Daha 7 güləşçimiz mübarizəyə başlayıb

post-img

Bakıda hərbçilər arasında güləş üzrə 36-cı dünya çempionatında Azərbaycan millisinin daha 7 üzvü mübarizəyə qoşulub. 

 “Sərhədçi” İdman Mərkəzində keçirilən mundialın üçüncü günündə yunan-Roma güləşçiləri Fərid Sadıxlı (55 kq), Ziya Babaşov (63 kq), Ülvi Qənizadə (72 kq), Azad Əliyev (82 kq) və Murad Əhmədiyev (97 kq), qadınların yarışında isə Jalə Əliyeva (57 kq) və Birgül Soltanova (62 kq) medallar uğrunda mübarizə aparırlar. 

Qeyd edək ki, sərbəst güləş və qadın yığmalarımız mundialın ilk 2 günündə 6 qızıl, 2 gümüş və 3 bürünc medal qazanıblar. Qızıl medalları komandamızın aktivinə Əli Rəhimzadə (65 kq), Hacı Əliyev (70 kq), Turan Bayramov (74 kq) və İbrahim Yusubov (92 kq), Orxan Abbasov (79 kq) və Ruzanna Məmmədova (59 kq) yazdırıblar. Ceyhun Allahverdiyev (61 kq),  Elnurə Məmmədova (50 kq) gümüş, Gültəkin Şirinova (53 kq), Nərgiz Səmədova (55 kq) və Fərid Cabbarov (86 kq) bürünc medala sahib olublar. Bununla da, komandamızın mundialda qazandığı medalların sayı 11-ə çatıb.

Yarış dekabrın 3-dək davam edəcək.

İdman