Ölkəmiz XIV İstanbul Beynəlxalq Ədəbiyyat və Şeir Festivalında təmsil olunur

post-img

Azərbaycan Yazıçılar Birliyinin (AYB) Gənclər Şurasının sədri, şair Fərid Hüseyn Türkiyədə keçirilən XIV Beynəlxalq İstanbul Ədəbiyyat və Şeir Festivalında iştirak edir.

AYB-dən bildirilib ki, Türkiyə Mədəniyyət və Turizm Nazirliyin və Beykoz Bələdiyyəsinin dəstəyi ilə təşkil edilən festivalın açılışı Rami Kitabxanasında keçirilib.

Açılış mərasimində festivalın rəhbəri Adnan Özər, Türkiyə Mədəniyyət vəTurizm Nazirliyinin Müəllif hüquqları şöbəsinin müdiri və Türkiyə Cümhuriyyətinin UNESCO üzrə təmsilçisi Ziya Daşkənd çıxış ediblər. Natiqlər beynəlxalq poeziya tədbirinin tarixindən, əhəmiyyətindən və dünya ədəbiyyatındakı önəmindən danışıblar.

Sonra şairlər poeziya haqqında məlumat verib, eyni zamanda, şeirlərini səsləndiriblər.

F.Hüseyn Azərbaycan ədəbiyyatı, müasir poeziya barədə çıxış edib və sonda “Başqa cür olmur” adlı şeirini səsləndirib.

F.Hüseyn noyabrın 23-də Türkiyənin Mədəniyyət Universitetinin kitabxanasında “Türk dünyasının modern poeziyası” mövzusunda məruzə edəcək. Bundan başqa, gənc şair festival günlərində təşkil edilən müxtəlif poeziya axşamlarında şeirlərini oxuyacaq.

Festival noyabrın 26-dək davam edəcək.

Qeyd edək ki, 2021-ci ildə Beynəlxalq İstanbul Şeir və Ədəbiyyat Festivalı çərçivəsində Fərid Hüseynin “Yaddaş ilanı” adlı şeirlər kitabı “Vapur” nəşriyyatı tərəfindən yüksək tirajla çap edilib. Türkiyə, Serbiya, Moldova, Gürcüstan, Tatarıstan (Rusiya) və İraqda keçirilən poeziya festivallarında, habelə İngiltərə, Misir, Polşa, Macarıstan, Monteneqro, Rusiya və başqa ölkələrdə keçirilən beynəlxalq kitab sərgi-yarmarkalarında Azərbaycan mədəniyyətini uğurla təmsil edən gənc şairin kitabları Amerika, Moldova, Serbiya, Özbəkistan və Türkiyədə nüfuzlu nəşriyyatlar tərəfindən yayımlanıb.

Mədəniyyət