Sumqayıtda kitab təqdimatları

post-img

Noyabrın  20-də S.Vurğun adına Mərkəzi  Kitabxanada Azərbaycan Yazıçılar Birliyinin Sumqayıt bölməsi və S.Vurğun adına Mərkəzi  Kitabxananın  birgə təşkilatçılığı ilə filologiya elmləri doktoru, professor, ictimai xadim, tarixi romanlar müəllifi  Əzizə  Cəfərzadənin "Təzkireyi- Əzizə, ustad xanəndə, qəzəlxan Ağakərim Nafiz Şirvaninin "Təzkireyi - Nafiz", filologiya üzrə fəlsəfə doktoru, şair, yazıçı, araşdırmaçı Gülhüseyn Kazımlının "Salam, Məşədi" kitablarının təqdimat mərasimi keçirildi.

Öncə Azərbaycan torpaqlarının bütövlüyü uğrunda  canlarından keçən Vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Mərkəzləşdirilmiş Kitabxanalar Sisteminin direktor əvəzi Natəvan Axundzadə tədbir iştirakçılarını salamladı və qonaqları təqdim etdi.
AYB Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin hər üç müəllif və təqdim olunan kitablar haqqında oxuculara geniş məlumat verdi.
Sonra texniki elmlər doktoru, kitabların texniki redaktoru Turan İbrahimov,  filologiya üzrə fəlsəfə doktoru, şair, yazıçı, araşdırmaçı Gülhüseyn Kazımlı, ustad xanəndə, qəzəlxan Ağakərim Nafiz Şirvani, şair,yazıçı, esseist, tərcüməçi Kənan Hacı, yazıçı, şair, tədqiqatçı, Buzovna məscidinin axundu  Hacı Soltan Əlizadə, yazıçı, Əməkdar jurnalist Eyruz Məmmədov çıxış edərək klassik Azərbaycan ədəbiyyatından, onun məziyyətlərindən söz açaraq, belə tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışdılar.

Respublikanın əməkdar artisti ,şair Nazir Rüstəmin böyük Azərbaycan şairi Məhəmməd Füzuli yaradıcılığından səsləndirdirdiyi   "Məndə Məcnundan füzun aşiqlik istedadı var" qəzəli,kitabda şeirləri çap olunan müəlliflər- Lilpar Cəmşidqızı, Elşad Xaqan Davudoğlu və Böyükağa Müntəzirin oxuduğu qəzəllər məclisə başqa bir ovqat bəxş etdi.

Sonda Mərkəzləşdirilmiş Kitabxanalar Sisteminin direktor əvəzi Natəvan Axundzadə qonaqlara və tədbir iştirakçılarına təşəkkürünü bildirdi.





Mədəniyyət