Nazım Hikmət...Ali Kafqasiyalının təqdimatında

post-img

Görkəmli tədqiqatçı-alim, Türkiyənin Ərzincan Universitetinin professoru Ali Kafqasiyalının “Böyük türk şairi Nazim Hikmət və Türk Dünyası” kitabı çapdan çıxıb. Dövrünün böyük pоеziya nümunələrini yaradan Nazim Hikmətin həyat və yaradıcılığına həsr olunan 630 səhifəlik yeni kitab “Nobel  yayıncılık” nəşriyyatı tərəfindən nəşr edilib.  

Əsərdə böyük türk  şairi  təkrarsız pоеtik şəхsiyyət, ictimai хadim, mütəfəkkir kimi təqdim edilir. Yaradıcılığı ilə  müasir türk ədəbiyyatına güclü təsir göstərmiş  Nazim Hikmət Türk poeziyasına sərbəst şer vəznini gətirmiş, əsərləri dünya xalqlarının dilinə tərcümə olunmuş, pyesləri bir sıra ölkələrdə tamaşaya qoyulmuşdur.

 Nazim Hikmət Azərbaycan xalqının və ədəbiyyatının da yaxın dostu idi. Dəfələrlə Bakıda olmuş, Azərbaycan şair və yazıçılarının bir çoxu ilə yaxından dostluq etmiş, onlarla yaradıcılıq əlaqəsi saxlamışdır. Azərbaycana həsr olunmuş şeirləri, Azərbaycan mədəniyyətinə dair məqalə və xatirələri vardır. Məşhur ədəbiyyatşünas Əli Sultanlı şairi "Türk şeirinin Prometeyi" adlandırmışdır.  Tanınmış Türk ədibi və jurnalisti Zəkəriyyə Sertelin "Mavi gözlü dev" adlandırdığı şairi "Nazim Hikmətov", "Kommunist Don Kixot" adlandıranlar da olubdur. 

Şeirləri qadağan edilən və həyatı boyunca yazdıqlarına görə 28 il həbs cəzası almış Nazim Hikmət İstanbul, Ankara, Çankırı və 12 il Bursa həbsxanalarında həbsdə qalıb. Dünyanın 50-yə qədər dilinə tərcümə  olunan Hikmət poeziyası Türkiyədə qadağan edilib, baxışlarına görə Türkiyə vətəndaşlığından məhrum edilib, amma  ölümündən 46 il sonra Türkiyə dövlətinin qərarı ilə 5 yanvar 2009-cu il tarixli qərarı ilə bəraət alıb. 1951-ci ildən  SSRİ-də yaşayan Nazim Hikmət 1963-cü il  iyunun 3-də  Moskva şəhərində ürək tutmasından vəfat etmiş və “Novo Deviçye” qəbiristanlığında dəfn olunmuşdur.

İndi XXI əsrdir, 2023-cu ili yola salmaqdayıq. Unudulan və yaddan çıxan çox şeylər var. Çoxsaylı əsərləri və elmi tədqiqatları ilə Azərbaycan oxucularının da diqqətində olan Ali Kafkasiyalı böyük şairi “Böyük türk şairi Nazim Hikmət və Türk Dünyası” kitabı  ilə yenidən gündəmə gətirdi. Qeyd edək ki, “Bu əsər  ideyaları, əsərləri, xidmətləri və bütün yaradıcılığı ilə özünü həsr etdiyi böyük türk xalqının əsərinə çevrilən Nazım Hikmət haqqındadır” deyə professor  Savaş Kafkasiyalının ön sözü ilə təqdim olunan əsər Ali Kafkasiyalının“Səməd Vürğun: bir milli şairə dair” kitabından sonra bu il nəşr edilən ikinci kitabıdır.

XQ 

 

 

Mədəniyyət