaşa ilə İranda (Tehran), Tatarıstanda (Buinsk), Belarusiyada (Brest, Babruysk) çıxışlar etmişik.

Deyirlər, insanı yolda tanıyarlar. Həqiqətən belədir. Bu səfərlər zamanı Şövqinin duzlu-məzəli əhvalatları, çox istedadlı, bəstəkar olmağa hazırlaşan bircəcik balası Ülvi, eləcə də, tələbə auditoriyasından üzü bəri onunla çiyin-çiyinə addımlayan, xaricə çoxsaylı səfərləri zamanı onu hava limanından yola salan və vaxt-bivaxt Bakıya qayıdarkən limandaca böyük sevgi ilə qarşılayan, bu gün də onunla Gənc Tamaşaçılar Teatrında eyni səhnəni bölüşən ömür-gün yoldaşı Şəbnəm xanım, həmçinin, sənət müəllimləri, xüsusən, Cənnət Səlimova ilə bağlı xoş xatirələri, arzuları, oynamaq istədiyi rollar, birlikdə çalışdığımız universitetin tələbələri haqqında fikirləri, sənət yolunda gördüyü çətinliklər otuz ildən artıq yaradıcılıq yolu keçən bir aktyoru təpədən dırnağa qədər mənə tanıdıb.

 

Şövqi bu gün Azərbaycan Respublikasının Əməkdar artistidir. Müxtəlif illərdə Prezident Mükafatına layiq görülüb. Rusiya Federasiyasının Kalmıkiya vilayətinin Əməkdar artisti fəxri adını daşıyır. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin "Zirvə" (Məşədi İbad roluna görə) və Azərbaycan Teatr Xadimləri İttifaqının "Qızıl Dərviş" mükafatlarına layiq görülüb. Bütün bunlar mənim özümdə də bir qürür hissi doğurur, nə yaxşı ki, teatr sənətimizdə belə bir aktyor var.

O, hər sahədə böyük canfəşanlıqla çalışır, istədiyi nəticəni əldə edənə qədər davam edir. Uğura aparan yol nə qədər uzun olsa da, onu yormur. Bütün bunları bildiyimdən mən Şövqi Hüseynov haqqında yazmağı qərara aldım. Və düşündüm ki, biz yazmasaq...

Şövqi bir teatr aktyoru olaraq istər Kamera Teatrında, istər Gənc Tamaşaçılar Tearında, istərsə də Akademik Musiqili Teatrda üst-üstə 45 sevilən obraza səhnə həyatı verib və bu tamaşaların hər birində özünün təbii və emosional oyunu ilə tərəf-müqabillərindən hər zaman seçilib. Onun üçün müsbət və ya mənfi obraz təmayülü yoxdur - səhnədə İNSAN var, Şövqi bu insanın hər cür xüsusiyyətlərini ən dərin qatlarına qədər öyrənərək özününküləşdirir və bizə təqdim edir. Ona inanırsan, onun gördüyü işə - başqalaşmasına heyrət edirsən. Bir də Şövqini ona görə sevirsən ki, o, bir aktyor olaraq "özünü səhnədə yox, səhnəni özündə sevir" (K.Stanislavski) və bu sevgini hər oyununda öz tamaşaçısında belə yaratmağa səy göstərir.

Təkcə tamaşalara deyil, stolarxası məşq prosesindən başlayaraq əsər təhvil verilənə qədər hər bir məşqə ciddidən-ciddi münasibəti, yaşından asılı olmayaraq - istər yaşlı, istər gənc olsun, tərəf-müqabilinə böyük hörməti onu truppada hamının sevimlisinə çevirib. Onun iştirakı ilə hazırlanan tamaşalardan söz açanlar ilk növbədə Şövqi Hüseynovun yaratdığı obrazı dəyərləndirirlər.

Şövqinin 1991-cı ildən başlayan yaradıcılıq yolunda otuza yaxın teatr festivallarının mükafatları var. İstər çalışdığı teatrların tamaşaları ilə, istərsə də mono ifaçı olaraq iştirak etdiyi beynəlxalq teatr festivallarında qazandığı ödüllər onu böyük teatr məkanında istedadlı aktyor kimi tanıdıb. Bu coğrafiya Türkiyə və İrandan tutmuş yuxarıda qeyd etdiyim kimi, okeanın o tayına - Amerikaya qədər uzanıb gedir. İndi dünyanın ayrı-ayrı ölkələrində düzənlənən beynəlxalq teatr yarışlarının təşkilatçıları Azərbaycan adına daha çox Şövqi Hüseynovu tanıyır, ona etibar etməkdən çəkinmirlər. Bəzi məsələlərdə onun rəyi ilə razılaşırlar. Artıq bu nüfuz məsələsidir və Şövqi bu nüfuzu hər zaman sərgilədiyi cəlbedici sənəti ilə qazana bilib. Tehrana (İran), Buinska (Tatarıstan), Babruyska, Brestə (Belarusiya) - teatr festivallarına gedəndə Şövqi ilə yol yoldaşı olmuşuq və bu festivallarda dünyanın dörd bir yanından gələn sənət adamlarının Şövqiyə necə yanaşdıqlarının şahidiyəm.

Kino yaradıcılığı Şövqi Hüseynovun bu sahəyə də böyük sevgi və sənət fədakarlığı ilə yanaşdığını təsdiq edir. O, on beşə yaxın bəddi film, televiziya tamaşası və seriallarda müxtəlif səpkili rolların ifaçısı olub.

Şövqi haqqında - oynadığı rollar, aldığı mükafatlar, iştirak etdiyi Beynəlxalq festivallar, orada qazandığı qələbələr haqqında saatlarla danışmaq olar. Amma mən burada yazımı yekunlaşdırmaq istəyirəm.

Teatrlarımızın hər birində tanınan, sənət yolu, yaradıcılığı ilə seçilən, şöhrətli, ölkənin ən ali mükafatlarına layiq görülən, hər zaman hörmət etdiyim onlarla aktyorumuz var. Onların hər birinə sevgi dolu salamlarımı göndərirəm. Amma onlar mənim dediklərimdən inciməsinlər gərək. Sadaladığım işgüzarlığı, sənət fədakarlığı ilə hər kəsdən fərqlənən və çoxlarına nümunə ola bilən, bu qədər uğurlara imza ataraq, getdiyi ən müxtəlif ölkələrdə Azərbaycan mədəniyyətini, incəsənətini yaxından tanıdan, böyük qürurla təbliğ və təşviq edən Şövqi Hüseynovdan varmı? Göstərin...

Əliqismət LALAYEV
Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi













Mədəniyyət