Azərbaycan türk fəlsəfi və ictimai fikir tarixi haqqında yeni kitab

post-img

AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi Faiq Ələkbərlinin “Azərbaycan Türk fəlsəfi və ictimai fikir tarixi (XIX-XX əsrlər)” adlı kitabının 2-ci cildinin birinci kitabı işıq üzü görüb. “Elm və təhsil” nəşriyyatının nəşri olan kitab  tamamlanmış və əlavələrlə yenidən işlənmiş şəkildə təqdim olunur. 

Kitab XX əsr Quzey Azərbaycan Türk fəlsəfi fikrinin inkişaf yollarından və bu fəlsəfi fikrin tanınmış Azərbaycan Türk mütəfəkkirlərinin yaradıçılığından bəhs olunur. Müəllif burada Quzey Azərbaycan Türk fəlsəfi və ictimai fikir tarixinin inkişaf yollarını üç istiqamətdə təhlil etmişdir: 1) Milli-demokratik və siyasi-fəlsəfi ideya cərəyanları: türkçülük/azərbaycançılıq, çağdaşlıq və islamçılıq; 2) Marksizm-leninizm ideologiyası: milli təmayülçülük və beynəlmiləlçilik; 3) Milli maarifçilik fəlsəfəsi: realizm və romantizm. 

Kitabın ikinci cildinin I kitabında milli-demokratik və siyasi-fəlsəfi ideya cərəyanları: türkçülük-azərbaycançılıq, çağdaşlıq və islamçılığın nümayəndələrindən (Ə.Hüseynzadə, Ə.Ağaoğlu, M.Ə.Rəsulzadə, Ə.Topçubaşı, Ə.Müznib, F.b.Köçərli,M.B.Məhəmmədzadə, Ü.Hacıbəyli, N.Yusifbəyli,A.İldırım və b.) bəhs olunmuşdur.

Kitab Fəlsəfə və Sosiologiya İnstitutunun Elmi Şurasının qərarı ilə çap olunmuş, elmi redaktorları fəlsəfə elmləri doktoru, professor Rafail Əhmədli və fəlsəfə üzrə fəlsəfə doktoru, dosent  Zeynəddin Şabanovdur. Əsərin çapına  professorlar Sakit Hüseynov və Əlikram Tağıyev, qabaqcıl maarif xadimi, dosent Müstəqil Ağayev rəy vermişlər.  

XQ

Mədəniyyət