Qazaxda Xalq şairi Səməd Vurğuna həsr olunmuş kitabın təqdimatı olub

post-img

Bakı Dövlət Universitetinin Qazax filialında Ərzincan Binəli Yıldırım Universitetinin Türk dili və ədəbiyyatı kafedrasının professoru Ali Kafkasyalının müəllifi olduğu  “Səməd Vurğun Milli şairə dair” kitabının təqdimat mərasimi keçirilib.

Tədbirin aparıcısı, AMEA-nın Folklor İnstitutunun aparıcı elmi işçisi İlhamə Qəsəbova Xalq şairi Səməd Vurğuna həsr olunmuş kitab və müəllif haqqında  ətraflı məlumat verib, Azərbaycan və türk dillərində nəşr edilmiş kitabda Səməd Vurğun yaradıcılığının dərindən araşdırıldığını, şair haqqında dəyərli düşüncələrin qələmə alındığını qeyd edib.  

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, Bakı Dövlət Universitetinin Qazax filialının direktoru Arif Rüstəmov, Türkiyənin Atatürk Universitetinin əməkdaşı Hamza Kolukısa, Azərbaycan Yazıçılar Birliyi (AYB) Qazax zona filialının sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal, BDU-nun Qazax filialının kafedra müdiri, professor Hüseyn Xəlilov, AYB Qazax zona filialının ədəbi-məsləhətçisi, Prezident mükafatçısı Mustafa Rasimoğlu  çıxış edərək müəllifi kitabının təqdimatı münasibətilə təbrik edib, “Səməd Vurğun Milli şairə dair” adlı kitab haqqında fikirlərini bölüşüblər.

Ali Kafkasyalını 70 illik yubileyi və kitabının təqdimatı münasibətilə təbrik edən Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov müəllifin ünvanına səmimi ürək sözlərini çatdırıb.  Xalq şairi Səməd Vurğun yaradıcılığına verdiyi dəyərə, qiymətə görə ziyalılar adından minnətdarlığını bildirib, kitabın qazaxlıların qəlbində əbədi yaşayacağını qeyd edib və  Ali Kafkasyalıya xalça üzərində toxunulmuş şəklini hədiyyə edib.

Sonda Ərzincan Binəli Yıldırım Universitetinin Türk dili və ədəbiyyatı kafedrasının professoru Ali Kafkasyalı çıxış edərək ünvanına səslənən dəyərli fikirlərə, ona olan səmimi münasibətə, qonaqpərvərliyə, kitabının yüksək səviyyədə təqdimat mərasiminin keçirilməsinə görə rayon rəhbərliyinə, çıxışçılara, əməyi olan insanlara minnətdarlığını bildirib.

XQ







Mədəniyyət