Astanada böyük azərbaycanlı Sürəyya Ağaoğlunun 120 illiyi qeyd olunub

post-img

Astanadakı Türk Akademiyası Qumilyov adına Avrasiya Milli Universiteti (AMU) ilə birgə “Sürəyya Ağaoğlu-Türk dünyasının ilk qadın hüquqşünası” adlı beynəlxalq seminar keçirib. 

Türk Akademiyasının vitse-prezidenti Asxad Kesikbayev Sürəyya Ağaoğlunun yazıçı və hüquqşünas kimi həyatı, yaradıcılığı və fəaliyyəti haqqında məlumat verib. 

Azərbaycanın Qazaxıstandakı səfiri Ağalar Atamoğlanov Sürəyya Ağaoğ- lunun yüksək professionallıq və qətiyyət, əyilməz iradə və prinsipiallıq nümunəsi olduğunu bildirib. Səfir qeyd edib ki, Sürəyya Ağaoğlu 1903-cu ildə Şuşa şəhərində tanınmış dövlət xadimi, filosof və publisist Əhmədbəy Ağaoğlunun ailəsində anadan olub.1910-cu ildə ailəsi ilə birlikdə Türkiyəyə köçüb, burada şəxsiyyət kimi formalaşıb, öz həyatını qanunun aliliyinə, xüsusən də qadın hüquqlarına və azadlıqlarına həsr edib. 

Bakıdakı “Əhməd Ağaoğlu tədqiqat mərkəzi” ictimai təşkilatının rəhbəri Nigar Axundova Sürəyya Ağaoğlunun Türk dünyası qarşısındakı xidmətlərindən, Azərbaycanla Türkiyə arasında qardaşlıq əlaqələrinin möhkəmlənməsi sahəsinə verdiyi töhfədən danışıb. 

Sonra Türkiyənin Qazaxıstandakı səfiri Ömər İnan, AMU-nin prorektoru Lazat Nurkatova, professor Jamaladin İbrahimov, Astana Beynəlxalq Universitetinin müəllimi Tokjan Sadıqov Sürəyya Ağaoğlunu yazıçı, hüquqşünas, qadın hüquqlarının müdafiəçisi kimi xarakterizə ediblər. 

Sonda Sürəyya Ağaoğlunun həyat yolu, yazıçı kimi yaradıcılığı və fəaliyyətindən bəhs edən sənədli film göstərilib. 

Qulu Kəngərli

XQ-nin xüsusi müxbiri

Astana       







Mədəniyyət