Qazaxda 'Sazlı Sözlü Kəlağayı Günləri'' keçirilib

post-img

Azərbaycan Respublikası  Mədəniyyət Nazirliyinin dəstəyi, Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi və Mirvarid Dilbazi Poeziya Məclisinin birgə təşkilatçılığı ilə Qazax rayon Mədəniyyət Mərkəzində ''Sazlı Sözlü Kəlağayı Günləri'' adlı tədbir keçirilib. Tədbirdə  sazlı-sözlü konsert, ''Anam kəlağayılı bir muğamıydı...'' kitabının təqdimatı və Kəlağayı ev muzeyinə aid qədim kəlağayılardan ibarət sərgi tamaşaçılara təqdim edilib. 

Tədbiri giriş sözü ilə Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin sədri, Kəlağayı Ev Muzeyinin direktoru Güllü Eldar Tomarlı açaraq tədbir iştirakçılarını salamlayıb, vətənimizin azadlığı,ərazi  bütövlüyü, suverinliyi uğrunda şirin canlarından keçən Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın Dövlət Himni səsləndirilib.

Güllü Eldar Tomarlı tədbirin mahiyyətindən danışıb. Bildirib ki, kəlağayımızın əvvəlki şan-şöhrətini özünə qaytarmaqla yanaşı yeniyetmə və gənclər arasında onun populyarlığını daha da artırmaq olduqca vacibdir. Şair publisist Güllü Eldar Tomarlı vurğulayıb ki,  ''Sazlı-sözlü Kəlağayı Günləri'' çərçivəsindəki tədbirlər noyabrın 1-də Naxçıvandan başlayaraq  bu gün Qazaxda  davam edir və yekun olaraq noyabrın 26-da Beynəlxalq Muğam Mərkəzində 26 Noyabr-Azərbaycan Kəlağayısı günü münasibəti ilə kəlağayı bayramı keçiriləcəkdir. Kəlağayımız 2014-cü ildə ölkəmizin birinci Vitse prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə UNESKO-nun Qeyri -Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilmiş, dünya birliyi tərəfindən tanıdılmış və təqdim olunmuşdur. Kəlağayı bayramı - Naxçıvan, Tovuz, Gəncə, Naftalan, Sumqayıt, Şamaxı, İsmayıllı, Şəki, Qazax və Bakıda Azərbaycan Mədəniyyət Nazirliyinin aidiyyatı üzrə regional qurumlarının, İcra Hakimiyyətlərinin dəstəyi ilə qeyd olunur.

Sonra söz  AYB -nin Qazax Zona filialının  sədri, Əməkdar İncəsənət  Xadimi, şair Barat Vüsala  verilib. O, kəlağayının bayram kimi qeyd edilməsinin  tarixi bir hadisə olduğunu vurğulayıb və kəlağayıya aid yazdığı şeiri söyləyib.

Azərbaycan Yazıçılar Birliyinin üzvləri- Cavanşir Rüstəm, Tamella  Poladlı , Qaymaqlı Kənd Folklor evininin müdiri, şair Kazım Kazımlı, Qazax rayon Mədəniyyət Mərkəzininin ''Buta'' rəqs qrupu, Qazax rayon Mədəniyyət Mərkəzinin əməkdaşı, aşıq Lütfiyyə Musayeva, Qazax rayon Mədəniyyət  Mərkəzinin  ''Zurnaçılar'' ansamblı, Uşaq Musiqi məktəblərinin şagirdləri Məhəmməd Budaqov, Samir Mehdizadə, Kəmərli kənd orta məktəbinin şagirdləri Nərmin Alıyeva, Şəfəq Ləzgiyeva söylədikləri şeirləri, musiqi nömrələri ilə iştirakçılara xoş ovqat bəxş ediblər. Mirvarid Dilbazi Poeziya Məclisinin üzvləri, şairlər- Brilyant Atəş, Tamam Yaralı, Güləndam Dağlarqızı  kəlağayı haqqında maraqlı xatirələrini, düşüncələrini söyləyiblər.

Sonda Mirvarid Dilbazi Poeziya Məclisinin sədri, Kəlağayı Muzeyinin direktoru Güllü Eldar Tomarlı bu möhtəşəm Sazlı Sözlü Kəlağayı Günlərininin Azərbaycanın hər bir bölgəsində gözəl qarşılandığına, təşkilatçılığına görə Azərbaycan və Naxçıvan Muxtar Respublikasının Mədəniyyət  Nazirliyinə, şəhərlərin, rayonların İcra hakimiyyətlərinə, Regional Mədəniyyət İdarələrinə, Bakı şəhər Mədəniyyət Baş İdarəsinə, Qazaxdakı bu günkü möhtəşəm qarşılanma və təşkilatçılıq üçün isə  Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin  əməkdaşı Aygün Məmmədovaya, Qazax Mədəniyyət Mərkəzinin direktoru Zahidə Həsənovaya,   Qazax rayon Mədəniyyət Mərkəzinin metodisti Zülfiyyə Mürsəlovaya təşəkkürünü bildirib.

Sonda xatirə şəkilləri çəkilib.













Mədəniyyət